“Türkiyədə oturuşmuş bir ənənə mövcuddur. Yeni seçilən prezidentlər və yaxud baş nazirlər ilk səfərlərini QKTC-nə edirlər. Son illər Azərbaycan, ilk xarici səfər edilən ölkə sayılır. Bu da, ölkələrimiz arasında formalaşmış dostluq, qardaşlıq münasibətlərinin səviyyəsini göstərir”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili deyib ki, Azərbaycan və Türkiyə, Türk Dövlətləri Birliyinin inteqrasiyasında aparıcı rol oynayır:
“Hər iki ölkə arasında siyasi, iqtisadi, mədəni, hərbi və s. sahələrdə sıx əməkdaşlıq mövcuddur. Təbii ki, müzakirə olunası kifayət qədər mövzu, həll olunası problemlər var”.
Millət vəkili deyib ki, dövlət başçılarının hər bir görüşü, qarşıya yeni məsələlər çıxarır:
“Yeni çağırışlara uyğun qərarların qəbul edilməsini şərtləndirir. Ələlxüsus indiki şəraitdə, Ermənistanla sülh müqaviləsinin imzalanmasına mane olan amillərin aradan qaldırılması, kommunikasiyaların açılması, Qarabağdan erməni silahlı dəstələrinin çıxarılması istiqamətində birgə səylərin göstərilməsi, vacib məsələlərdəndir”.
Nəsib Məhəməliyev deyib ki, prezidentlərin görüşündə qlobal siyasətlə bağlı müzakirələr aparıla bilər.
Anar Əliyev