Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qırğızıstanda milliləşmə prosesi

Qırğızıstanda milliləşmə prosesi


Qırğızıstanda bir neçə müddətdir dil haqqında qanun lahiyəsi geniş müzakirələrə səbəb olub. Xüsusilə Qırğızıstan prezidenti Sadır Japarovun atdığı bir sıra addımlar Rusiya siyasi dairələrində geniş narazılığa səbəb olub. Qeyd edim ki, Sovet İttifaqı dağıldıqdan sonra Qırğızıstanda rus dili xüsusi əhəmiyyətli dövlət dili statusuna qorudu.

Qırğızıstanda əsasən idarəetmədə şərti adları Bişkek, Oş və Cəlalabad klanları əsas güc mərkəzləridir. Hazırki prezident Sadır Japarovun liderlik etdiyi Ata-yurd partiyası Qırğız milliyətçiliyi ideologiyasına malik olan partiyadır. Partiyanın əsas idarədiciləri Qırğızıstanın milliyətçi hovuzunun əsas mərkəzi sayılan Cəlalabad şəhərindəndirlər.
Sadır Japarov Rusiyanın Ukrayna müdaxiləsindən sonra bir-sıra müstəqil addımlar atmağa çalışır. Burada Tacikistanla anlaşmaq istiqamətində səylər, Özbəkistanla bütün delimitasiya və demarkasiya xəttinin həlli, ölkənin sabiq prezidentləri ilə bir araya gəlməsi, onlarla siyasi diskursu və.s addımları misal göstərə bilərik.
"Ata-yurd" partiyasının əsas missiyasından biri isə Qırğız dilinin statusunu artırmaq və rus dilinin statusunu azaltmaqdır.

Ötən həftə Qırğızıstan parlamenti ikinci oxunuşda dil haqqında yeni qanunu təsdiqlədi. Qanun lahiyəsinə 79 deputat lehinə səs verdi, 8 deputat birtərəf qaldı, 3 deputat isə parlament sessiyasında iştirak etməyib. Qanun lahiyəsi dövlət orqanlarında bütün məmurların qırğızca danışmasını, eyni zamanda bütün peşə sahiblərinin qırğızca xidmətini məcburi olmasını təmin edən qanun lahiyəsidir. Rusiya mediası bu qanun lahiyəsini Qırğızıstanda rusafobiya kimi dəyərləndirib. Qeyd edək ki, rus dili Rusiyanın postsovet məkanında əsas yumşaq güc alətlərindən biridir.

Lakin qanun lahiyəsinə parlamentdə qarşı çıxanlar olub. Qırğızıstan parlamentinin üzvü Erulan Kokulov qeyd edib ki, qanun lahiyəsi populist bir qərardır. O qeyd edib ki, əgər bir həkim qırğızca danışacaqsa daha yaxşımı vətəndaşlara xidmət edəcək?

Qanun lahiyəsinə qarşı çıxan digər bir deputat Emil Jamqırçiev bildirib ki, Çingiz Aytmatov rusca yazıb, yaradıb. Məhz rus dili sayəsində Qırğız xalqı dünyaya çıxıb, Puşkin, Dostoyevski, Qorkinlə tanış olub, o vurğulayıb ki, xalqın uzun illərdir danışdığı bir dili qadağan etmək qəbuledilməzdir.

Qırğızıstan dövlət dili üzrə Dövlət komitəsinin sədri Qanıbek Osmanəliyev qeyd edib ki, heç kim rus dilini qadağan etmir, bizi çoxları "etnik faşist" adlandırır, lakin biz yalnız dövlət dilinin istifadəsi, inkişafı və qorunması istiqamətində müəyyən addımlar atırıq. Osmanəliyev onu da əlavə edib ki, Qırğızıstan dövlət əlifbası kiril əlifbasından Latın əlifbasına keçid edə bilər. Qeyd edək ki, Sovet İttifaqı dağıldıqdan sonra bütün türk dövlətlərində başlayan milliləşdirmə prosesinin əsas faktlarından biri latın əlifbasına keçid idi. Qırğızıstan yeganə türk ölkəsidir ki, hələ də kiril əlifbasından istifadəyə davam edir. Qırğızıstanın hakim partiyası olan Ata-yurd öz proqramına latın əlifbasına keçid məsələsini daxil edib. Hazırda bu gündəmdədir və Qırğız höküməti bu qanun lahiyəsini qəbul edərsə, digər türk dövlətlərinə qoşulacaq və bununla da Kiril əlifbası Türk dövlətləri arasında istifadəsi dayandırılacaq.

Sadır Japarovun bu qərarlarında həm Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən dolayı digər regionlarda müdaxilə imkanlarının zəifləməsi, digər tərəfdən isə Çinin Türküstan coğrafiyasında artan təsiridir. Çin XIN rəhbəri Qing Gang ötən gün yaydığı bəyanatda Çinin Mərkəzi Asiya ölkələrinin suverenliyinə, ərazi bütövlüyünə və daxili sabitliyinə tam dəstək olduğunu açıqladı. Qırğızıstan KTMT və AİB üzvü olmasına baxmayaraq son zamanlar KTMT-dən uzaqlaşma prosesi gedir. Onu da qeyd edək ki, Qırğızıstanın Çin və Türkiyə ilə əməkdaşlığı güclənir. Lakin bütün bunlara baxmayaraq Qırğızıstan Rusiya ilə ehtiyatlı siyasət yürütməyə davam etməyə çalışır. Hər şeydən öncə Qırğızıstan çox kiçik iqtisadiyyata malikdir, digər tərəfdən isə, Qırğızıstanın Rusiya bazarında böyük asılılığı var. Son 30 ildə demoqrafik vəziyyət 78-22% nisbətində qırğızların xeyrinə dəyişsə də, lakin hələ də Qırğızıstana Rusiyanın təsir imkanları qalmaqdadır, eyni zamanda burada rus azlığın mövcudluğu da, Qırğızıstan üçün təhlükəli məqamdır. Lakin bütün bunlara baxmayaraq Ukrayna müharibəsindən sonra Qırğızıstan bir sıra addımlarla müstəqil siyasət yürütməyə və öz suverenliyini möhkəmləndirməyə çalışır. Bu qanun lahiyəsini iqtisadi problemlərdən dolayı fikir yayındırmaq kimi qəbul edənlər də var. Rusiyadan olan ekspert, Mərkəzi Asiya Araşdırmalı mərkəzinin araşdırmaçısı Andrey Qrozin hesab edir ki, bu qərar ölkədə son illərdə yaranan sosial-iqtisadi böhrandan daxildəki diqqəti yayındırmaq üçün edilib. Lakin eyni zamanda demorafiq reallıq, Rusiyanın artan aqressiyası Qırğız hökümətinin müəyyən addımlar atmağa məcbur edir. Onu da qeyd etmək lazımdır ki, paytaxtış Bişkekdə hələ də rus dili çox geniş istifadə edilir. Eyni zamanda rus dilində təhsil bir çox mənada qırğız dilini üstələyir. Bütün bunlar onu göstərir ki, Türküstan regionu dünya siyasətinin əsas gündəmi olmaqda irəliləyir. Burada isə biz Qərb, Çin, Rusiya kimi qlobal oyunçular, Türkiyə, İran, Hindistan, Pakistan kimi regional oyunçular arasında artan rəqabətin şahidi olmağa davam edəcəyik.

MAMM Türküstan Araşdırmalar Departamentinin əməkdaşı Kamran Sultanlı:
Xəbəri paylaş