Bu günlərdə Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə və şəhərsalma potensialından istifadə və ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans keçirilib. Tədbirdə xarici ölkələrin ölkəmizdəki diplomatları və hərbi attaşelər, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Onlar Azərbaycanın azad edilmiş ərazilərində Ermənistanın törətdiyi vandallıq və vəhşiliklərlə, eyni zamanda, ölkəmizin apardığı tikinti-bərpa işləri ilə tanış olublar. Diplomatlar həm də Şuşanın görməli yerlərinə baş çəkiblər. Təəssüf ki, tədbirə yalnız ABŞ və Fransanın ölkəmizdəki səfirliklərinin əməkdaşları qatılmayıblar.
Çıxış edənlər ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cənubi Qafqazın ən mühüm şəhərlərindən birinə çevrildiyini, hazırda azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən bərpa və yenidənqurma layihələrinin sürətlə həyata keçirildiyini bildirblər. Bununla yanaşı, 30 illik işğal dövründə kəndlərin və şəhərlərin ermənilər tərəfindən xarabalığa çevrildiyi, binaların dağıdıldığı, hazırda isə bölgəyə yenidən həyatın qayıtdığı bəyan edilib.
Tədbirdə ermənilər tərəfindən basdırılmış minaların regionda bərpa işlərinin davam etdirilməsinə maneə yaratmasının qeyd edilməsi xüsusilə böyük əhəmiyyət kəsb edir. Çünki bu gün dünyada heç kəsə sirr deyil ki, Azərbaycan dünyanın minalarla ən çox çirkləndirilmiş ölkərindən biridir.
Bu tədbir həm də ona görə əhəmiyyətlidir ki, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi beynəlxalq ictimaiyyətə çatdırılıb, bəyan edilib ki, bu kəndlərdə heç zaman ermənilər yaşamayıb.
Xarici diplomatların diqqətinə o da çatdırılıb ki, Azərbaycan regionda daimi sülhün, firavanlığın bərqərar olmasına çalışır, Ermənistanın da regional əməkdaşlığın bir hissəsi olmasını istəyir. İki ölkə arasında danışıqlar əsasən sərhədlərin delimitasiyası, humanitar məsələlər, nəqliyyat-kommunikasiya əlaqələriin bərpası və sülh sazişinin hazırlanması istiqamətlərində gedir. Azərbaycanın ədalətli mövqeyi xarici diplomatlar tərəfindən də dəstəklənib.
İqbal MƏMMƏDOV,
Milli Məclisin deputatı