"15 sentyabr-Bakının erməni-bolşevik işğalından azad olmasının 104-cü ildönümü, Cümhuriyyət tariximizin ən şərəfli səhifələrindən biridir. 1918-ci ilin may ayında Zaqafqaziya seymi dağıldı və Azərbaycan, tarixi İstiqlal Bəyannaməsini elan etdi. Lakin, ölkənin ürəyi Bakı və ətraf bölgələr düşmən qüvvələrin nəzarətində idi. Yenicə “mart qırğınları” baş vermiş, Bakıda, Qubada və digər yerlərdə azərbaycanlılar kütləvi qırğına məruz qalmışdılar. Dünya susurdu".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev 15 sentyabr gününün tarixi əhəmiyyətindən danışarkən səsləndirib. Millət vəkili qeyd edib ki, Bakısız, Azərbaycanı bir dövlət olaraq təsəvvür belə etmək mümkün deyil. Gəncədə məskunlaşmış, Şərqin ilk demokratik Cümhuriyyət hökumətinin isə, nə ordusu, nə silah-sursatı, nə də ki, maliyyəsi vardı:
"Digər tərəfdən, beynəlxalq birlik Cümhuriyyəti müstəqil dövlət olaraq tanımağa tələsmirdi. Belə bir mürəkkəb şəraitdə qərara alındı ki, Osmanlı Türkiyəsinə müraciət olunsun".
Millət vəkili qeyd edib ki, tarixinin, ən böhranlı vəziyyətinə baxmayaraq, qardaş ölkə Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi: "Türklər, Gəncədən Bakıya qədər hər bir bölgə, hər bir yaşayış məntəqəsi uğrunda qəhrəmanlıqla vuruşmaqla 1130 şəhid verdilər və sentyabr ayının 15-də, şəhəri tamamilə düşməndən azad etdilər".
Nəsib Məhəməliyev bildirib ki, tarix təkrar olunur:
"Bu günlər, 104 il əvvəl olduğu kimi, Azərbaycan xalqı erməni işğalına qarşı mübarizə aparır. Şəhid verir. Bu gün də, 104 il əvvəl olduğu kimi, ən çətin, mürəkkəb geosiyasi şəraitdə yanımızda qardaş Türkiyə var. 104 il əvvəl Avropa ölkələri, hətta müttəfiqləri belə Osmanlı dövlətinə təzyiqlər edirdilər ki, təcili qoşunlarını Azərbaycandan çıxarmalıdır. Nuri Paşa bir hərbçi olaraq, əmrə tabe olmalıydı. Ancaq, o Azərbaycana olan sevgisindən əmri yerinə yetirməkdən boyun qaçırır və Azərbaycan vətəndaşlığını alır. Osmanlı Türkiyəsi, Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə, Azərbaycan nümayəndə heyətinin ABŞ prezidenti Vilsonla görüşünü təşkil edir. O zamana qədər Azərbaycana olduqca mənfi münasibətdə olan Vilson Topçubaşovla görüşdən məmnunluqla ayrılır və xalqımıza yönəlik təəssüratları 180 dərəcə dəyişir".
Millət vəkili diqqətə çatdırıb ki, həm 1918-ci ildə, həm də 1991-ci ildə ikinci dəfə dövlət müstəqilliyimizi əldə etdikdən sonra, qardaş Türkiyə, özünün xarici səfirliklərində Azərbaycanın yenicə yaradılan diplomatik nümayəndələri üçün şərait yaratmış, hər tərəfli dəstək vermişdir:
"90-cı illərin əvvəllərində, torpaqlarımızın erməni işğalına məruz qalan ilk vaxtlardan, Türkiyə Ermənistanla sərhədlərini bağladı. Uzun illər ərzində böyük dövlətlərin, beynəlxalq təşkilatların təzyiqlərinə rəğmən, indiyə qədər açmır. Əfsuslar olsun ki, Türkiyədən fərqli olaraq, bütün bunların tam əksini, özünü dünyaya müsəlman kimi sırıyan, əslində İslamdan tamamilə uzaq, cənub qonşumuzda görmürük. Fars rejiminin ermənilərə olan 100 il əvvəlki məhəbbəti bu gün də özünü tam çılpaqlığı ilə göstərir. Müsəlman qardaşlarına isə, nifrəti. (Yəqin çox istədiklərindəndir). Son günlər, Ermənistanın genişmiqyaslı təxribatları nəticəsində 50 nəfər vətən övladı şəhid oldu. Rəsmən elan olunmasa da, xalqımız matəm içərisindədir. Bununla bərabər, biz vahid bir xalq olaraq, tariximizin şərəfli səhifələrini unutmamalı, dostumuzun, düşmənimizin yaxşı və yaxud pis əməllərini gənc nəsillərə faktlarla çatdırmalıyıq".
Nəsib Məhəməliyev deyib ki, bu gün Azərbaycan dövləti tarixinin ən güclü, ən şərəfli, ləyaqətli dövrünü yaşayır:
"Beynəlxalq münasibətlər, təhlükəsizlik sistemini peşəkarcasına mənimsəmiş qüdrətli Rəhbəri var. Ancaq, yaddan çıxarmaq olmaz; tarixi unutqanlıq, zamanla xalqımıza baha başa gəlmişdir. Düzgün nəticə çıxarmasaq, daha ağır faciələrlə üzləşə bilərik. Hər bir cəmiyyətdə müxtəlif siyasi baxışların, fikirlərin olması təbiidir. Demokratiyanın inkişafı üçün, hətta vacibdir. Ancaq, milli məsələlərdə vahid mövqe olmalıdır. Əfsuslar olsun ki, daxilimizdə yad ideologiyaların təsirinə məruz qalmış, düşmənin dəyirmanına su tökən həddindən artıq insanı görürük. Onların fəaliyyəti dövlətçiliyimizin gələcəyi üçün olduqca təhlükəlidir. Beyinləri zərərli ideologiya ilə zəhərlənmiş, zombiləşdirilmiş təbəqə üçün milli şüur, dünyəvilik, mədəniyyət, elmi inkişaf yaddır. Hesab edirəm ki, 21-ci əsrdə xalqı boş-boş nağıllarla cəhalətə sürükləyən, dindaşlar, tonlarla narkotik göndərənlər, günün günorta çağı, küçədə insanları qaldırıcl kranlardan asanların siyasətinə ölkəmizdə yer olmamalıdır. Müvafiq dövlət strukturları ilə yanaşı, QHT-lər, vətəndaş cəmiyyəti institutları bu istiqamətdə fəallıq nümayiş etdirməlidirlər. Bizə feodal təfəkkürlü cahillər, “şeyx Nəsrullahlar” yox, inkişafımızı sürətləndirən, dünyəvi dəyərlərimizə hörmət edən aqillər lazımdır. Bu gün sentyabr ayının 15-dir. Başda Nuri Paşa olmaqla, Qafqaz İslam Ordusunu, ümumiyyətlə, torpaqlarımız uğrunda canlarından keçmiş bütün şəhidlərimizi dərin minnətdarlıq hissi ilə yad edir, Allahdan rəhmət diləyirəm. Ruhları şad olsun".
Ruhiyyə