Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ciddi fəaliyyətləri görünməyən bəzi partiyalar hakimiyyətin güzəştli münasibətinə ümidlidirlər

Ciddi fəaliyyətləri görünməyən bəzi partiyalar hakimiyyətin güzəştli münasibətinə ümidlidirlər


Mövcud siyasi partiyaların yeni qanunvericiliyin tələbinə uyğun olaraq təkrar qeydiyyatdan keçmələri üçün müraciət edəcəkləri son tarixə sayılı günlər qalıb. Bildiyiniz kimi, yeni qanunun yanvarda qüvvəyə minməsindən sonra artıq çox sayda partiya xüsusi bəyanat yayaraq öz fəaliyyətlərini dayandırdıqlarını bildirib. Bunun da əsas səbəbi həmin partiyaların təkrar qeydiyyat üçün tələb olunan beş min üzvünün olmamasıdır.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən siyasi ekspert Əliabbas Məhərrəmli deyib ki, əslində, əvvəlki qanunun qüvvədə olduğu dönəmdə fəaliyyətlərini dayandıran partiyalardan üzvlərinin sayı soruşulduqda onların təmsilçiləri minlərlə üzvlərinin olduğunu iddia edirdilər:

"Amma ortaya çıxan reallıq deməyə əsas verir ki, onların nəinki minlərlə, heç onlarla üzvü yox imiş".

Ekspertin qənaətincə, görünən budur ki, ölkədə qeydiyyatdan keçmiş partiyaların sayı altmışa yaxın olsa da, onların içindən barmaqla sayılacaq qədər təşkilat yeni qanunvericiliyin tələblərinə əməl etmək imkanındadır. Maraqlıdır ki, ciddi fəaliyyətləri görünməyən bəzi partiyalar isə, deyəsən, hakimiyyətin bu və ya digər formada güzəştli münasibətinə ümidlidirlər:

"Mətbuatı, daxili siyasi həyatı müntəzəm diqqətdə saxlayan şəxs olaraq deyə bilərəm ki, müşahidələrimə əsasən, iki-üç partiyadan başqa, digərləri təşkilatlanma işi ilə qətiyyən məşğul deyil. Digər tərəfdən, açıq desək, ölkədə daxil siyasi proseslərə maraq da yetərli səviyyədə deyil. Ancaq bu artıq başqa söhbətin mövzusudur.
Yenə o məqama qayıtmaq istərdim ki, partiyaların yerinə yetirməli olduqları beş min üzv tələbinin müddəti iyunun son günü yekunlaşır. Hansı partiyaların bu işin öhdəsindən gəlib-gəlmədiyini o zaman görəcəyik. Bir təklifimi xatırlatmaq istərdim ki, təkrar qeydiyyat üçün beş min üzv toplaya bilən partiyaların normal qurultay keçirmələri və üzvlərinin siyahısını ictimaiyyətə açıqlamaları məqsədəuyğun olardı".

Anar Əliyev
Xəbəri paylaş