“Prezidentin Boqarıstana səfəri çərçivəsində imzalanan memorandum ölkəmizin enerji diplomatiyasındakı növbəti uğurudur”
Bu sözləri Newscenter.az-a politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin Sofiyaya səfəri və Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları ilə SOCAR arasında Anlaşma Memorandumunun imzalanması ilə əlaqədar danışarkən deyib. O bildirib ki:
“Prezident İlham Əliyevin Bolqarıstan Respublikasına işgüzar səfəri ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin təsdiqidir. Məlumdur ki, Azərbaycanla Bolqarıstan arasındakı münasibətlər 2022-ci ilin oktyabrında Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi ilə yeni mərhələyə keçib. Bu interkonnektor Avropa İttifaqının Rusiya qazından asılılığını aradan qaldırılmasında mühüm rol oynayır. Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsi ilə Azərbaycan qaz ixracı bazarı Balkan regionunda daha da genişlənir. Qaz interkonnektoru təkcə enerji layihəsi deyil, bu, regiondakı geosiyasi oyunları dəyişdirir və təhlükəsizlik üçün bir sıra çağırışlar ortaya qoyur. Azərbaycan da həmin təhlükəsizlik arxitekturasında yer alır, deməli, rəsmi Bakının yürütdüyü siyasət onu Avropa məkanında oyunçuya çevirir. Açığını demək lazımdır ki, Azərbaycanın qaz ixrac etdiyi ölkələr məhz bizim ölkənin yardımı sayəsində müasir çağırışlara davam gətirə bildilər".
Yusif Bağırzadə qeyd edib ki, Azərbaycanın xarici siyasətində Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlərlə əlaqələrin inkişafı əsas yer tutur:
"Bir mühüm məqamı da xüsusi qeyd etmək lazımdır ki, Avropa İttifaqına üzv dövlətlərin bir çoxu Azərbaycanı özünə strateji tərəfdaş hesab edir. Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var".
Onun sözlərinə görə, ölkəmizlə Avropa İttifaqı arasında sıx əməkdaşlıq Cənub Qaz Dəhlizi layihəsinin icrasında mühüm rol oynadı:
"2020-ci ilin sonunda Cənub Qaz Dəhlizi layihəsinin tam tərkibdə istifadəyə verilməsi Azərbaycanın enerji diplomatiyasının davamlı uğurlara yol açdığını təsdiqlədi. Ötən ilin iyulunda isə Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində dövlət başçısı İlham Əliyevin və Avropa Komissiyasının Prezidentinin iştirakı ilə “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Məlumdur ki, imzalanmış Memoranduma görə Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz çatdırıldı, bu il isə 12 milyard kubmetr hədəflənib. Beləliklə, həmin həcm bu il üçün planlaşdırılmış 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracının təxminən yarısını təşkil edəcək".
Yusif Bağırzadə sonda onu da vurğulayıb ki, Cənab Prezidentin Sofiyaya səfəri zamanı enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində mühüm addım atılmış oldu. Belə ki, səfər zamanı “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu” imzalandı:
"Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün dörd ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Başqa sözlə desək əgər indiyə qədər Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya və bu ildən etibarən həm də Rumıniyaya ixrac edilirdisə lazımi interkonnektorların olacağı halda bu ilin sonundan etibarən ölkəmiz Macarıstana və Slovakiyaya da qaz təchizatına başlayacaq.
Lakin bu da son hədd deyil. Cənab Prezident Anlaşma Memorandumunun imzalnma mərasimindəki çıxışında bildirdi ki, Azərbaycan qaz təchizatının coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcək. Cəanb Prezident öz çıxışında ölkəmizin bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində də çalışmaların həyata keçirildiyini vurğuladı. Preizdentin də qeyd etdiyi kimi Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Azərbaycan 25 qiqavatdan artıq bərpaolunan enerjinin istehsalı məqsədilə bərpaolunan enerji sahəsində aparıcı beynəlxalq şirkətlərlə müqavilələri və anlaşma memorandumlarını imzalayıb. İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb. Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat enerji potensialı mövcuddur. Təbii ki, yaşıl enerjinin əsas ixrac istiqaməti də məhz elə Avropa ölkələridir. Bütün bunlar ölkəmizin enerji diplomatiyasındakı uğurlardan xəbər verir. Prezidentin də dediyi kimi “Biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq”.
Anar