Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident Cəbrayılda bir sıra yaşayış məntəqlərinin təməlini qoyub

Prezident Cəbrayılda bir sıra yaşayış məntəqlərinin təməlini qoyub


Mayın 4-də Cəbrayıl rayonunun Horovlu kəndinin təməli qoyulub.

Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.

Əvvəlcə kənddə görüləcək işlər və yaradılacaq şərait barədə videoçarx nümayiş olunub.

Dövlət başçısına kənddə görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, layihələndirilən ümumi ərazi 248,1 hektardır. Perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub. Baş plana əsasən, köhnə Horovlunun ərazisini əhatə edən bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Çapand, Safarşa, Fuğanlı və Həsənqaydı kəndləri ilə birlikdə layihələndirilib.

Qeyd olunub ki, birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün 334 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq.

Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, qonaq evinin tikintisi planlaşdırılıb. Əhalinin məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər də görüləcək.

Diqqətə çatdırılıb ki, kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilir.

Prezident İlham Əliyev Horovlu kəndinin təməlini qoyub.

XXX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində inşa edilən akademik Mehdi Mehdizadə adına tam orta məktəbin binasında aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Dövlət başçısına məktəb binasında görülən işlərlə bağlı məlumat verilib.

Bildirilib ki, 960 yerlik yeni məktəb binasının inşasına 2021-ci ilin oktyabrında başlanılıb. Burada şagirdlərin təhsili, təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün hərtərəfli şərait yaradılacaq.

Məktəbin həyətində geniş idman meydançası yaradılacaq ki, bu da sağlam gənc nəslin yetişməsi üçün vacib amillərdəndir.

Bir sözlə, doğma torpaqlarına geri dönən cəbrayıllı şagirdlər 145 yaşlı orta ümumtəhsil müəssisəsinin ən müasir tələblərə cavab verən yeni binasında təhsil alacaqlar.

XXX

Mayın 4-də Cəbrayıl rayonunun Şükürbəyli kəndinin təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlət başçısına kənddə görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, Şükürbəyli kəndində 1042 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 298 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 184 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kənddə 635 fərdi evin tikilməsi nəzərdə tutulur.

Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Dəjəl, Şıxəliağalı kəndləri vә Mahmudlu qəsəbəsi ilə birlikdə layihələndirilib.

Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, ticarət mərkəzi, bazar, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, məscid, qonaq evinin inşası planlaşdırılıb. Burada da sakinlərin məşğulluğunun təminatı ilə bağlı bütün zəruri tədbirlər görüləcək.

XXX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub, “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “Improtex Qarabağ Sənaye Kompleksi” MMC-nin müəssisələrinin təməllərini qoyub.

Iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına sənaye parkında görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, regionda mövcud yeni reallıqlar və əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları və s. azad edilmiş ərazilərimizə investor marağını da artırır.

Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının fəaliyyəti üçün əlverişli şəraiti təmin edir. Logistik imkanlar baxımından əlverişli ərazidə təşkil olunması investorların diqqətini cəlb edən əsas məqamlardan biridir. Belə ki, Sənaye Parkı yeni salınan magistral avtomobil yolu və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edəcək. Bu avtomobil və dəmir yolları Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaradacaq.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti Parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb. Bu layihələrin reallaşması nəticəsində, ümumilikdə Sənaye Parkına 32,7 milyon manat investisiya yatırılacaq, 420-dən çox daimi iş yeri yaradılacaq.

Bildirilib ki, bu Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Sənaye Parkının prioritet istiqamətləri kimi, logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin və s. təşkili müəyyənləşdirilib. Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. Parkın ərazisi tam olaraq minalardan və hərbi sursatlardan təmizlənib. Sənaye Parkında fəaliyyət göstərəcək işçilərin və sahibkarların rahatlığının təmin edilməsi məqsədilə mobil şəhərcik salınıb. Şəhərcikdə yataqxana, yeməkxana, ofis, tibb məntəqəsi və aptek, market, qarışıq mallar mağazası, anbar, camaşırxana, bərbərxana, nəzarət buraxılış məntəqəsi quraşdırılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri görülüb. Sənaye Parkının ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə subartezian quyusu qazılıb. Ərazidə 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb. Parkın işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir. Sənaye Parkının ərazisində topoqrafik və mühəndis-geoloji tədqiqat işləri tam olaraq yekunlaşdırılıb. Hazırda Parkda inzibati binanın tikintisi işləri, rezidentlər üçün infrastruktur sisteminin qurulması, əraziyə dəmir yolu xəttinin çəkilməsi üçün layihələndirmə istiqamətində işlər davam etdirilir.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ölkədə mövcud digər sənaye parklarında olduğu kimi, sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır. Belə ki, Sənaye Parkının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, işıq, su, kanalizasiya, daxili avtomobil və dəmir yolları, fiber-optik və s.) təmin edilir. Eyni zamanda, qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunurlar. Bunlarla yanaşı, İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən rezidentlərə hər cür təşkilati dəstək tədbirləri göstərilir. Həmçinin bu il yanvarın 1-dən etibarən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün əlavə güzəştlər tətbiq edilir. Buraya sosial sığorta haqlarının subsidiyalaşdırılması, işğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə güzəştlər də daxildir.

Prezident İlham Əliyev Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub.

Məlumat verilib ki, Rusiya və Azərbaycan birgə müəssisəsi olan “Avto Lizinq Azərbaycan” MMC tərəfindən Sənaye Parkının 3 hektar ərazisində yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına texniki servis xidmətlərinin göstərilməsi mərkəzi yaradılacaq. Sənaye Parkının ilk rezidenti kimi qeydiyyatdan keçən və 2021-ci il oktyabrın 5-də təməli qoyulan “Avto Lizinq Azərbaycan” MMC-nin texniki servis mərkəzinin tikintisi işləri uğurla davam etdirilir. Ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına artıq 5,6 milyon manatdan çox investisiya yatırılıb. Müəssisənin fəaliyyətə başlaması ilə 65 nəfər daimi işlə təmin ediləcək. Texniki servis mərkəzinin 2023-cü ildə fəaliyyətə başlaması nəzərdə tutulur.

XXX

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyasının açılışını edib.

Dövlət başçısına görülən işlər barədə məlumat verilib.

Qeyd edək ki, ötən il mayın 26-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizi Layihəsi çərçivəsində təməli qoyulan 330/110 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyası və ikidövrəli olmaqla 132 kilometr məsafədə 330 kV-luq “Ağcabədi-Cəbrayıl” ötürmə xətti “Azərenerji” tərəfindən rekord müddətdə - bir ildə tikilib və 330 kV-luq “Ağcabədi” yarımstansiyası müasir texnologiyalar əsasında tam yenidən qurulub.

Ən əsası bu müddətdə işğaldan azad edilən rayonlarda 11 yerdə tikilən 110 kilovoltluq yarımstansiyaları selektiv paylama ilə qidalandırıb, dairəvi elektrik təchizatına nail olmaq üçün 330 kilovoltluq “Cəbrayıl” qovşaq yarımstansiyası ilə 110 kilovoltluq “Qubadlı” yarımstansiyası arasında ötürmə xətti çəkilib. Bu layihənin bir neçə mühüm əhəmiyyəti var. Belə ki, Qarabağ və Şərqi Zəngəzur regionlarını yeni mənbə olaraq qidalandırıb dairəvi elektrik təchizatını təmin etmək, bu bölgələrin dayanıqlı və fasiləsiz elektrik təchizatına nail olmaq, yaradılan meqalayihələrin tələbatını qarşılamaq, BP Günəş və digər bərpaolunan enerji mənbələrində, həmçinin “Xudafərin” və “Qız qalası” elektrik stansiyalarında, o cümlədən işğaldan azad edilən ərazilərdə “Azərenerji” tərəfindən tikilən 25 Su elektrik stansiyasında istehsal olunan enerjini ümumi sistemə ötürmək üçün “Cəbrayıl” enerji qovşağının istismara verilməsi olduqca əhəmiyyətli hadisədir.

Digər tərəfdən perspektivdə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerji sisteminə qoşmaq, həmçinin Cəbrayıl-Naxçıvan-Türkiyə, oradan isə qardaş ölkənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə edib ixrac imkanlarını artırmaq üçün “Cəbrayıl” qovşaq yarımstansiyasının işə düşməsi xüsusi önəm daşıyır.

Dövlət başçısı “Cəbrayıl” qovşaq yarımstansiyasını işə salıb.

Bildirilib ki, üçmərhələli ölkələrarası enerji layihəsini həyata keçirmək üçün “Cəbrayıl” enerji qovşağında tikilən 330 və 110 kV-luq açıq paylayıcı qurğularda əlavə ehtiyat yuvalar yaradılıb. Eyni zamanda, burada avtomatik açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və digər proseslər üçün Rəqəmsal İdarəetmə Mərkəzi tikilib.

“Cəbrayıl” enerji qovşağının ətrafında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar irimiqyaslı ağacəkmə və bağsalma aksiyası keçirilib.

Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə “Azərenerji” tərəfindən bu günədək 37 enerji obyekti - 12 yarımstansiya, 25 Su elektrik stansiyası tikilib və tikilməkdədir. Bu enerji obyektlərində indiyədək 170 nəfər yerli sakin məskunlaşma siyasətinə uyğun olaraq daimi işlə təmin edilib.

XXX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin təməlinin qoyulması tədbirində iştirak edib.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına qəsəbədə görüləcək işlər barədə məlumat verib.

Qeyd edilib ki, qəsəbə Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan Xudafərin körpüsünün yaxınlığında, yeni dəmir yolu xəttindən və avtomobil yolundan 7 kilometr məsafədə salınır. Qəsəbənin layihələndirilən ümumi ərazisi 25 hektardır. Baş plana əsasən, gələcəkdə burada 149 ev tikiləcək. Qəsəbədə birinci mərhələdə 20 evin inşası nəzərdə tutulur. Burada iki, üç, dörd və beş otaqlı fərdi evlər tikiləcək. Hər evin həyətyanı sahəsi 600 kvadratmetr təşkil edəcək. Qəsəbəyə birinci növbədə 77 sakin köçürüləcək.

Xudafərin qəsəbəsində məktəb, uşaq bağçası, inzibati bina, məscid, bazar, çoxfunksiyalı bina (ticarət müəssisələri, tikinti materiallarının satış zonası, ictimai qida müəssisələri və s.), mədəniyyət evi, “Karvansaray” hotel və icma evi də yaradılacaq. Bundan başqa, Araz çayının sahilində və Xudafərin körpüsünün yaxınlığında parkın salınması da nəzərdə tutulub.

Dövlət başçısı qəsəbənin inkişaf planı barədə videoçarxa baxıb.

Sonra Prezident İlham Əliyev Xudafərin qəsəbəsinin təməlini qoyub.

Sevinc
Xəbəri paylaş