"Fövqəladə Hallar Nazirliyi tərəfindən psixoloji problemlər yaşayan qazilərimizə, eyni zamanda doğmalarını itirmiş şəhid ailəsi üzvlərinə psixoloji yardım davam etdiriləcək".
Newscenter.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) şöbə rəisi Xanım Sofiyeva mətbuat konfransında deyib.
O bildirilib ki, bu qəbildən olan insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə 2021-ci ildə FHN-in dəvəti ilə Türkiyədən Azərbaycana gəlmiş peşəkar psixoterapevtlər və nazirliyin psixoloqlarının birgə iştirakı ilə ödənişsiz olaraq psixoloji yardım işi həyata keçirilib.
X.Sofiyeva söyləyib ki, bunun davamı olaraq, sentyabrın 5-dən etibarən FHN-in dəvəti ilə Türkiyədən yenidən 20 nəfərdən artıq peşəkar psixoloq ölkəmizdə olacaq.
O vurğulayıb ki, Türkiyəli mütəxəssislər FHN-in psixoloqları ilə birlikdə Bakı, Gəncə, Bərdə, Qəbələ və Lənkəran şəhərlərində psixoloji yardıma ehtiyacı olan insanların effektiv reabilitasiyasını həyata keçirəcəklər.
Şöbə rəisi nəzərə çatdırıb ki, Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan vətəndaşlarımız ödənişsiz həyata keçirilən psixoterapevtik yardım üçün nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.