Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qurtuluşumuz tarixi zəfərlərimizi şərtləndirir

Qurtuluşumuz tarixi zəfərlərimizi şərtləndirir


Keçən əsrdən, xüsusilə onun sonlarından danışmaq mənim üçün çox çətin olsa da həm də qürurlu bir işdir. Çünki, xalqımız XX əsrdə böyük məhrumiyyətlər ilə üzləşmiş, ideoloji təbliğat maşınlarının təsirinə məruz qalmış, soyqırım və terrorlarla üzləşmişdir. Ancaq bütün bunlara baxmayaraq öz iradəsini, tarixi köklərə bağlılığını, milli dəyərlərə sevgisini, milli azadlıq və müstəqillik ruhunu itirməmişdir.

1993-cü il iyunun 15-i Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Tarixə ekskurs edərək bəhs etdiyimiz tarixi günün həqiqətən də çox mürəkkəb ictimai-siyasi proseslərin cərəyan etdiyi bir dövrdə vətənimizin gələcək taleyini həll edən bir gün olduğunu dərk edə bilərik.

1991-ci ildə SSRİ kimi super dövlətin dağılması və milli azadlıq mübarizəmiz nəticəsində biz müstəqilliyimizi bərpa etdik və azadlığa nail olduq. Ancaq müstəqilliyin ilk illərində Azərbaycanda siyasi hakimiyyətə gələn insanların səriştəsizliyi və atdıqları qeyri-peşəkar addımlar ölkəmizi xaosa sürükləyirdi. Bununla yanaşı daxildə vətəndaş müharibəsi və qardaş qırğını kimi sonralar ağır nəticələr hasil edəcək hadisələr yetişdirdi. O, cümlədən Azərbaycanın kiçik hissələrə parçalanması baş verə bilərdi.

Belə olan halda xalq öz xilasını Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında gördü. O, Azərbaycana dəvət edildi. 1993-cü ilin 15 iyununda Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Ümumilli lider həmin ilin iyunun 24-dən etibarən prezident səlahiyyətlərini icra etməyə başladı. Oktyabrın 3-də keçirilən seçkilərdə isə ümumxalq səsverməsi nəticəsində müstəqil Azərbaycanın prezidenti seçildi. Heydər Əliyevin böyük qayıdışı ilə ölkəmizdə bütün sahələrdə davamlı inkişaf özünü göstərdi. Hərtərəfli islahatlar həyata keçirildi. Ulu Öndərdən sonra onun irsini layiqincə davam etdirən cənab prezident İlham Əliyev öz məhsuldar fəaliyyəti ilə böyük uğurlara imza atır. Bütün bunların zirvəsində isə 2020-ci ildə 30 il ərzində erməni separatçılarının işğalı altında saxlanılan ata-baba torpaqlarımızın azad edilməsi nəticəsində əldə etdiyimiz möhtəşəm qələbə oldu. Heydər Əliyev siyasəti və İlham Əliyev iradəsi 44 günlük vətən müharibəsində öz işini gördü, zəfərimizi şərtləndirdi.

Azərbaycanın qarşısında uzun, işıqlı bir yol və parlaq gələcək var. Tariximizi unutmamalı, baş verənlərdən nəticə çıxarmalı, etdiyimiz yanlışları təkrarlamamalıyıq. Gələcəyin qurulması işi keçmişin təcrübəsi əsasında aparılmalıdır!


Anar Salehoğlu,
İctimai-siyasi fəal
Xəbəri paylaş