Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə hədəflərinə doğru ağır bir dönəmdən keçməyə qərar verib

Türkiyə hədəflərinə doğru ağır bir dönəmdən keçməyə qərar verib


"Türkiyədə yeni hökumət formalaşdı. İstər yerli, istərsə də dünya mediasında təyin olunmuş kadrlar üzərində çoxsaylı müzakirələr aparıldı. Bütün bunların fonunda hər kəsin, bu siyasi komandaya böyük ümidləri var və artıq Türkiyənin yeni hökuməti işə başlayıb. Bu arada Prezident Ərdoğanın üzümüzə gələn həftə öncə Kıbrısa, daha sonra Azərbaycana rəsmi səfəri planlaşdırılır. Xeyirli uğurlu olsun".

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, formalaşdırılan yeni hökumətin tərkibinə nəzər salsaq görərik ki, Türkiyə hədəflərinə doğru ağır bir dönəmdən keçməyə qərar verib:

"Bu dönəm Türkiyənin daha böyük olan hədəflərinin reallaşması üçün konkret olaraq, ən kritik dönəm hesab edilir. Tarixi hadisələr elə cərəyan edir ki, Türkiyə iki böyük siyasi qütb arasında, siyasi və iqtisadi baxımdan azad manevr etmə funksiyasını əlində saxlamalıdır. Bu Rusiya ilə münasibətlər və Rusiya-Ukrayna müharibəsində rolu və mövqeyi mühüm amillərdən hesab olunur. Bundan başqa Türkiyənin NATO-dakı rolu və paralel olaraq Avropa İttifaqı ölkələri ilə münasibətlərə yeni nəzərlərlə baxmağa ehtiyac duyulur və əlaqələrin davam etdirilməsi üçün zədələnmiş münasibətlərin normallaşması istiqamətində zəruri addımların atılması, hədəflərə doğru yürüdülən siyasətdə xüsusi yer alır".

Ekspertin qənaətincə, Türkiyənin Rusiya ilə normal münasibətləri sözsüz ki, Qarabağ məsələsində Azərbaycanın işinə çox fayda verməkdədir:

"Biz bilirik ki, Rusiya Ermənistana havadarlıq etməklə münaqişənin davam etməsində maraqlıdır və o bununla Cənubi Qafqazı əlindən verməməyə çalışır. Qərbi sülh danışıqları proseslərindən uzaqlaşdırmaq üçün əlindən gələni edir və əldə olunan nəticələri şərti sərhəd boyunca pozuculuq əməlləri ilə və separatçılara silah sursat ötürərək mövqelərimizi intensiv olaraq atəşə tutulmasını təmin edir. Əgər Türkiyə ilə Rusiyanın münasibətləri korlanarsa, bunun ilk olaraq ziyanın Azərbaycan görəcək. Rusiyanın daha da irəli getməyəcəyinə heç kim zəmanət verə bilməz. Məhz Putinin kadrları hesab edilən Vardanyanların Qarabağda varlığı və Azərbaycana qarşı çağrışları, təxribatları orda yaşayan ermənilərin normal düşüncələrinə qarşı olan vasitələrdir. Oradakı erməniləri Rusiyanın təsiri altında saxlamaq üçün atılan addımlardır. Unutmamaq lazımdır ki, Türkiyənin Rusiya ilə münasibətləri əgər korlanarsa, bu Rusiyanı, Qarabağın müstəqilliyini tanımasına qədər apara bilər. ABŞ və Avropa İttifaqının hər zamankı kimi Ermənistandan yana olduğu üçün, buna göz yummayacağına inanmaq çətindir".

Çingiz Şahbazi deyib ki, güclü Türkiyə olmaq üçün doğru kadr siyasəti olmalıdır və bu gün biz bunu qardaş ölkədə hörmətli Ərdoğanın yeni qurduğu hökumətin tərkibində görməkdəyik:

"İnanıram ki, bu hökumətin doğru yürütdüyü siyasətin nəticəsində, Azərbaycan da öz nəsibini ala biləcək və ölkəmiz hədəflərində tamamlanması nəzərdə tutulan məsələləri müvəffəqiyyətlə həyata keçirməsinə imkan tapacaqdır".

Anar Əliyev
Xəbəri paylaş