Son 8 illik məlumat bazasına (2014-2021) uyğun bəzi makroiqtisadi göstəricilərin dinamikasına görə ümumi daxili məhsul 2014-cü ildə 59 milyard manat idisə, 2021-ci ildə bu göstərici 93 milyard manata yüksəlmişdir. 2022-ci ildə isə ÜDM 105 milyard manat ətrafında gözlənilir.
Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. O bildirib ki, 2014-cü ildə əhalinin gəlirləri 39,5 milyard manat idisə, 2021-ci ildə bu göstərici 57,2 milyard manata, orta aylıq nominal əməkhaqqı isə bu dövr ərzində 444 manatdan 732 manata yüksəlmişdir:
"Dövlət büdcəsinin gəlirləri 2014-ci ildə 18,4 milyard manat olduğu halda 2023-cü il üçün 30 milyard 773 milyon manat proqnozlaşdırılır ki, bu da 67%-lik artım deməkdir. İqtisadiyyata yönəldilən investisiyalar 21,8 milyard manatdan 25,3 milyard manata, əsas fondların dəyəri 110 milyard manatdan 247 milyard manata yüksəlmişdir.
Eldəniz Əmirov qeyd edib ki, 2014-cü ildə 105 manat olan minimum əmək haqqı 2022-ci ildə 300 manata çatıb:
"Hesab edirəm ki, Qarabağ problemi olmasaydı, bu göstəricilər daha da yüksək olardı. Bu problem təkcə hərbə ayrılan vəsaitlərin həcmi artırmaqla əlavə xərclər yaratmayıb. Bu həm də ölkə üçün böyük imkanların qaçırılmasına səbəb olub. Qarabağ münaqişəsi üzündən 10 milyardlarla gəlir imkanlarından ölkə məhrum olub. Eyni zamanda Qarabağ münaqişəsi olmasaydı, xarici dövlətlərə iqtisadi münasibətlərin Azərbaycan gətirəcəyi maddi fayda daha yuxarı səviyyədə olardı. Çünki Azərbaycan xarici dövlətlərlə iqtisadi münasibətlər zamanı bəzi məsələlərdə iqtisadi mənfəətdən daha çox uzun müddətli hərbi-siyasi münasibətləri doğru olaraq daha strateji hesab edirdi. Bütün bunlar isə nəhayət öz bəhrəsini verdi".
İqtisadçı onu da deyib ki, Azərbaycan artıq həlli müşkül görünən böyük problemini həll etdi:
"Nadir şahdan sonra - 1747-ci ildən bəri itirilə-itirilə gedən torpaqlarımızda 300 ilə yaxın dövr ərzində ilk dəfə oldu ki, dönüş nöqtəsi yarandı. Bu isə cənab Prezident İlham Əliyevin rəhbər olaraq peşəkarlığının nəticəsi idi. Odur ki…
Cənab Prezident, Sizi Doğum Gününüz münasibətilə səmimi qəlbdən təbrik edir və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda göstərdiyiniz qətiyyətə, böyük əzmkarlığa, hərbi-siyasi iradəyə görə Sizə öz dərin minnətdarlığımızı bildiririk. Azərbaycanın parlaq gələcəyi və güclü iqtisadiyyatı naminə, çətin, lakin son dərəcə şərəfli və ali dövləti məsul fəaliyyətinizdə davamlı müvəffəqiyyətlər, möhkəm cansağlığı və uzun ömür arzu edirik".
Anar[b][/b]