Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Pakistan münasibətlərinin daha da inkişafı üçün böyük perspektivlər var-DEPUTAT

Azərbaycan-Pakistan münasibətlərinin daha da inkişafı üçün böyük perspektivlər var-DEPUTAT


Bir neçə gün əvvəl Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri iki dost və qardaş ölkə arasında münasibətlərin perspektivləri baxımından böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyev iyunun 15-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verilmiş bəyanatında Azərbaycan və Pakistan arasında qardaşlıq münasibətlərindən danışaraq, bu münasibətlərin birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulduğunu diqqətə çatdırdı. Dövlət başçımız bildirdi ki, Pakistanın işğal dövründə və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana verdiyi güclü dəstək mühüm əhəmiyyət kəsb edir.

Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi səbəbindən baş vermişdir.

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının perspektivləri barədə danışan Prezident İlham Əliyev bildirdi ki, Ermənistan siyasi iradə nümayiş etdirməli və artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır.

Ölkə başçımız bəyanatında onu da vurğuladı ki, Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib və bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır. 44 günlük müharibə dövründə Türkiyə və Pakistan bizimlə bir yerdə idi və bizə ciddi siyasi dəstək verdilər.

Azərbaycanla Pakistan arasında enerji sahəsində böyük perspektivlərin olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, iki ölkə arasında birgə ticarətin də həcmi artacaqdır. Bununla yanaşı, təhsil sahəsində də əməkdaşlığın böyük potensialı var. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər.

Ölkə başçısı qeyd etdi ki, müdafiə sənayesi sahəsində də əməkdaşlıq əlaqələri genişlənməlidir. Birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac var. Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olublar. Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük.

Səfər çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif də önəmli mesaj verdi. Baş nazir bildirdi ki, Pakistan və Azərbaycan iki qardaş xalqdır. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub. Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Azərbaycanın 44 günlük Vətən müharibəsindən danışan Baş nazir Məhəmməd Şahbaz Şərif diqqətə çatdırdı ki, Azərbaycanın Ordusu çox cəsarətlə döyüşərək Qarabağı azad edib. Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayan bir neçə ölkədən biridir və bu, bizim mənəvi öhdəliyimizdir.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş