Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıtın icra başçısı şəhid ailələrini qəbul etmir?-ŞİKAYƏT

Sumqayıtın icra başçısı şəhid ailələrini qəbul etmir?-ŞİKAYƏT


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəfələrlə öz çıxışlarında şəhid ailələri, qazilər, ümumən müharibə iştirakçılarına diqqət və qayğı ilə yanaşılması, onların problemlərinə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının laqeyd qalmamasını tövsiyə etsə də, təəssüflər olsun ki, hələ də bu sahədə bir sıra problemlər qalmaqdadır və xüsusilə yerlərdə şəhid ailələri, qazilər diqqətisizlikdən gileylənirlər. Elə Sumqayıt şəhər sakini, şəhid Ruslan Seyidovun həyat yoldaşı Minarə Seyidova da məhz şəhid ailəsinə olan diqqətsizlikdən şikayətlənir.

Minarə Seyidova redaksiyamıza ünvanladığı müraciətdə bildirir ki, 29 ildir şəhid ailəsi olaraq laqeyd və etinasız münasibətlə qarşılaşır:

“Həyat yoldaşım şəhid olandan sonra ailənin bütün qayğı və ehtiyacları mənim üzərimə düşüb. İki övladımı tibb bacısı işləyərək min bir əziyyətlə boya -başa çatdırmışam. 29 il ərzində mən birdəfəlik 11 000 manat sığorta ödənişindən və şəhid ailəsinə verilən təqaüddən başqa qanunla şəhid ailələri üçün nəzərdə tutulmuş heç bir imtiyazdan və güzəştdən istifadə etməmişəm. Baxmayaraq ki, himayəmdə 2 uşaq olub, yaşayış şəraitim, maddi vəziyyətimin pis olduğuna görə məsul, vəzifəli şəxslərə, yerli bələdiyyəyə, Ombudsmana, deputat Qənirə Paşayevaya, Sumqayıtın 4 icra başçına, Təvəkkül Məmmədova, Vaqif Əliyevə, Eldar Əliyevə, indiki icra başçısı Zakir Fərəcova rəsmən müraciət etmişəm, prezidentə, vitse-prezidentə, aidiyyatı qurumlara yüzlərlə teleqram vurmuşam, şikayət ərizələri ilə müraciət etmişəm, lakin indiyəcən heç bir müsbət nəticə olmayıb, mənə köməklik edilməyib”.

Minarə Seyidovanın sözlərinə görə, 1993-cü ildən indiyəcən bir-iki hadisə, tədbirə dəvəti, bayramları, əlamətdar günləri istisna etməklə demək olar ki, heç bir rəsmi qurum şəhid ailəsinin qapısını döyməyib, ailə şəraiti, sosial durumu ilə maraqlanmayıblar:

“Halbuki dediyim kimi mən sosial durumumun yaxşılaşması üçün çoxlu sayda rəsmi qurumlara müraciətlər etmişəm, şikayət məktubu ünvanlamışam. Sanki heç belə bir şəhid ailəsi yoxdur. Bu cür laqeydlik mənə və övladlarıma ilk növbədə mənəvi olaraq pis təsir edir. Çünki mənim həyat yoldaşım torpaqlarımızın düşməndən azad olunması uğrunda canını qurban verib. Çoxlu sayda müraciət etsəm də, bizə fərdi yaşıyış yeri tikmək üçün nə torpaq sahəsi verilir, nə şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi haqda qüvvədə olan qanunvericiliyə müvafiq olaraq mənzillə təmin olunmuram, nə də övladlarım ixtisasına uyğun işlə təmin edilmir.
Qızım ali təhsilli, 3 diplomu ola-ola işsizdir, oğlum isə ailəsini dolandırmaq üçün Azərbaycandan kənarda, qonşu ölkədə işləmək məcburiyyətindədir. Halbuki mən qızımın və oğlumun dövlət müəsissələrində ixtisaslarına uyğun işlə təmin olunması üçün rəsmi qurumlara yüzlərlə müraciət etmişəm. Bu müraciətlərə cavab olaraq isə Sumqayıt İcra Hakimiyyətindən ofisant və ya satıcı kimi iş yerləri təklif olunub”.

Minarə Seyidova bildirir ki, əmək və əhalinin sosial müdafiəsi naziri müavininin qəbulunda olandan sonra ona yerli idarədən işə CV yazmağı məsləhət görüblər:

“Halbuki bunları biz nazirliksiz, icra hakimiyyətsiz, özümüz də edə bilərik. Şəhid ailəsi olaraq nəinki evlə təmin olmamışıq, bizi indiyəcən mənzil almaq üçün heç qeydiyyata da almayıblar, növbəyə belə götürməyiblər. Hələ üstəlik mənə deyilb ki, “sənə mənzil düşmür, sizin mənzil sahəniz artıqdır”. Halbuki cəmi 28 kvadrat metr sahəli evdə 4 nəfər qeydiyyatdadır və mənzil şəraitimizin yaxşılaşdırmasına ehtiyacımız var. Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzdindəki Mənzil təssərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri Sədaqət Əsədovaya dəfələrlə şəhid ailəsi olaraq evlə təmin olunmağımızla bağlı müraciət etmişəm, amma müsbət nəticə olmayıb. İndiyəcən məndən əlavə sənədlər istənilir”.

Şikayətçi deyir ki, şəhid ailəsi olsaq da həmişə rəsmi qurumların diqqətindən kənarda qalıb:

“2001 –ci ildə ailəmə köməklik edilməsini xahiş edərək Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Təvəkkül Məmmədovun qəbulunda olarkən mənə nəinki köməklik edildi, əksinə onun tərəfindən təhqir olundum. O mənə dedi ki, “ərini qoruya bilməmisən, məndən nə istəyirsən” . Bundan başqa, sonrakı icra başçısı Vaqif Əliyevin də qəbulunda olarkən o mənə dedi ki, ”bizim əlimizdə heç bir imkanımız yoxdur, imkanımız olan kimi nəzərə alacağıq”. O da icra başçısı vəzifəsindən gedənə kimi heç bir köməklik etmədi. 2011 –ci ildə icra başçısı Eldar Əzizovun qəbuluna dəfələrlə yazılsam da, onun qəbuluna düşə bilməmişəm. Hazırda icra başçısı olan Zakir Fərəvov isə ümumiyyətlə şəhid ailəsini özü qəbul etmir deyirlər. Yalnız müavini, yaxud kimsə başqa məmur qəbul edir. Amma icra hakimiyyətində şikayətimizi dinləsələr də, heç bir tədbir görülməyib, nəticə olmayıb. Yəni, şəhid ailəsinə bu cür etinasızlıq 30 ilə yaxındır davam edir”.

Məlumat üçün qeyd edək ki, şəhid Ruslan Seyidov 1993-cü ildə erməni işğalçılarının torpaqlarımıza təcavüzü zamanı vətənin dar günündə dözə bilməyib , könüllü olaraq vətənimizin müdafiəsinə qalxib, torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlərdə fəal iştirak edib. Tank komandiri olan Ruslan düşmənlə qəhrəmancasına vuruşub, ekipajı ilə birlikdə ermənilərin tutduğu mövqeləri darmadığın edib, düşmənə sarsıdıcı zərbələr endirib.

Torpaqlarımızın erməni işğalçılarından azad olunmasında göstərdiyi şəxsi igidliyə, şücaətinə və yüksək keyfiyyətlərə görə komandanlığı tərəfindən fəxri fərmanla təltif olunub, Ruslan Seyidova dəfələrlə təşəkkür elan olunub.
Ailənin tək övladı, Azərbaycan Neft və Kimya İnstitutunun məzunu olan Ruslan Seyidov 32 yaşında, 1993-cü il, 13 dekabrda döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ruslan Seyidov Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

Mehman
Xəbəri paylaş