Tarixi Zəfərimizin istər türk dünyasının birliyi, həmrəyliyi istiqamətində, istərsə də ümumilikdə dünyanın siyasətində yeniliklərə yol açdığı inkaredilməzdir. Azərbaycan hər zaman xarici siyasət kursunu bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında həyata keçirir. Atılan addımların mahiyyətində bu çağırışlar dayanır ki, əgər dünyada qarşılıqlı etimad, səmimi münasibətlər olsa birlik, həmrəylik, hər bir məsələnin ədalətli həlli mümkündür. Qlobal problemlərin həlli qlobal yanaşma tələb etdiyi bir zamanda səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması mütləqdir. Bu baxımdan dövlət başçısı İlham Əliyevin ən yüksək tribunalardan türk dünyasına ünvanladığı “Gücümüz birliyimizdədir!” çağırışı reallıqda öz təsdiqini tapmaqla yanaşı, perspektivlərin müəyyənləşdirilməsində, birgə qərarların qəbulunda, real təşəbbüslərin irəli sürülməsində əhəmiyyətli rol oynayır. Buna əmin olmaq üçün təkcə cari ildə dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə səfərlərinə, eyni zamanda, həmin ölkələrin başçılarının Azərbaycana səfərlərinə, bununla bərabər, Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində atılan addımlara diqqət yetirmək kifayətdir. Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev bu ilin iyun ayında Özbəkistana dövlət səfəri etmişdi.
Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı qismində iştirak edən Azərbaycan bu platformada da vacib söz sahibi və əhəmiyyətli partnyor hesab olunur. Təşkilatın Səmərqənddə keçirilən zirvə görüşündə dövlət başçımız vacib mesajlar verərək, ölkəmizin yeni siyasi və iqtisadi düzəndə mövqeyini bəyan etmiş oldu. Bu kontekstdə Azərbaycan dialoq tərəfdaşı olaraq təşkilatın fəaliyyətinə töhfələr verir.
Eyni zamanda bu qurum çərçivəsində əməkdaşlığın dərinləşməsi rəsmi Bakının da maraqlarına uyğundur. Xüsusilə ikinci Qarabağ savaşından sonra yaranmış yeni reallıqlar əməkdaşlıq üçün yeni imkanlar açır. Belə ki, Zəngəzur dəhlizinin açılması böyük perspektivlər vəd edir. Səmərqənd sammitində çıxışı zamanı dövlət başçısının da söylədiyi kimi, Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalı olacaq. İmkanları real işə çevirmək üçün isə təbii ki, regionda dayanıqlı sülh və təhlükəsizlik mühiti yaranmalıdır. Bu mənada erməni təxribatlarına son qoyulmalı, Azərbaycanın təqdim etdiyi ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsipin praktik müstəvidə də əksini tapmasına nail olmaq vaxtıdır. “İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq” deyən Prezident İlham Əliyev Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribatların normallaşdırma prosesinə böyük bir zərbə vurduğunu bir daha bəyan etdi. Təbii ki, buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Qürurverici haldır ki, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən belə mühüm beynəlxalq platformada Azərbaycanın iştirakı ölkəmizin gündəliyinin irəlilədilməsi, eləcə də regional proseslərdə iştirak və verilən qərarlarda söz sahibi olması baxımından çox önəmlidir. Azərbaycanın bu sammitdə iştirakı ölkəmizin multilateralizmə verdiyi önəmin göstəricisidir. Azərbaycan ŞƏT-in, demək olar ki, bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir.
Təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf edərək regionda ən nüfuzlu dövlətə çevrilən Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm daşıyır. Təbii ki, bunun da əsasında bir sıra mühüm amillər dayanmaqdadır. Ən əvvəl onu qeyd etmək yerinə düşər ki, Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, özünü bütün dünyada mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib. 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycan hazırda BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatının sədridir. Azərbaycanın bu təşkilata sədrlik müddətinin daha bir il uzadılması ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi ilə yanaşı, Azərbaycan Prezidentinin dünyada böyük hörmət və nüfuz sahibi olmasının da göstəricisidir.
Beynəlxalq aləmdə tolerantlığın və multikulturalizmin beşiyi kimi tanınan Azərbaycan dünyanın əksər ölkələri kimi, ŞƏT üzvləri ilə də humanitar sahələrdə fəal əməkdaşlıq əlaqələri qurub. Dövlətimizin başçısının yüksək diqqət və qayğısı ilə ölkəmiz dünyanı narahat edən ən mühüm humanitar məsələlərin müzakirə olunduğu forum və konfranslara yüksək səviyyədə evsahibliyi edib. Azərbaycanın bu sahədə qazandığı hörmətin göstəricisidir ki, 2021-ci ildə ŞƏT-in Pekindəki mənzil-qərargahında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib, qərargahın binasında dahi şairin büstü ucaldılıb. övlət başçısı İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Sammitinə qonaq kimi dəvət olunmasına və çıxışına yönəldərək bu məqamları açıqlayıb ki, 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb: “ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Hazırda tarixi Zəfərimizin reallıqları fonunda bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın atdığı addımlar, göstərdiyi səylər göz önündədir. Dayanıqlı sülhün təmin olunması yeni əməkdaşlıq formatlarının yaradılması üçün əsas şərtlərdən biridir. Ümumilikdə Azərbaycan hər zaman bütün məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsinə səy göstərir. Ədalətin və beynəlxalq hüququn qorunduğu mühitdə hər bir münaqişəli məsələnin ədalətli həlli mümkündür. Azərbaycan daim beynəlxalq tribunalardan bu çağırışı edir. Düşünürük ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Sammiti bir daha yeni dövrün yeni reallıqlarının təbliğində və qəbulunda öz sözünü deyəcək. Qeyd edək ki, dahi Nizami Gəncəvi Çin filosofu Konfutsidən sonra ŞƏT-
in qərargahında büstü qoyulmuş ikinci tarixi şəxsiyyətdir.
Dövlətimizin başçısının təşəbbüsü ilə son illərdə Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycanın rolu getdikcə artmaqdadır.
Azərbaycan Prezidenti sammit çərçivəsində bir sıra məhsuldar görüşlər keçirib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif, Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar aparıb. Bütün bunlar ikitərəfli və təşkilat çərçivəsində əlaqələrin, eləcə də ticarət-iqtisadi, nəqliyyat-loqistika sahəsində əməkdaşlığın inkişafı üçün yeni imkanlar açır. Amma son günlər Azərbaycan ərazisində təxribatlar törətmiş Ermənistan tədbirə qatılmayıb. Bu da gözlənilən idi. Çünki dəfələrlə beynəlxalq konfranslarda Azərbaycan Prezidenti İlham Əliyevin sarsılmaz qətiyyəti və dərin arqumentləri qarşısında çıxılmaz və gülünc vəziyyətə düşmüş baş nazir Nikol Paşinyan yenidən bu durumla üzləşməmək istəməyib.
Güloğlan Cabbarlı-Dünya və Avropa çempionu