Rusiya ilə Ukrayna arasında döyüşlər özünün ən şiddətli mərhələsinə qədəm qoyur. Ukrayna əks-hücum əməliyyatına keçməyi nəzərdə tutduğu halda, Rusiya rəqibinə daha ağır və dağıdıcı raket zərbələri endirir. Moskva Ukraynada insan tələfatı ilə yanaşı ekoloji terrora da yol açır.
Newscenter.az-ın xəbərinə görə, siyasi ekspert Çingiz Şahbazi də deyir ki, Rusiya Ukraynada həyata keçirdiyi müharibəni, daha şiddətli şəkildə davam etdirir. Onun sözlərinə görə, Kreml Ukraynada daha da ciddi fəlakətlərə səbəb ola biləcək silahlardan istifadəni nəzərdə tutur. Çünki, artıq Rusiyanın gücü həddən artıq tükənib və bu vəziyyətdə onun başqa seçimi yoxdur:
"Məhz bu səbəbdən ruslar çalışır ki, Ukrayna tərəfi və müttəfiq ölkələr Rusiyanın qapısına gəlməli və mənasız müharibənin dayandırılması barədə müraciət etməlidirlər".
Ekspertin qənaətincə, Ukrayna və onun müttəfiqləri yaxşı başa düşürlər ki, artıq Rusiya müharibəni davam etdirə biləcək gücdə deyil və bundan sonra Rusiyanın sürprizləri başlaya bilər:
"Bu Rusiyanın əlində olan texnogen şantaj kartıdır. Bundan sonra Rusiyanın hansı addımlar ata biləcəyi sözsüz ki, nəzarətdədir. Bu gün həmin sürprizlərin ilkinə dünya şahidlik etdi. Bu kimi addımların davamı gözlənilirmi? Əlbəttə ki, gözlənilir. Bu gün, SES-in və Kaxovka su hövzəsi bəndlərinin partladılması hadisəsi, gələcək günlərdə Zaporojye vilayəti Enerqodar Atom elektrik stansiyası üzərində baş verə biləcək ehtimalları özündə daha da artırdı. Hansı ki, Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyası hesab edilir və bu AES-in partladılması nəticəsində bütün Avropa ölkələri nüvə radiasiyası təhlükəsi ilə üzləşə bilər".
Anar TAGİYEV