Şuşa şəhərinin Türk dünyasının Mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi əsasında Özbəkistanda keçirilən "Şuşa günləri" çərçivəsində Daşkənddə Tarixi Turon Kitabxanasında Xurşidbanu Natəvanın əsərlərinin özbək dilində tərcüməsinin nəşrinin təqdimatı keçirilib.
Newscenter.az xəbər verir ki, tədbir iştirakçıları ilk olaraq Turon Kitabxanasında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılmış Şuşa guşəsi ilə tanış olublar. Guşəyə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tərəfindən Azərbaycana və Qarabağa aid nəşrlər hədiyyə edilib.
Daha sonra qonaqlar Turon Kitabxanasında repressiya qurbanlarına həsr edilmiş muzeyi ziyarət ediblər.
Turon Kitabxanasının böyük akt zalında davam edən tədbiri giriş sözü ilə açan kitabxananın direktoru, Özbəkistanın Fəxri Mədəniyyət işçisi Dildora Abduazizova Şuşa günləri tədbirlərinə ev sahibliyi etmələrindən böyük fəxarət hissi keçirdiklərini qeyd edib.
Dildora Abuazizova Azərbaycan-Özbəkistan arasında dostluq və əməkdaşlıq münasibətləri, tarixən xalqlarımız arasında sıx qardaşlıq əlaqələri haqqında danışıb. O, Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə hər il Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı layihələrin həyata keçirildiyini, kitabxananın Şuşa rayon Mərkəzi Kitabxanası ilə qardaşlaşmış kitabxanalar müqaviləsinin imzalandığını qeyd edərək, Şuşanın yalnız Azərbaycan deyil, bütövlükdə Türk dünyası mədəniyyətinə misilsiz töhfələr verdiyini bildirib və Xurşidbanu Natəvanın yaradıcılığının Özbəkistanda da böyük maraq doğurduğunu qeyd edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanda ilk dəfə olaraq keçirilən “Şuşa Günləri” tədbirləri haqqında məlumat verib, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən il ərzində Şuşaya dair layihələrin keçiriləcəyini vurğulayıb.
Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətə sahib olduğunu qeyd edən diplomat uzun illər erməni işğalı altında qalmış bu şəhərdə həyata keçirilən vandallıq haqqında danışaraq, bugün şəhərin Azərbaycan dövləti tərəfindən yenidən qurulması və onun Türk dünyasının mədəniyyət paytaxtına çevrilməsini fəxrlə qeyd edib. Samir Abbasov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən sitat gətirib. “Şuşa Azərbaycan üçün milli qürur, milli mənlik, mədəniyyət, incəsənət və tarixdir”.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk dövlətləri arasında günü-gündən inkişaf edən əlaqələr, xalqlarımız arasında qardaşlıq münasibətləri barədə danışıb. O, çoxsaylı tarixi abidələrlə məşkur, dahi şairlərin mütəfəkkirlərin vətəni Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsini tarixi hadisə kimi dəyərləndirib.
Günay Əfəndiyeva rəhbərlik etdiyi Fond və onun mədəniyyət sahəsində həyata keçirdiyi çoxsaylı layihələr barədə məlumat verib. O, ötən il Türkiyənin Bursa şəhərində təşkil edilmiş “Şuşa Günləri” layihəsi və bu il ilk dəfə Özbəkistanda keçirilən bu tədbirlərin əhəmiyyətini vurğulayıb.
Özbəkistan Respublikasının Yazıçılar İttifaqının sədr müavini, xalq şairi Qayrat Məcid, tərcüməçi-şair Şaxlo Qasımova, yazıçı-publisist, Xurşidbanu Natəvan haqqında sənədli filmin müəllifi Ülviyə Heydərova 2021-ci ildə Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə iki əsr öncə Şuşada fəaliyyət göstərmiş “Məclisi-fəramuşan” poeziya məclisinin özbək və azərbaycanlı şairlərin iştirakı ilə bərpa edilməsi və Şuşada hər iki ölkə şairlərinin iştirakı ilə baş tutan poeziya məclisinə dair təəssüratlarını bölüşmüşlər. Natiqlər Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi görkəmli şairə Xurşidbanu Natəvanın özbək dilinə tərcümə olunmuş əsərlərindən ibarət “Xurşidga yetar boshim” adlı kitabı haqqında geniş məruzələr etmişlər.
Təqdimat mərasimində çıxış edən Özbəkistan Respublikasının Ali Məclisi deputatı, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü Gülbahar Saidqaniyeva iki ölkə arasında ölkə başçılarının uğurlu siyasəti ilə inkişaf edən əlaqələrdən danışmış, mədəni əlaqələrin tərəqqisindən məmnunluğunu ifadə edib. O, Şuşanın Azərbaycan mədəni-ədəbi mühitində rolu haqqında danışaraq, azərbaycanlı, qarabağlı şairə Natəvanın özbək şairəsi Nadirabegim yaradıcılığı və həyatı arasında oxşarlığı qeyd edib.
Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tamam Cəfərova Azərbaycan-Özbəkistan dostluğunun tarixindən, dövlət başçılarının görüşləri barədə danışaraq, iki ölkə parlamentləri arasında yüksək səviyyəli əlaqələr barədə məlumat verib. O, işğaldan azad edilən Azərbaycan torpaqları, Şuşada həyata keçirilən bərpa və yenidənqurma layihələrinin qürurverici olduğunu qeyd edib.
Tədbirin bədii hissəsində Daşkənd şəhər Abdulla Qadiri adına İncəsənət və yaradıcılıq Məktəbinin şagirdlərinin ifasında Azərbaycana, Qarabağa aid musiqilər ifa olunub. Əlişir Nəvai adına Daşkənd Özbək dili və Ədəbiyyatı Universiteti tələbələrinin Xurşidbanu Natəvan şeirlər səsləndirilib.
Sonda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tərəfindən Özbəkistanda “Şuşa Günləri” münasibətilə rəsmi qonaqlara və təşkilatçılara xatirə hədiyyələri təqdim edilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Xurşidbanu Natəvanın özbək dilinə tərcümə olunmuş əsərlərindən ibarət “Xurşidga yetar boshim” adlı kitab kolleksiyası Turon Kitabxanasına və bir sıra tədbir iştirakçılarına hədiyyə edilib.
Anar