“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı seçildikdən sonra ilk səfərini Azərbaycana etməsi Bakı ilə Ankara arasında münasibətlərin nə dərəcədə yüksək səviyyədə inkişaf etdiyinin göstəricisidir”.
Bu fikirləri Newscenter.az-a səsləndirən “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı deyib ki, seçkilərdən sonra qarşılıqlı olaraq Bakı və Ankaraya edilməsi artıq ənənə halını alıb və bu kimi səfərlər gələcək əməkdaşlıq, əlaqələrin daha da dərinlışməsi baxımından mühüm əhəmiyyət kəsb edir:
“Tarixin dərin köklərinə bağlı olan Azərbaycan-Türkiyə dostluq və qardaşlığı günümüzdə hər iki ölkənin liderlərinin sayəsində, ortaya qoyduqları siyasi iradə, ən əsası əsl, dost, qardaş münasibətləri nəticəsində dünya üçün bir örnəyə, nümunəyə çevrilib. Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci secincimiz, kədəri kədərimizdir”, ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” tarixi kəlamları günümüzdə bütün anlamları, istiqamətləri ilə özünü təsdiqləyir.
Necə ki, 44 günlük Vətən müharibəsi günlərində qardaş Türkiyə dövləti sona qədər, tarixi zəfərimizi qazandığımız anadək Azzərbaycanın yanında yer aldı, ona mənəvi dəstək oldu, eləcə də bir neçə ay əvvəl qardaş ölkədə baş verən dağıdıcı zəlzələ zamanı yardıma ilk gedən Azərbaycan oldu. Həmin günlər Azərbaycan insani, Azərbaycan dövləti təkcə humanitar, iqtisadi sahədə deyil, eləcə də siyasi sahədə Türkiyəylə həmrəylik, birlik nümayiş etdirdi. Şuşada keçirilməsi nəzərdə tutulan Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün Azərbaycan Respublikasının Prezidentinin İlham Əliyevin təşəbbüsü və təklifi ilə Ankarada baş tutması məhz çətin günlər yaşayan Türkiyəyə verilən siyasi dəstək idi”.
Arzuman Muradlı deyib ki, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfəri yeni dönəmdə yeni əməkdaşlıq imkanları, əlaqələrin daha da dərinləşdirilməsi və gücləndirilməsi anlamı verir.
Anar Əliyev