Sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlir. Bir qayda olaraq Türkiyədə hər seçkilərdən sonra seçki mübarizəsində qalib gəlmiş şəxsin ilk səfər etdiyi ölkə məhz Azərbaycan olur və bu ənənə uzun illərdir ki, davam edir. Rəcəb Tayyib Ərdoğanın növbəti səfəri də məhz həmin ənənənin davamıdır.
Ancaq Türkiyə prezidentinin Azərbaycan səfəri zamanı bir sıra mühüm məsələlər ətrafında da fikir mübadiləsi aparılıb ümumi razılıqların əldə ediləcəyi şübhəsizdir. Ərdoğanın Azərbaycana səfərini şərh edən “Xəbər Mərkəzi” Analitik Qrupu hesab edir ki, Türkiyə prezidentinin səfər çantası xeyli zəngindir və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı özündə ehtiva edən sənədlər Ərdoğanın çantasında yer alır.
Newscenter.az-a Analtiik Qrupdan daxil olan açıqlamada o da qeyd edilib ki, Ərdoğanın səfərinin tarixi Şuşa Bəyannaməsinin ildönümünə təsadüf etməsi də xüsusi diqqət çəkicidir:
“Bildiyimiz kimi Şuşa Bəyannaməsində qeyd edilir ki, tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər. Bu baxımdan Türkiyə prezidentinin səfəri zamanı qeyd edilən maddə ətrafında xüsusi bir fikir mübadiləsinin aparılacağı və hansısa razılığın əldə olunacağı mümkündür. Bundan başqa sənəddə yer alan “tərəflər minalanmış ərazilərin təmizlənməsi əsas götürülməklə Ermənistan işğalından azad edilmiş rayonlarda həyatın normallaşdırılması istiqamətində fəaliyyətləri dəstəkləyəcəklər” maddəsi ətrafında da yeni bir addımın atılması mümkün görünür”.
Anar Əliyev