Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlıq əlaqələri genişlənir

Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlıq əlaqələri genişlənir


Bu gün Azərbaycanla Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlıq yüksək səviyyədə davam edir. Cənab Prezident İlham Əliyevin xarici siyasətində Azərbaycan-Qazaxıstan münasibətləri həm türk dövlətlərinin münasibətləri çərçivəsində, həm də ikitərəfli formatda inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilib. Azərbaycanla Qazaxıstan son 30 il ərzində siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə böyük inkişaf yolu keçib, mühüm nəticələr əldə edib. Qeyd edən ki, bu münasibətlərin qurulmasında və dərinləşməsində Ulu öndər Heydər Əliyev və Qazaxıstanın xalqının lideri Nursultan Nazarbayevin müstəsna xidmətlıri olub. Həmin istiqamətdə Ulu Öndərin siyasi kursu bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və iki ölkə arasında münasibətlər getdikcə daha da dərinləşir.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri , həmçinin imzalanan sənədlər və keçirilən görüşlər dostluq və qardaşlığımızın növbəti təzahürüdür. Səfər zamanı Qazaxıstan Prezidentinin Azərbaycanın dövlət başçısı İlham Əliyevə Qazaxıstanın “Altın kıran” – “Qızıl Qartal” ali ordenini təqdim etməsi hər iki ölkə arasında əməkdaşlığa və dostluğa verilən dəyərdir. Eyni zamanda, səfər çərçivəsində imzalanan sənədlər əməkdaşlığımızı da daha da dərinləşdirəcək. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, demək olar ki, bütün sahələr imzalanan sənədlərdə əhatə olunur. Bu sənədlər içərisində Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə xüsusi əhəmiyyətə malikdir. Bu Bəyannamə hər iki ölkə arasında münasibətləri yeni müstəviyə çıxarır.

İki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığa da xüsüsi önəm verilməkdədir. Nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var. Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Hər iki ölkənin marağı bu tranzit xəttin imkanlarından səmərəli şəkildə faydalanmaqdır. Artıq Çin-Avropa istiqamətində region üzərindən yükdaşımaların artması görülən işlərin effektivliyinin nümunəsidir.

Qeyd edim ki, Vətən müharibəsi dövründə Qazaxıstan haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Azərbaycanın öz əzəli torpaqlarını işğaldan azad etdikdən sonra başlanan bərpa-quruculuq işlərində də Qazaxıstanın iştirakı dostluğumuzun bariz təzahürüdür. Səfər çərçivəsində Qazaxıstanın “Bi-Group” Holdinqi tərəfindən Füzuli şəhərində tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaş münasibətin göstəricisi, humanitar əməkdaşlığın bir işarəsidir.

Beləliklə, Qazaxıstan Prezidentinin ölkəmizə rəsmi səfəri bir daha sübut etdi ki, əlaqələrimizin bütün sahələrdə inkişafı üçün geniş perspektivlər mövcuddur və bundan sonra da iki ölkə arasında münasibətlərin inkişafı üçün bütün addımlar atılacaq.

Rəşadət Xalıqov
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini
Xəbəri paylaş