“Polislərimizdən nə qorxmaq, nədəki xoflanmaq lazım deyil. Onlara nifrət bəsləmək, onları düşmən kimi tanıtmağa cəhd göstərmək də qətiyyən doğru deyil”.
Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, axtarsaq istənilən insanda qüsur tapa bilərik:
“Heç birimiz mələk deyilik. Çevrəmiz də bizim kimi günahları, savabları az və ya çox sayda olan müxtəlif insanlarla doludur. Polis də insandır, onun da hissləri var. O da müsbət və mənfi cəhətləri ilə birlikdə, nəhayətdə bizim kimi adi bir insandır. Biz ilk növbədə polislərimizin müsbət cəhətlərini, nümunəvi əməllərini görməyə və qabartmağa çalışmalıyıq ki, bu da polislərimizin daha keyfiyyətli iş əmsalı ilə fəaliyyət göstərmələrinə əlavə bir stimul olsun”.
Əli İbrahimov deyib ki, polislərimiz mənəvi stimulu bizdən, cəmiyyətdən almalıdır:
“Çünki onlar son nəticədə bizim üçün çalışır, bizim asayişimizin keşiyində dayanır, bizi və əzizlərimizi qoruyurlar. Polisin ən öndə olan vəzifəsi məhz asayişi qorumaqdır. Polisimiz öz fədakarlığı ilə, qayğıkeşliyi ilə, məsuliyyətli və nümunəvi xidməti ilə cəmiyyətimizin rəğbətini, insanlarımızın sevgisini qazandı. Mən nümunəvi polislərimizlə də, qədirbilən xalqımızla da qürur duyuram".
Anar Əliyev