Paytaxtımızın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatının (QH) Təmas Qrupunun Zirvə toplantısı yalnız Azərbaycan üçün yox, bütün bəşəriyyət üçün, dünyanın əzilən xalqları üçün, ədalətsizliklə üzləşən ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki Zirvə toplantısının gündəmindəki məsələlər öz aktuallığı ilə dünya dövlətlərinin hər birinin gələcək taleyinə bu və ya digər formada yön verəcək məsələlərdir. Bu baxımdan Bakı Zirvəsinin gündəliyində yer alan mövzu və problemlər Qoşulmama Hərəkatının beynəlxalq önəmini bir daha ortaya qoydu.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. Partiya sədri deyib ki, zirvə görüşünə rəhbərlik edən Prezident İlham Əliyevin çıxışı zamanı toxunduğu yeni dünya nizamının formalaşması prosesi, Fransanın başçılığı ilə neokolonializmin yenidən aktuallaşması, BMT-nin dünyadakı proseslərə təsir gücünün iflasa uğraması kimi qlobal əhəmiyyətli məsələlər bu tədbirin dünya birliyi üçün əhəmiyyətliliyini daha da artırdı. Bu mənada ötən gün dünyanın diqqətinin Bakıya yönəlməsi tamamilə təbii idi:
"Zirvə görüşünə qatılan 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələrinin əsas məqsədi ilk növbədə pandemiyanın Qoşulmama Hərəkatına təsiri və onun nəticələrini müzakirə etmək idi. Lakin pandemiya dönəmində böyük dövlətlərin bəzilərinin rəvac verdiyi “peyvənd millətçiliyi”nin Azərbaycan lideri tərəfindən haqlı olaraq qınanılması yuxarıda qeyd etdiyimiz qlobal məsələlərin də geniş müzakirə predmetinə çevrilməsinə zəmin yaratdı. Rusiya-Ukrayna müharibəsi fonunda qlobal kataklizmlərlə baş-başa qalan dünya İlham Əliyevin də qeyd etdiyi kimi hazırda “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasına şahidlik edir. Başqa sözlə desək, indi dünya düzəni yenidən formalaşmaqdadır və bu qarşıdurmanın fəsadları dünyanın qalan yerlərində də hiss olunur.
"Təəssüf ki, bu gün biz neokolonializm meylinin artdığını müşahidə edirik. Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir”, - deyə vurğulayan dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatının sədri olaraq əsas məqsədinin ədaləti və beynəlxalq hüququ müdafiə etmək olduğunu bir daha bəyan etdi. Bu baxımdan Zirvə toplantısında Fransanın cinayətkar müstəmləkə siyasəti yürütməsinin, insanlığa qarşı soyqırımları və qanlı müharibələr törətməsinin açıq şəkildə gündəmə gətirilməsi olduqca əhəmiyyətli idi".
MHP sədri bildirib ki, Prezident İlham Əliyev Zirvə görüşündə çıxışında tamamilə haqlı olaraq Fransanı üzr istəməyə çağırdı:
"Bəli, Fransa törətdiyi soyqırımlara görə mütləq üzr istəməlidir: “Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin, Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”. Bu çağırışın indi də Cənubi Qafqazdakı proseslərə kobud şəkildə müdaxilə etməyə çalışan və Ermənistanı revanşizmə təhrik edən, separatçılığı dəstəkləyən Fransa üçün “soyuq duş” effekti yaradacağı şəksizdir. Fransa prezidenti Emmanuel Makron dünən Bakıdakı Zirvə toplantısında ölkəsinin yeni müstəmləkəçilik siyasətinin əleyhinə səsləndirilən fikirləri ciddi şəkildə nəzərdən keçirməli və üçüncü dünya ölkələrinə qarşı ədalətsiz davranışlara son qoymaq barədə düşünməlidir. Fransa lideri və fransız parlamentarilər başa düşməlidirlər ki, 21-ci əsrin Fransasını 19-cu əsrin işğalçı, müstəmləkəçi fəlsəfəsi ilə, quldur qaydaları ilə idarə etmək olmaz. Heç kim Fransaya dünya ağalığı hüququnu verməyib".
Əlisahib Hüseynov hesab edir ki, Fransa ilk növbədə beynəlxalq hüquqa hörmət etməlidir:
"Fransız lideri və parlamentariləri yəqin ki, dünən Bakı Zirvəsindən verilən bu mesajları dərk edib nəzərə alacaqlar. Rəsmi Paris 120 dövlətin üzv olduğu, 18 ölkənin və 10 beynəlxalq təşkilatın isə müşahidəçi statusunda çıxış etdiyi mötəbər beynəlxalq təşkilatın - Qoşulmama Hərəkatının kürsüsündən səsləndirilən ittihamları və çağırışları nəzərə almaya bilməz. Yeri gəlmişkən, artıq üçüncü dönəmdir ki, təşkilatın sədrliyi yenə də Azərbaycanda qalmaqda davam edəcək. Zənnimizcə, bu da beynəlxalq hüquqa zidd addımlar atmağa meylli olan Fransa kimi neoimperialist ölkələr üçün əsl sürpriz oldu. Çünki Azərbaycanın Hərakata rəhbərlik etməsi Fransanın Cənubi Qafqazla bağlı məkrli planlarına və Ermənistana havadarlıq etməsinə də ciddi əngəllər törədəcək. Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə toplantısının nəticələri onu deməyə əsas verir ki, Hərəkat beynəlxalq siyasi proseslərə ciddi təsir göstərmək imkanlarını getdikcə daha da artıracaq. Bu isə öz növbəsində dünyada ədalət və beynəlxalq hüququn önə keçəcəyinə ümidləri artıra bilər".
Mehman