Son 30-35 ildə Azərbaycan xalqının taleyində və tarixində bir sıra mühüm hadisələr baş verib. O hadisələrdən biri də ümummili lider Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin sədri seçildiyi tarixdir. Bu hadisə müasir siyasi tariximizdə çox önəmli yer tutur və tariximizə qızıl hərflərlə yazılıb. Çünki Heydər Əliyevin ölkəmizin ağır vəziyyətində üzərinə götürdüyü xilaskarlıq missiyası məhz Naxçıvandan - muxtar respublikanın Ali Məclisinin sədri seçilməsindən başlayıb.
Ulu Öndər ilk növbədə Naxçıvanı, daha sonra isə Azərbaycanı dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. 1990-cı illlərin əvvəlində Naxçıvan faktiki olaraq tam blokada şəraitində çırpınırdı. Lakin 1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri postuna seçilməsindən sonra bu muxtar respublikanın ictimai-siyasi həyatında, sosial-iqtisadi durumunda müsbət dönüş yaranmağa başladı. Böyük idarəetmə təcrübəsinə malik olan və sıravi naxçıvanlıların dəstəyinə arxalanan Heydər Əliyev qısa müddət ərzində Naxçıvanda hökm sürən hərcmərcliyi və iqtisadi sıxıntıları aradan qaldırmağa nail oldu.
Ulu Öndər Naxçıvanı amansız məngənə kimi sıxan blokada şəraitinə də son qoydu. Belə ki, bilavasitə Heydər Əliyevin təşəbbüsü ilə həm qardaş Türkiyə ilə Naxçıvanı birləşdirən məşhur “Ümid körpüsü” tikilib istifadəyə verildi, həm qonşu İran ərazisindən Naxçıvana elektrik enerjisinin verilməsi təmin edildi, həm də işğalçı Ermənistanın Naxçıvan ərazilərini işğal etmək cəhdlərinin qarşısı tamamilə alındı. Məhz Heydər Əliyevin yorulmaz səyləri nəticəsində bütün bunlara nail olmaq mümkün oldu.
Sözün bütün mənalarında Naxçıvanın xilaskarına çevrilən Heydər Əliyev daha sonra isə (1993-cü ilin iyununda) AXC hakimiyyətinin dəvəti və Azərbaycan xalqının istəyi ilə Naxçıvandan Bakıya gələrək bütün ölkəmizin siyasi xaosdan, parçalanma təhlükəsindən, vətəndaş qarşıdurmasından xilas edilməsi istiqamətində gərgin fəaliyyətlərə başladı. Və beləliklə, o, öz adını müasir Azərbaycan tarixinə də əsl Xilaskar kimi yazdırmağı bacardı. Onun xilaskarlıq missiyası isə məhz 3 sentyabr 1991-ci il təqvimindən - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi kimi mühüm tarixi hadisədən başlayır. Biz bu gün bu tarixi hadisəni sonrakı taleyimizə yön verən ən önəmli hadisələrdən biri kimi yad edirik.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri