90 günə yaxındır ki. Azərbaycan ekofəallarının Laçın-Xankəndi yolunda davam etdirdiyi dinc etiraz aksiyası regionda yeni siyasi reallıqların təzahürü kimi özünü göstərməkdədir. Ermənistan və onun havadarları tərəfindən bu aksiyanın humanitar blokada kimi təqdim edilməsinə baxmayaraq, hər gün avtomobillərin maneəsiz hərəkərini nümayiş ertdirən foto-videofaktlar dəhlizin fasiləsiz açıq olmasını təsdiqləyir.
Ötən müddət ərzində bu bölgəyə səfər etmiş xarici təşkilatların nümayəndələri də Ermənistanın yalanlarını öz gözləri ilə görüblər. Bir neçə gün əvvəl Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşünü işıqlandırmaq üçün ölkəmizə gəlmiş xarici media nümayəndələri də aksiya yerində olaraq bunun şahidi oldular.
90 gün ərzində biz növbəti Antiazərbaycan isterikasının da şahidi olduq. Ermənistandan daha çox onların xaricdəki havadarları Azərbaycana qarşı qarayaxma kampaniyası apardılar. BMT, Avropa Parlamenti qeyri-obyektiv və qərəzli bəyanatlar səsləndirdi, Avropa Ədalət Məhkəməsi ədalətsiz qərar qəbul etdi, Fransanın açıq şəkildə təxribatçı erməni terrorçu qüvvələrini dəstəklədiyini gördük.
Ancaq bütün bu ikilistandartlara, haqsızlıqlara, böhtan və təzyiqlərə baxmayaraq, Cənab Prezident öz qətiyyətli prinsipial mövqeyindən bir addım da geri çəkilmədi, əksinə daha da inadla, israrla və təmkinlə bu əsassız bəyanatlara cavab verdi.
Cənab İlham Əliyev son 2 ayda ABŞ, Rusiya, Böyük Britaniya, Avropa İttifaqının və digər ölkələrin nümayəndələri ilə görüşlərdə aksiyanın məqsəd və məramını izah etdi, Ermənistanın 2020-ci il noyabr Üçtərəfli bəyanatında üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırdığını, Azərbaycan ərazisində qanunsuz hərbi birləşmələr saxladığını və Laçın dəhlizi ilə silah-sursat və canlı qüvvə daşıdığını, sərvətlərimizi qeyri-qanuni istismar edərək İrəvana daşıdığını dəlil və faktlarla təsdiq etdi.
Münhen Konfransında, Bakıda keçirilən Qoşulmama Hərəkatının Zirvə görüşündə, X Qlobal Bakı Forumunda bu mövzuya münasibət bildirərkən Azərbaycanın şərtlərinin qəbul edilməyəcəyinə qədər öz prinsipial mövqeyindən geri çəkilməyəcəyini, heç bir kənar təzyiqin aksiyanı dayandırmaq gücündə olmadığını bəyan etdi.
Bu müddətdə Azərbaycanın yumşaq gücünü görüb geri çəkilənlər də oldu. Ruben Vardanyanı Xankəndinə yerləşdirməklə bölgədə Azərbaycanın mənafeyinə zidd reallıqlar yaratmaq istəyən Rusiya Vardanyanın timsalında öz niyyətlərinin iflasını qəbul etməli oldu.
Cənab Prezident X Qlobal Bakı Forumunda dünyanın 100-dən artıq ölkəsi qarşısında Azərbaycanın çoxkonfessional, multietnik ölkə olduğunu, milli azlıqların hüquqlarının Konstitusiyamız tərəfindən qorunduğunu, onların ləyaqətli və dinc şəraitdə Azərbaycanda yaşadıqlarını xatırladaraq ermənilərin də bu milli azlıq kimi kimi bütün hüquqlarının qorunacağına təminat verdi. Bildirdi ki, Qarabağda yaşayan ermənilərin həyatı bundan sonrakı dövrdə daha da yaxşı olacaq.
Əlbəttə, Xankəndidə yaşayan ermənilərin böyük əksəriyyəti də bunu yaxşı dərk edir, onlar da sülh istəyir, ancaq Ermənistana himayədarlıq edən Fransa və bəzi güclər məqsədli şəkildə sülh quruculuğuna zərər verirlər. Ermənistan özü müstəqil ölkə olmadığından müstəqil qərar da verə bilmir, bu marionet ölkəni idarə edənlər Azərbaycanın irəli sürdüyü 5 məşhur sülh prinsipini üzərində işləyib sülh müqaviləsinin imzalanmasını təmin etməlidir. Bununla aksiyada irəli sürülən tələblər və digər problemlər də birdəfəlik həllini tapmış olar.
Azərbaycanın bu geridönməz mövqeyindən doğan məntiq budur ki, Laçın dəhlizində nəzarət postları qurulmalıdır, əraziyə Azərbaycan nəzarət etməlidir. Bir sözlə, Laçın dəhlizi Azərbaycanın QÜRUR məsələsidir.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki