Bakı dünyanın ən qədim, ən sirrli şəhərlərindən biridir. Bakının o qədər qeyri adi abidələri, yerləri və tikililəri var ki, bunlar haqqında yazmaq üçün bir ömür yetməz. Xüsusilə 19-cu əsrdən etibarən Bakıda olan səyyahlar, qonaqlar, alimlər, ictimai xadimlər və turistlər öz yazılarında şəhərin qədimliyini və gözəlliyini tamamlayan qəmbər daş yollar barədə xoş sözlər yazıblar.
Bakının simvoluma çevrilən və əsasən, İçərişəhərin ətrafında qorunan qəmbər daşlı yolların bir hissəsi bu gün çox heyf ki, Formula yarışları zamanı asfalt örtüklə bağlanması və yarışlarından sonra sökülməməsi yanlış olaraq bu yolların bir də heç vaxt əvvəlki görkəminə qayıtmayacağı təəssüratı yaradıb. Xüsusilə Niyazi küçəsindən Şeyx Şamil küçəsinə gedən hissəsi. Hər dəfə oranın yarışlar zamanı asfalt örtüklənməsi, sonra isə bərpası qədim tarixi olan bu qəmbər daşlı yolları zədələyir, hissə-hissə sıradan çıxmasına səbəb olur. Əlbətdə beynəlxalq yarışların Bakıda keçirilməsi böyük bir işdir, dünyaya ölkəmizi tanıdır, turistlər cəlb edir. Amma bu Bakının tarixi ilə yaşıd olan yollara da təsir edir axı. Qənbər daş yolların Bakıda olması barədə əlimizdə olan 12-ci əsrdən bu günə qədər olan qədim əlyazma, səyyahların xatirələri, sənədlər və qravürlərdə öz əksini tapıb.
Tam qədim tarixini demək olmaz qəmbər daşların Bakıda salınmasına. Amma bu materialdan istifadə edib Bakı yollarını salan memarlar, ustalar şəhərin coğrafi mövqeyini nəzərə alıblar. Qədimdə minik heyvanları və arabaların rahatçılığı üçün nəzərdə tutulan bu qəmbər yollar şəhərimizin gözəlliyini özündə əks etdirir.
Xüsusilə Formula zamanı daha çox zərər görən Niyazi küçəsi ilə Şeyx Şamil küçəsi arasında olan bu yol barədə qısa yazmaq istəyirəm.
Cəmi 450 metr uzunluğunda olan Niyazi küçəsi şəhərin mərkəzi hissəsində yerləşir və Neftçilər prospekti ilə İstiqlaliyyət küçəsi arasında birləşdirici rol oynayır.
1878-ci ilə qədər Sadovaya küçəsində (əvvəllər Niyazi küçəsi belə adlanırdı) yalnız dəniz yolu ilə neft məhsullarının daşınması üçün konteyner istehsalı ilə məşğul olan müəssisələr fəaliyyət göstərirdi. Bağ, Nərimanov, Sadovaya, sonra isə Niyazi adlanan küçənin əslində bizim maestro Niyazi ilə heç bir əlaqəsi yoxdur. Prezident Adminstrasiyasından “Azneft” meydanı istiqamətində olan bu küçə hələ sovet dövründən özbək şair-dramaturqu Həmzə Həkimzadə Niyazinin şərəfinə adlanıb.
Burada kooperasiya müəssisələrinin ləğvi və sənaye zonasına yaxınlaşması sayəsində Sadovaya rayonu burjua "təmiz" məhəllələrinin ərazisinə çevrildi. Sadovaya küçəsinin tikintisinə 1885-ci ildə başlanılıb və sanki dairəvi magistralın ən ön hissəsi olan Nikolaevskaya küçəsinin (İstiqlaliyyət) formalaşması üçün “memarlıq zəminini” hazırlayıb.
Küçə salınan zaman isə Bakının memarlıq kompozisiyanın itməməsi üçün qəmbər daşlar gətirilib və burda istifadə edilib.
Sovet dövründə burdan trolleybus da keçib, maşınlar da. Bu yolla bağlı mərhum Heydər Əliyevlə bağlı maraqlı bir xatirə də var. Gənc yaşlarında sevdiyi Zərifə xanımı Nərimanov heykəlinin yanından götürüb şəhərə trolleybusla gedən Heydər Əliyev bu qəmbər daşların üstündə olan səsləri və silkələnməni çox bəyənirdi. Hətta onun Azərbaycanda Mərkəzi Komitənin sədri və Azərbaycan prezidenti olan zaman neçə dəfə xəbərdarlığı olub ki, qəmbər yollara toxunmaq olmaz. O gənc yaşlarından sevdiyi Zərifə xanımla bağlı xatirələrini hər zaman bu yoldan keçən zaman yenidən yaşayırdı sanki.
Amma indi....
Formula yarışlarına görə bu qədim qəmbər yollar asfaltlanır, sonra asfalt yenidən sökülür, yenidən asfalt çəkilir. Bu isə hər dəfə təkrarlananda yolun zədələnməsi və sıradan çıxmasına səbəb olur..
Çox heyf ki, rəsmi şəxslər Bakının, Azərbaycanın tarixinə belə biganədirlər.
Zaur Əliyev, dosent