“İki ildən artıqdır ki, tarixi Zəfərimizin reallıqları fonunda ölkəmizin həyatında biri-birindən əhəmiyyətli hadisələr yaşanır. Təbii ki, bu, bir tərəfdən yeni reallıqların dünya gücləri tərəfindən qəbul edilərək, Azərbaycanın Ermənistana etdiyi sülh təklifinə dəstəklə, digər tərəfdən isə işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə bağlıdır. Sahibinə qovuşan torpaqlarımızda yeni idarəetmə üsulu tətbiq edilir. Martın 28-də Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bu məsələyə xüsusi diqqət yönəldərək belə bir çağırışı səsləndirdi ki, gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir: “Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir.”
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkilinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərimiz bərpa-quruculuq işlərinə başlanan andan dünyanın diqqətindədir: “Bütün işləri sıfırdan öz daxili imkanları hesabına həyata keçirən Azərbaycan hər bir yeniliyin bu ərazilərin bərpasında öz əksini tapmasına səy göstərir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri uğurla icra edilir. Bu torpaqlarda təkmil infrastruktur layihələri həyata keçirilir ki, bu, hər bir bölgənin iqtisadi inkişafında vacib amildir. Dövlət başçısı İlham Əliyev Laçın rayonunun malik olduğu potensialdan, rayonda həyata keçirilən infrastruktur layihələrindən, kənd, qəsəbə yollarının bərpasından geniş bəhs etdi. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizdə 3 Beynəlxalq Hava Limanının tikintisi planlaşdırıldı ki, bunlardan biri Laçın rayonu ərazisindədir. Artıq 2021-ci ildə Füzuli, ötən il isə Zəngilan Beynəlxalq Hava limanları tikilib istifadəyə verildi. Dövlət başçısı İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının 2024-cü ilin sonu 2025-ci ilin əvvəlində istismara veriləcəyini bildirdi. Ümumilikdə Laçın rayonunda bərpa işlərinə tarixi Zəfərimizdən, Laçın şəhərində isə ötən ilin 26 avqust tarixindən başlanılıb. 2022-ci ilin uğurlu hadisələrindən bəhs edərkən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 26 avqust tarixində rəsmi “Twitter” səhifəsində Laçınla bağlı paylaşımını qeyd etməliyik. Paylaşımda deyilirdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”
Malik Həsənov onu da əlavə edib ki, işğaldan azad edilmiş ərazilərimizdə yeni idarəetmə üsulunun tətbiqi işin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır: “Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binasının yenidən qurulduğunu, 30-dan çox ictimai binanın inşa edildiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, bütün bu işlər ilin sonuna qədər başa çatdırılmalıdır. Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar.”
Millət vəkili vurğulayıb ki, dövlət başçısı İlham Əliyev Prezidentin Laçın rayonunda yeni təyin olunmuş xüsusi nümayəndəsinin qarşısında dayanan vəzifələri də açıqladı: “Siz mənim xüsusi nümayəndəm kimi artıq dərhal işə başlamalısınız, bütün bu işlərə rəhbərlik etməlisiniz. İnfrastruktur layihələri, əlbəttə ki, mərkəzi icra orqanları tərəfindən icra edilir. Eyni zamanda, siz Laçın rayonunun gələcək inkişafı ilə bağlı, iş yerlərinin yaradılması ilə bağlı, vətəndaşların rahat yaşaması ilə bağlı konkret əlavə təkliflər verməlisiniz. Çünki biz çalışırıq ki, azad edilmiş bütün rayonlarda işlər paralel surətdə getsin.”
Malik Həsənov diqqəti dövlət başçısı İlham Əliyevin istər sözügedən qəbulda, istərsə də martın 18-də Tərtər rayonunun Talış kəndinə səfəri zamanı Azərbaycan xalqına müraciətində Ermənistana ona havadarlıq edən dövlətlərə mesajlarına da yönəldib: “Yəni, bu iki il yarım müddət ərzində bütün dünya bir daha hər şeyi gördü. Eyni zamanda, anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü. Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik.”
Millət vəkili belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycan yeni reallıqların müəllifi olaraq onlardan irəli gələn hər bir vəzifəni ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həyata keçirir. Böyük Qayıdışın tam şəkildə reallığa çevriləcəyi gün uzaqda deyil.
Anar