Azərbaycanda 2022-ci ildə 32933 təsərrüfatda mövcud olan 656,1 min arı ailəsindən 7445,9 ton bal, 174,1 ton mum, 19,1 ton vərəmum, 23,4 ton güləm və 379,1 kq arı südü əldə olunub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib (Trend). Balın 1 kiloqramının orta satış qiyməti 26,7 manat, mumun - 14,7 manat, vərəmumun - 91,0 manat, güləmin - 131,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 5,6 manat olub.
Azərbaycan Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması qaydası”na əsasən arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya müəyyən edilmişdir ki, bu da arıçılığın inkişafını stimullaşdırmış, kənd yerlərində kiçik sahibkarlığın dəstəklənməsi və məşğulluğun təmin edilməsinə şərait yaratmış, bu sahədəki potensialdan istifadə imkanlarını genişləndirmişdir. Belə ki, 2018-ci illə müqayisədə 2022-ci ildə arı ailələrinin sayı 1,3 dəfə, bal istehsalı isə 1,5 dəfə artmışdır. Ümumiyyətlə, “Arıçılıq haqqında” qanunun qəbul edildiyi dövrdən sonrakı 14 ildə bal istehsalı 5,3 dəfə, arı ailələrinin sayı 4,6 dəfə artmış, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 19,9-dək yüksəlmişdir.
Son illərdə bal istehsalı 5 dəfə artsa da qiyməti düşmür. Normal halda bazarda təklifin artması həmin məhsul üzrə qiymətin aşağ düşməsi ilə nəticələnməli idi. Amma bu baş verməyib. Sadəcə olaraq digər sahələrdə nəzərəçarpan qiymət artımları şəraitində balın qiyməti yüksəlmətib, eyni səviyyədə qalıb. 1 kq-mının qiyməti keyfiyyətindən asılı olaraq 25-50 manat arasında dəyişir. Daha yüksək qiymətə - 60-70 manata da təklif olunan arıçılıq məhsulları var. İllik istehsalı 7,5 min tona yüksələn balın qiyməti baha olsa da, keyfiyyətinə görə alıcısı var.
Son illər Azərbaycanda arıçılıq inkişaf etməyə başlayıb. Dövlətin də bu sahəyə dəstəyi, arıçılara subsidiya verməsi stimullaşdırıcı amildir. Həm də arıçılıq gəlirli sahədir, Azərbaycan balı baha olsa da, keyfiyyətli olduğu üçün hər zaman alıcısı var. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə 33332 təsərrüfatda mövcud olan 625,3 min arı ailəsindən 6802,7 ton bal, 172,6 ton mum, 15,6 ton vərəmum, 17,8 ton güləm və 215,4 kq arı südü əldə olunub.
Arıçılar bir araya gələrək Azərbaycan Arıçılar Assosiasiyası da yaradıblar. Dövlət arıçılra maliyyə dəstəyi göstərir, güzəştli şərtlərlə mikrokreditlər verir, subsidiya ayıırır. 5 il ərzində hər arı ailəsinə görə arıçılara 10 manat subsidiya verilir. Hər arıçılıq təsərifuatında təqribən 100-150 arı ailəsi olur, bu hesabla dövlətdən hər il 1000-1500 manat yardım alır, bu da onların dərmanlanmasına və qışda yemləməsinə böyük köməkdir.
Bir qədər də əvvəlki illərə nəzər salsaq, əgər 2000-2005-ci illərdə ildə 600 ton bal istehsal edlmişdisə, 2015-ci ildə 2,6 min ton, 2017-ci ildə 3 min, 2018-ci ildə 5 min, 2019-cu ildə 5,8 min tona yüksəlib. Azərbaycanda yaxın gələcəkdə bal istehsalının ildə 10 min tona çatdırılması nəzərdə tutulur. Amma ölkənin potensial imkanları daha yüksək qiymətləndirilir. Belə ki, keçmiş sovetlər dönəmində ölkəmizdə ildə 15 min ton bal istehsal edilirdi. Rəsmi statistikaya əsasən, 2020-ci ildə 32340 təsərrüfatda mövcud olan 596,7 min arı ailəsindən 6647,2 ton bal, 157,6 ton mum, 14,6 ton vərəmum, 14,7 ton güləm və 366,1 kq arı südü əldə olunmuşdur. Balın 1 kiloqramının orta satış qiyməti 24,9 manat, mumun - 12,7 manat, vərəmumun - 131,6 manat, güləmin - 127,2 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 5,0 manat olmuşdur.
Azərbaycanda keyfiyyətindən asılı olaraq bir kiloqram balın orta qiyməti 30 manatdır. Ancaq xaricdən gətirilən bal daha ucuzdur ki, bu da yerli bal istehsalına mənfi təsir göstərir, xarici balı qiymət baxımından daha rəqabətqabiliyyətli edir. Ona görə də, arıçılar hökumətdən bal idxalına gömrük vergilərinin artırılmasını, daxili istehsalçıların maraqlarının qorunmasını istəyirlər. Arıçıların daha bir ciddi problemi isə məhsuldarlığın aşağı olmasıdır. Arıçılığın inkişafı üçün ekstensiv yolla arı ailələrinin sayını artırmaq, intensiv yolla arı ailələrinin məhsuldarlığını artırmaq və arıçılığın yem bazasını gücləndirmək tələb olunur. Ona görə də, respublikamızda mövcud “Boz Qafqaz”, “Sarı Qafqaz” arı cinsləri, “Qabaqtəpə” və “Qonaqkənd” arı populyasiyalarının cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər artırılmalıdır. Azərbaycanda bir arı ailəsinin orta illik məhsuldarlığı hava şəraitinin əlverişli olduğu illərdə 10-12 kq, əlverişsiz olduğu illərdə isə 3-5 kq-dır. Arı ailələrinin sayının artırılması ilə yanaşı, məhsuldarlığın yüksəlməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, istehsal olunan balın mərkəzləşdirilmiş qaydada qablaşdırılması və etketləmə məsələləridə həyata keçrilməlidir. Cənubi Qafqazda nektar verən bitki örtüyünün 61 faizinin Azərbaycanın payına düşdüyünü nəzərə alsaq, respublikamızda bu sahədə böyük potensial imkanların və prespektivlərin olduğunu aydın görürük. Hər il ardıcıl olaraq arıçılıq məhsullarının sərgi-satış yarmakaları keçrilir ki, bu da arıçıların maddi imkanlarının yaxşılaşmasına şərait yaradır.
Qarabağda arı ailələrinin sayını artırmaqla, məhsuldarlığı yüksəltməklə və arıçılığa qeyd olunan dövlət dəstəyi ilə bu bölgədə bal istehsalını bir neçə dəfə artırmaq, hətta kiçik ailə təsərrüfatları yaratmaq və gəlir əldə etmək mümkündür. Məsələn, gözəl təbiətinə və zəhgin bitki örtüyünə malik Kəlbəcər rayonu həm də keyfiyyətli balı ilə məşhurdur. Kəlbəcərdə arıçılığın böyük potensialı var. Burada bal 3 dəfə süzülür. Kəlbəcər balı keyfiyyətinə - həm diastaz, həm də polen tərkibinə görə çox yüksək keyfiyyətə malikdir. Bu, dünyada nadir ballardan biridir. Azərbaycanda 640-dan çox dağ-çəmən, yaylaq bitkisi var. Onun da 520-dən çoxu Kəlbəcər yaylaqlarında bitir. Ona görə də burada balın tərkibi çox keyfiyyətlidir və dünyada bir çox bal növləri ilə rəqabət apara bilər. Gələcəkdə Kəlbəcər balının dünya bazarına çıxarılması da planlaşdırılır.
Qarabağda arıçılığın gələcək inkişafı ölkəmizdə həm keyfiyyətli bal istehsalının artmasına, həm də kənd təsərrüfatı məhsullarının ixrac potensialının yüksəlməsinə səbəb olacaq. Düşmən işğalından azad edilmiş Laçın və Kəlbəcər rayonunun yaylaqlarına arıçılıq təsərrüfatları köçürülüb. Pilot layihə həyata keçirilməzdən əvvəl təsərrüfatların yaylaqlara köçürülməsi riskləri qiymətləndirilib, sürülərin və arı pətəklərinin, onlara qulluq edəcək vətəndaşların təhlükəsizliyi təmin olunub.
Qarabağ arıçılığın inkişafı baxımından əlverşli təbii-iqlim şəraitinə və bal verən zəngin bitgi örtüyünə malikdir. Öz növbəsində, arıçılıq iqtisadi cəhətdən yüksək rentabelli sahədir, əhalinin sağlamlığını qoruyan qida və müalicə əhəmiyyətli məhsullar mənbəyi, həmçinin kənd təsərrüfatının digər sahələrində məhsuldarlığın yüksəldilməsinə ciddi töhvə verən müsbət ekoloji amildir. Arıçılıq elə bir kənd təsərrüfatı sahəsidir ki, onun inkişafı ətraf mühitin heç bir resursunu azaltmır, əksinə, biomüxtəlifliyin qorunmasına, kənd təsərrüfatı bitkilərinin daha yaxşı tozlandırılmasına və bununla da keyfiyyətinin və məhsuldarlığının yüksəldilməsinə ciddi töhvə verir.
Qarabağ balı yüksək keyfiyyətinə görə daha rəqabətqabiliyyətli olacaq. Ölkədə bal istehsalı artacaq ki, bu da həm yerli bazarda bala təlbatı ödəmək baxımından əhəmiyyətlidir, həm də xarici bazarlara yeni ixrac imkanları deməkdir. Laçın və Kəlbəcər balı Avropa və Ərəb ölkələrinin, Yaponiya və Çinin “niş” və ya “premium” bazarlar üçün “Eko” (BİO) və ya “Orqanik” məhsul kimi çıxarıla bilər.
2024-cü ildən etibarən arıçılıq təsərrüfatları olan şəxslərə arı ailələrinin sayına görə dövlət tərəfindən subsidiya verilməyəcək. Arıçıya hər arı ailəsinə görə illik 10 manat subsidiyalar 2019-cu ildən verilir və bu il onun vaxtı bitir. Subsidiya verilməmişdən əvvəl ökədə 320 min arı ailəsi var idi, hazırda arı ailələrinin sayı təqribən 600 minə çatıb. Ölkədə olan bütün arı ailələri kodlaşdırılıb və Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata düşüb. Həm subsidiyanın verilməsi, həm arı ailələrinin qeydiyyata düşməsi bir uğurdur. Bunları nəzərə alaraq arıçılığın inkişafını dövlət tərəfindən dəstəkləmək və stimullaşdırmaq üçün növbəti 5 ildə də subsidiyaların verilməsi məqsədəuyğun olardı.
Mahir Zeynalov-iqtisadçı