Cəmiyyətdə bir sıra hallarda vərəsəlik məsələsində çox ciddi problemlər ortaya çıxır. Belə ki, rəhmətə getmiş şəxsin mülkünə sahib çıxmaq üçün bəzən vərəsə qeyri-qanuni hərəkətlərə qol qoyur, mirasa hüquq və insanlıq baxımından zidd yollarla sahib çıxmaq istəyir. Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyir ki, hüquqi termin olaraq belə insanlar ləyaqətsiz vərəsə adlanır.
Newscenter.az-a vəkil bildirib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz:
“Bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Əgər miras qoyan vərəsəlik hüququnun itirilməsinə səbəb olan hərəkətlər törətdiyinin üstü açılmış şəxsi bağışlayarsa və bu qərarını vəsiyyətnamədə aydın şəkildə ifadə edərsə, həmin şəxs bu hərəkətlərinə baxmayaraq vərəsəliyə buraxılır. Bağışlamanın geri götürülməsinə yol verilmir”.
Vəkil onu da deyib ki, əgər şəxs mirası aldıqdan sonra məhkəmə tərəfindən ləyaqətsiz vərəsə sayılarsa, vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarmağa borcludur:
“Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan 5 il ərzində irəli sürməlidirlər.
İnqilab