Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Anlamaq lazımdır ki, Azərbaycan hüquqi dövlətdir

Anlamaq lazımdır ki, Azərbaycan hüquqi dövlətdir


Cinayət-prosessual qanunvericiliyə əsasən KİV məlumatları cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini güman etməyə əsas verdikdə öz səlahiyyətləri daxilində təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır.

Eyni zamanda Cinayət-prosessual Məcəllə ilə KİV-in məlumatları ictimai və ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət işinin başlanması üçün səbəb ola bilər. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini güman etməyə əsaslar olduqda isə öz səlahiyyətləri daxilində təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır. Prokurorluq da Əvəz Zeynallı və Elçin Sadıqov barədə cinayət təqibinə məhz KİV-də yayılan məlumatlar və daxil olmuş müraciət üzrə aparılmış araşdırma zamanı vəzifəli şəxsin külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyi üçün başlayıb. Yəni, proses heç bir halda siyasi mahiyyət daşımır, ortada konkret əməllər üzrə əsaslı şübhələr, eyni zamanda vətəndaş Rasim Məmmədovun ifadəsi var. Əvəz Zeynallı təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək bu ilin avqustunda Rasim Məmmədovun yaxınlarından 20 min manatı rüşvət qismində almaqda, Elçin Sadıqov isə vasitəçilik etməklə, ehtimal olunan əməlin törədilməsində köməkçi qismində iştirakçılıqda təqsirləndirilmiş və cinayət məsuliyyətinin və cinayət mühakimə icraatının prinsipləri rəhbər tutulmaqla onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Təbii ki, onların təqsirli olub-olmadıqlarına məhkəmə qərar verəcək.

Bütün bunların fonunda təəssüf ki, bəzi “ictimai-siyasi xadimlərin”, o cümlədən, media nümayəndələri və sosial şəbəkə istifadəçilərinin cinayət işi ilə bağlı rəsmi mənbələrlə dəqiqləşdirilməmiş pafoslu məlumatları yaymaq, məqsədli manipulyasiyalarla cəmiyyəti çaşdırmaq cəhdlərinin şahidi olmaqdayıq. Baxmayaraq ki, bu vətəndaşlar hansısa siyasi fəaliyyətə görə yox, konkret ictimai təhlükəli əməli törətməkdə ittiham edilir. Hər kəs birdəfəlik anlasın ki, Azərbaycan hakimiyyətinin Əvəz Zeynallı və Elçin Sadıqov adlı problemi yoxdur və ümumiyyətlə bu gün Azərbaycanda hamı kimi vəkillər də, jurnalistlər də əqidəsindən, siyasi partiyalara və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdir və hər kəs kimi onlar da yalnız törətdikləri ictimai təhlükəli əmələ və onun nəticələrinə görə təqsiri müəyyən olunduqda cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

İkincisi, bəzi populistlər tərəfindən ittihamın özlüyündə yanlış olduğu, jurnalistin vəzifəli şəxs olmadığı üçün passiv rüşvətxorluqda ittiham edilə bilməyəcəyinə dair iddialarla cəmiyyəti, xüsusən sosial şəbəkə istifadəçilərini çaşdırmaq meyllərinin şahidi olmaqdayıq. Başa düşmək lazımdır ki, Əvəz Zeynallı jurnalist olmaqla bərabər həm də kommersiya hüquqi şəxsi olan “Xural Yayınları” MMC-nin baş direktorudur. Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeyd hissəsində də açıq formada yazılıb ki, “kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri”, habelə, “kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər” vəzifəli şəxs sayılır. Bu arqument o demək deyil ki, biz Əvəz Zeynallının cəzalandırılmasını arzu edirik, xeyr, ümumiyyətlə, Azərbaycan dövləti heç bir vətəndaşının, xüsusən də bütün cəmiyyətlərdə ictimai-həssas təbəqə hesab olunan jurnalistlər və vəkillərin qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, hüquq və azadlıqlarının digər məhdudiyyətlərə məruz qalmasını birmənalı formada arzu etmir. Əksinə, Konstitusiya ilə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq hakimiyyətin bütün qollarının üzərinə öhdəlik kimi qoyulub, eyni zamanda vətəndaşın layiqli rifahı dövlət üçün ali məqsədlərdən biridir. Bu mənada, hər iki vətəndaşa münasibətdə həyata keçirilən prosessual tədbirlər onları cəzalandırmağa yox, KİV-də yayılan, eləcə də prokurorluğa daxil olmuş müraciətdə göstərilən əməllərinin cinayət olub-olmadığını, təqsirləndirilən şəxlərin isə təqsirli olub-olmadığını ortaya çıxarmağa yönəlib. İstintaqın nəticəsində ya cinayət hesab olunan əməli törətmiş şəxs ifşa edilərək məsuliyyətə cəlb ediləcək, ya da əgər şəxs təqsirsizdisə ona bəraət vermək məqsədi ilə ağlabatan müddətdə ədalət mühakiməsi həyata keçiriləcək. Yəni bütün bunlar birmənalı şəkildə sıradan hüquqi prosedurlardır və bu prosesi siyasiləşdirmək olmaz.

Hər iki vətəndaşın barəsində necə ki qanun əsasında cinayət təqibinə başlanıb, onların da qanun əsasında həm yerli, həm də beynəlxalq səviyyədə hüquqlarını müdafiə etmək üçün mexanizmlər var və təqsirləndirilən şəxslər də bunu gözəl bilir. Hər kəs də əmin olsun ki, hər iki vətəndaşın işinə qərəzsiz yanaşılaraq və mövqeləri tam şəkildə dinlənilməklə məhkəmə prosesində ağlabatan müddətdə, bərabərlik, qanunun aliliyi, humanizm və ədalət prinsipləri rəhbər tutulmaqla baxılacaq.

Hesab edirəm ki, ümumilikdə bu prosesə cəmiyyətimizin əsas bəlalarından biri olan reket jurnalistikası ilə mübarizə formatında yanaşmalıyıq. Heç şübhəsiz ki prosesi siyasiləşdirənlər, işi qəsdən başqa məcraya yönəltmək istəyi ilə xaotik davranışlar sərgiləyənlərin də bir qismi elə raketçilik mühitindən qidalananlar və bu mühitin davamlılığını arzu edənlərdır.

Amma, anlamaq lazımdır ki, Azərbaycan hüquqi dövlətdir və kifayət qədər sivil hüquqi yol və imkanları qoyub qaragüruhçu formada, ibtidai üsullarla istintaqın gedişatına təzyiq və müdaxilə cəhdlərə üz tutmağın heç bir perspektivi yoxdur. Ona görə də dövləti hədəfə almaq üçün “təbii sanitarlar” kimi fürsət güdənlər istintaqın obyektiv, tam və hərtərəfli aparılmasına mane olmaq, prosesə müxtəlif üsullarla qanunsuz müdaxilə etmək və ölkənin imicini məqsədli şəkildə ləkələmək cəhdlərindən çəkinməli, bu qanunsuz təşəbbüslərin özünün məsuliyyət yaratdığını anlamalıdırlar.

Bəhruz Məhərrəmov-Milli Məclisin deputatı
Xəbəri paylaş