Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Böyük tarixi şəxsiyyət müasir Azərbaycanın dövlətçilik memarı oldu

Böyük tarixi şəxsiyyət müasir Azərbaycanın dövlətçilik memarı oldu


Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycan naminə, azərbaycançılıq naminə SSRİ rəhbərliyinin 1990-cı ilin 29 yanvar gecəsi Bakıda törətdiyi qırğına etiraz edərək Sov.İKP üzvlüyündən də imtina etdi. Bu, həmin dövr üçün böyük cəsarət tələb edirdi.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycana qayıtdı, yaşamaq üçün Naxçıvanı seçdi.

Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyasında deputatların təklifi, istəyi və təkidi nəticəsində Ulu Öndər Heydər Əliyev iclasın sədri seçildi. Bu sessiya tarixi sessiya olacaqdı, Azərbaycanın gələcəyi həm də bu sessiyanın nəticələrindən asılı olacaqdı. Odur ki, sessiyanın gündəliyi bu baxımdan dəyərləndirildi. Sessiyada gündəliyə çıxarılan məsələlər, müzakirələrdən sonra qəbul edilən tarixi qərarlar Azərbaycanın müstəqilliyini, suverenliyini şərtləndirirdi.

Fenomen şəxsiyyət olan Heydər Əliyev Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və bu bölgədə daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq sessiyanın gündəliyinə çıxarmışdı.

Daha sonra tarixi şəraitin tələbi kimi 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyası keçirildi. Deputatların və iclas zalının qarşısına toplaşan minlərlə vətəndaşın təkidi ilə Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri seçilməsi, Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan siyasi xadimin ölkənin ictimai-siyasi həyatında bilavasitə iştirakı demək idi. Hər iki seçki Azərbaycanın inkişafını təmin edəcəkdi, dünya dövlətləri sırasında nüfuzunu möhkəmləndirəcəkdi.

Ermənistanın apardığı elan edilməyən müharibə Azərbaycanda, o cümlədən Naxçıvanda ciddi çətinliklər yaratmışdı. Sənaye müəssisələrinin əvvəlki templə işləməməsi ölkədə iqtisadiyyatın nizamını pozmuşdu. Sənaye məhsulları çatışmırdı, elektrik enerjisi ölkənin tələbatını təmin etmirdi, sosial-iqtisadi durum kəskin şəkildə pisləşmişdi. Bunlar iqtisadi sahədəki vəziyyət idi.

Dövlətçilik baxımından gərəkli tədbirlərin görülməsi bu vəziyyətə dözümlüyü artırırdı. Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında" qanun qəbul etdi, bu bayraq illərdən sonra, sabiq SSRİ-nin ideoloji sıxıntısından xilas edilərək yenidən dövlət bayrağı oldu. Sonralar Ümummilli Lider demişdi: "Mən belə fikirdəyəm ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Bakıda 1991-ci il fevralın 5-də dalğalandı..."

Böyük tarixi şəxsiyyət Heydər Əliyev azərbaycançılığı dövlət siyasəti səviyyəsinə yüksəltməyə nail oldu və bu yüksəliş Azərbaycanın dünya dövlətləri tərəfindən tanınmasında, dünyanın əksər böyük dövlətlərinin Azərbaycanla ikitərəfli, çoxtərəfli müqavilələr imzalamasında olduqca gərəkli zəmanət oldu. Ulu Öndər hələ Naxçıvan Ali Məclisinin Sədri olanda azərbaycançılığın dövlətin mənəvi söykənəcəyi olması haqqında müqayisəyəgəlməz təşəbbüslər irəli sürmüş, onları böyük sevgilərlə gerçəkləşdirmişdi. Ümummilli Lider dünya azərbaycanlılarının mənəvi birliyini yaratmaq, bu birliyi siyasi və mənəvi gücə çevirmək istəyini də gerçəkləşdirdi, dünya azərbaycanlılarını Vətənə və xalqa xidmət uğrunda birləşməyə çağırdı. Bu çağırış bəşəri çağırış oldu. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən "31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında" qərar qəbul edildi. Bu qərar bütün azərbaycanlıların bir ideya ətrafında birliyinin təşkilatlanması demək idi.

Ulu Öndərin Naxçıvan Ali Məclisinin Sədri seçilməsi gənc Azərbaycan dövlətinin gələcəyinin qarantı oldu. Böyük tarixi şəxsiyyət müasir Azərbaycanın dövlətçilik memarı oldu, Azərbaycanı labüd dövlət çevrilişindən xilas etdi. Azərbaycan Ulu Öndərin böyük, dönməz xarici siyasəti nəticəsində dünya dövlətləri tərəfindən etimadla əhatələndi. Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu böyük sədaqətlə davam etdirir.

Səbinə Xasayeva-Milli Məclisin deputatı
Xəbəri paylaş