Azərbaycanla Ermənistan arasında şərti sərhəd boyunca gərginlik davam edir. Sərhəd boyunca hərbi texnika və canlı qüvvə toplayan Ermənistan paralel olaraq digər təxribat xarakterli addımlar da atır. Bu istiqamətdə Naxçıvanla sərhəddə, Arazdəyəndə metallurgiya zavodunun tikintisini göstərə bilərik. Hətta Vaşinqton ehtiyac olmadığı halda zavodun tikintisinin getdiyi ərazidə öz bayrağının dalğalanmasına da razılıq verir.
Maraqlı və təəssüfedici məqam ondan ibarətdir ki, Ermənistanın bu təxribatına Birləşmiş Ştatlar da şərik çıxır. Belə ki, sözügedən zavod Birləşmiş Ştatların sərmayəsi ilə tikilir. Digər tərəfdən sərhəd məsələsi tam müəyyən edilmədən Amerikanın Azərbaycanla sərhəddə belə bir zavodun tikintisinə sərmayə yatırması Vaşinqtonun tərəflər arasında vasitəçilik prinsipinə ziddir.
Elə Milli Məclisin deputatı Nəsib Məhəməliyev də bu qənaətdədir. Newscenter.az-a verdiyi açıqlamada millət vəkili deyib ki, hər zaman, ATƏT-n Minsk qrupu həmsədrliyində Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş Birləşmiş Ştatlar, belə bir həssas dönəmdə dövlət bayrağının qaranlıq məqsədlər üçün istifadəsinə icazə verməsə daha yaxşı olardı. Nəsib Məhəməliyev hesab edir ki, belə cılız təxribatlar, sülhə yönəlik atılmış addımların səmərəliliyini azaldır, münasibətlərin gərginləşməsinə səbəb olur.
Deputatın qənaətincə, ABŞ bayrağını ərazidə dalğalandırmaqla ermənilər göstərmək istəyirlər ki, zavod Amerika şirkətinin investisiyası hesabına tikilir və təhlükəsizlik baxımından çəkindirici amil ola bilər.
Anar Əliyev