Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan dünyaya günəş kimi doğdu

Azərbaycan dünyaya günəş kimi doğdu


Azərbaycanda milli-azadlıq hərəkatı genişlənmişdi. Bu hərəkat həm Ermənistanın Azərbaycandan ərazi iddiasına yönəldilmişdi, həm də dövlət müstəqilliyinin bərpasına. İmperiya bütün vasitələrdən istifadə etsə də bu hərəkatın qarşısını ala bilmədi, Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Dünya dövlətləri Azərbaycanı tanıdı.

Gənc Azərbaycan dövlətində hakimiyyət boşluğu yaranmışdı, dövlət təsissatları dünyəvi siyasətin tələbləri səviyyəsində fəaliyyət göstərə bilmirdi. Azərbaycan Xalq Cəbhəsi-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması, bunların ölkənin daxilində vətəndaş müharibəsi şəraiti yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Azərbaycan dövlət müstəqilliyini itirmə ərəfəsindəydi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Xalq yeganə çıxış yolu kimi dahi tarixi şəxsiyyət Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi. Ulu Öndər Azərbaycanı düşdüyü vəziyyətdən xilas etmək üçün xalqın tələbi ilə hakimiyyətə qayıtdı. Bu, böyük fədakarlıq idi. Milli qarşıdurma həddində olan respublikada siyasi stabillik yaratmaq olduqca çətin olsa da Ulu Öndər bunu həll etdi.

Heydər Əliyev televiziya ilə xalqa müraciət edi. Bu müraciət dövlət-xalq birliyinin möhkəmləndirilməsi niyyəti kimi tarixləşdi. Dahi tarixi şəxsiyyət, böyük siyasət fenomeni olan Heydər Əliyev milli qarşıdurmanın yarandığı əraziyə - Gəncəyə getdi. Onun missiyası Azərbaycan dövlətçiliyini iflasdan xilas etdi. Bu gərəkli siyasi prosesi 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi tamamladı. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. 1997-ci ilin iyun ayında Milli Məclis 15 iyun gününü Milli Qurtuluş günü elan etdi...

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın dövlətçiliyi xilas edildi, Azərbaycanın parçalanmasının qarşısı alındı, asayiş, qayda-qanun möhkəmləndirildi, ordu nizami ordu kimi formalaşdırılmağa başlanıldı, ordu quruculuğu yeni bir mərhələyə qədəm qoydu, idarəetmə sistemi formalaşdırıldı. Böyük miqyaslı beynəlxalq müqavilələr imzalandı ki, bu da Azərbaycan Respublikasının iqtisadi qüdrətinin yüksəlişini təmin etdi, ilk parlament seçkiləri keçirildi, referendum yolu ilə Konstitusiya qəbul edildi. Bunlar Azərbaycanın dünya dövlətləri sırasında dünyəvi dövlət kimi tanınmasında mühüm əhəmiyyətə malik oldu.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə dünya Azərbaycanlılarının I qurultayı keçirildi, bu təşəbbüs azərbaycançılıq ideologiyasının dünyəvi mahiyyətnin gerçəkləşdirilməsini təmin etdi. “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi Ulu Öndərin xalqımızın qədimdən də qədim mədəniyyətinin, ədəbiyyatının həm təbliği, həm də mühafizəsi baxımından misilsiz tədbir kimi tarixləşdi.

Ulu Öndər Azərbaycanın ərazilərinin işğaldan azad edilməsini arzulayırdı, xarici siyasəti, əsasən, bu məqsədə xidmət edirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin istəyini gerçəkləşdirdi. İkinci Qarabağ müharibəsində ordumuz tarixi Zəfər qazandı. İndi işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri gedir...

Çağdaş Azərbaycanın gerçəkliklərini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev belə ümumiləşdirib: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”...

2023-cü ilin Heydər Əliyev ili elan edilməsi də həm Ulu Öndərə, həm də 15 iyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətinə ehtiramın ifadəsidir...

Bunları dünya dövlətləri də etiraf edir..

Ulu Öndərin dediyi kimi, Azərbaycan dünyaya günəş kimi doğdu....


Səbinə XASAYEVA

Milli Məclisin deputatı
Xəbəri paylaş