"15 iyun həm ölkə müstəqilliyimizin, həm də xalqımızın qurtuluşu günüdür".
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən Milli Məclisin deputatı İqbal Məmmədov deyib ki, bugünkü ölkə müstəqilliyimizi ulu öndər Heydər Əliyevə borcluyuq:
"90-ci ilin əvvəlində dövlətimizin müstəqil olsa da yarıtmaz idarəetmə ucbatından ölkəmizdə xaos və anarxiya hökm sürürdü. Dövrün bütün çətinliklərinə baxmayaraq ulu öndər Heydər Əliyev xalqını xilas edərək ölkəmizi yenidən hansısa dövlətin müstəmləkəsinə çevrilməsindən xilas etdi. Xalqın arzusu və istəyi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. 1993-cü il iyunun 15-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və davamlı inkişafın təməlini qoydu. İyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır", – deyən ümummilli lider mövcud problemlərin həlli üçün vətəndaş həmrəyliyini və birliyinin olduğunu qeyd edirdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu".
Deputat vurğulayıb ki, ölkədə yaranan sabitlik AXC-Müsavat birliyini narahat edirdi:
"Onlar müxtəlif oyunlarla ulu öndər Heydər Əliyevə maneə olmağa, ölkədə vətəndaş qarşıdurması yaratmağa çalışırdılar. Lakin xalqımızın ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək ölkəmizi yenidən parçalamağa çalışan qüvvələrə birdəfəlik yox dedilər. Bununla da ölkəmizdə uzun illərdir ki, davam edən gərginlik aradan qaldırıldı, ölkəmiz vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. 1993-cü il oktyabrın 3-də ümumilli lider Heydər Əliyev xalqımızın böyük səs çoxluğu ilə prezident seçildi.
Ulu Öndər Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir".
Deputat söyləyib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə bütün sahələrin inkişafına təkan verildi:
"Ən önəmlisi isə Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı. Daha sonra isə ulu öndər Heydər Əliyevin yüksək idarəetmə və diplomatik məharəti sayəsində 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi, 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı.
Ümumilli lider Heydər Əliyevin yüksək iradəsi, uzaqgörənliyi və fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib. Heydər Əliyev ömürünü xalqına və vətəninə xidmət edən lider kimi xalqımızın yaddaşında həkk olunub. Xalqımız böyük xilaskarının xidmətlərini heç vaxt unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir".
Deputat bildirib ki, ölkəmizin qazandığı bütün uğurların arxasında ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır:
"Bu gün cənab prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək ölkəmizi regionda söz sahibinə çevirib. Ən önəmlisi isə ərazi bütövlüyümüzü öz gücümüzə bərpa edərək Qarabağımızı əsil sahibinə geri qaytardı. İllər keçsə də xalqımız ulu öndər Heydər Əliyevi və onun zəhmətlərini unutmayacaq".(sonxeber.az)