"Dünən Türkiyənin Ali Seçki Şurası ölkədə prezident və parlament seçkilərinin mayın 14-nə təyin edilməsi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərarı təsdiqlədi. Türkiyənin rəsmi mətbu orqanı, hökumət qəzeti sayılan “Resmi Gazete”də dərc olunan bu qərardan sonra qardaş ölkədə seçki kampaniyasının başlamış olduğunu artıq əminliklə deyə bilərik".
Newscenter.az-ın xəbərinə görə, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseyniv səsləndirib. Onun sözlərinə görə, bəzilərində ciddi şübhə vardı ki, Ərdoğan Qəhrəmanmaraş mərkəzli dağıdıcı zəlzələnin ağır nəticələrini bəhanə kimi istifadə edərək seçkilərin vaxtını ertələyəcək:
"Lakin Ərdoğan belə bir spekulyativ və qərəzli təxminlərin, proqnozların hamısını yalanladı, alt-üst etdi və öncədən də bəyan etdiyi kimi seçkilərin mayın 14-nə təyin edilməsi təklifinin üzərində dayandı. Artıq seçkinin günü də, qaydaları da, əsas namizədləri də tam bəllidir. Qardaş ölkə üçün xeyirli-uğurlu olsun. Azərbaycan siyasilərinin, yerli mediamızın və sosial şəbəkə istifadəçilərimizin Türkiyədəki seçkilərə yüksək həssaslıq və diqqət göstərməsi isə tamamilə anlaşılandır. Çünki biz bir millət, iki dövlətik. Odur ki, bəzilərinin Kamal Kılıcdaroğluna tərəfkeşlik etməsi, digərlərinin isə hazırkı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı qızğın şəkildə dəstəkləməsi qayət normaldır".
MHP sədri deyib ki, bBəziləri mövqesizlik və ifrat tərəfsizlik göstərərək Azərbaycan insanının bu seçkilərdə namizədliyi irəli sürülən liderlərə münasibətdə neytrallıq göstərməli olduğunu bildirir:
"Lakin bu düzgün yanaşma deyil. Hətta Fransada keçirilən seçkilərə belə neytrallıq sərgiləməyən azərbaycanlıların indi qardaş ölkədə startı verilən taleyüklü seçkilərin favoritlərinə qarşı seyrçi qalmasını təklif etmək gerçəkdən də absurddur".
Əlisahib Hüseynov fikirlərinə belə davam edib:
"Biz Milli Həmrəylik Partiyası olaraq şəxsən bu seçkilərdə Ərdoğanın qalib gəlməsinə üstünlük veririk. Çünki o, qarşıdakı dönəmdə həm Türkiyənin bir dünya gücünə çevrilməsi yolunda başlatdığı işləri tamamlamalıdır, həm də Qarabağda tam suverenliyimizin bərpa olunması istiqamətində Ərdoğanın real dəstəyi bizim üçün çox vacibdir.
Ərdoğan Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyəyə çatması üçün çox iş görüb. Lakin "Altılı masa" deyilən siyasi blokun namizədinin isə bu kursu eyni temp və eyni səmimiyyətlə davam etdirəcəyindən əsla əmin deyilik.
Türkiyə və Azərbaycanın bölgədə hakim mövqeyinin möhkəmləndirilməsi missiyasını yalnız Ərdoğan-Əliyev tandemi ən mükəmməl şəkildə gerçəkləşdirə bilər. Hesab edirik ki, indiki mürəkkəb və təlatümlü geosiyasi durumda Ərdoğanın qələbəsi Türk dünyası üçün də çox vacibdir".
Mehman