Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ulu Öndər Azərbaycan xalqının elmini, mədəniyyətini dünyaya nümayiş etdirib

Ulu Öndər Azərbaycan xalqının elmini, mədəniyyətini dünyaya nümayiş etdirib


Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər. Azərbaycan xalqının böyük oğlu da məhz belə şəxsiyyətlərdən idi. Bütün sahələr kimi incəsənətimizin və mədəniyyətimizin inkişafı üçün misilsiz xidmətlər göstərən Ümummilli Lider XX əsr Azərbaycan ədəbiyyatının tərəqqisinə böyük töhfələr verib. Həmin dövrdəki ədəbiyyatımızın parlaq səhifələri məhz Ulu Öndərin adı ilə bağlıdır.

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Deputat bildirib ki, Heydər Əliyev xalqın mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi məsələsini daim diqqətdə saxlayırdı. Ulu Öndər mütəfəkkirlərin, elm, təhsil və mədəniyyət xadimlərinin, bir sözlə ölkə mədəniyyətinin inkişafına layiqli töhfələr verən insanların xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi və ev muzeylərinin açılmasına xüsusi önəm verirdi. Milli və peşəkar musiqi sənətini dərindən qiymətləndirən Ulu Öndər xalqımızın musiqi və ədəbiyyat tarixində əvəzsiz xidmətləri olan insanların fəaliyyətinin qiymətləndirilməsi, bir sözlə, Azərbaycanın görkəmli sənət adamlarının xatirəsinin əbədiləşdirilməsi məsələsini heç unutmurdu.

Böyük tarixi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev Vətənini – Azərbaycanı sevdiyi kimi, onun dilini, ədəbiyyatını və incəsə¬nətini də sevirdi.

Dahi şəxsiyyətin hər zaman ədiblərin yaradıcılığını yaşatmağın və gələcək nəsillərə çatdırmağın vacibliyindən danışdığını deyən S.Xasayeva əlavə edib ki, Xalq şairi Səməd Vurğunun ev muzeyinin yaradılması təşəbbüsünü də məhz Heydər Əliyev verib. Doxsan illik yubileyi münasibətilə şairin ev muzeyini ziyarət edən Ulu Öndər Heydər Əliyev Səməd Vurğunun Azərbaycan xalqının başını uca edən şəxsiyyətlərdən biri olduğunu vurğulayıb.

“Ümummilli Lider Heydər Əliyev dünyada geniş və sistemli ədəbiyyat biliyinə malik olan nadir dövlət xadimlərindən idi. O, ədəbiyyata xalqın milli-tarixi varlığının, mənəviyyatının üzvi tərkib hissəsi kimi baxırdı, mənsub olduğu xalqı ədəbiyyatı ilə bir yerdə bütöv bir tamın ayrılmaz hissəsi kimi dəyərləndirirdi. Görkəmli dövlət xadiminin ayrı-ayrı sənətkarlar, konkret bədii əsərlər, teatr tamaşaları haqqındakı baxışları və mülahizələri ədəbiyyatşünaslıq və sənətşünaslıq elmlərinin ən yüksək tələbləri və prinsiplərindən ucada dayanır. O, yazıçılara və əsərlərə qiymət verərkən ədəbiyyatşünaslığın, yəni, elmin tələblərindən deyil, ədəbiyyatdan və həyatdan çıxış edirdi.

Heydər Əliyev hakimiyyətinin həm birinci dövrü (1969-1983), həm də ikinci dövrü (1993-2003) Azərbaycanın ictimai həyatının bütün sahələrində olduğu kimi, Azərbaycan ədəbiyyatının da dünyada daha ünlü, daha bəşəri tanınması və qəbul olunması dövrüdür. Bu illərdə Bakının görkəmli yerlərində dahi mütəfəkkirlərimizin və yazıçılarımızın, şairlərimizin, sənət adamlarının heykəlləri qoyulub. Həmçinin Məhəmməd Füzulinin 500 illiyi, Dədə Qorqudun 1300 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində tədqiq və təbliğ olunub”, - deyə S.Xasayeva qeyd edib.

O, Ulu Öndər Heydər Əliyevin 1997-ci il oktyabrın 30-da Azərbaycan Yazıçılarının X qurultayında nitqinin xüsusilə diqqət çəkdiyini qeyd edib: “Ulu Öndər qurultaydakı çıxışında ədəbiyyatı xalqın milli sərvəti adlandıraraq yazıçıların Azərbaycanda həmişə hörmət sahibi olduqlarını bildirdi və ədəbiyyat nümunələrinin milli özünüdərkin formalaşmasında rolunu vurğuladı. Ulu Öndər sənət adamlarının Azərbaycan dilinin formalaşmasında, milli özünüdərk, milli oyanış, dirçəliş prosesində böyük xidmətləri olduğunu bildirdi. Heydər Əliyev özünün bir şəxsiyyət, insan kimi formalaşmasında ədəbiyyatın, mədəniyyətin rolunu qeyd etdi: “Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm. Bu gün sizə deyə bilərəm ki, şəxsən mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olub”.

Deputatın sözlərinə görə, ziyalılara, sənət adamlarına himayədarlıq edən Ümummilli Lider yazıçıların qurultaylarında iştirak etməklə onlara stimul verirdi. Ulu Öndər Heydər Əliyev söz adamlarına diqqət və qayğı göstərməklə yanaşı, Azərbaycan ədəbiyyatını yad təsirlərdən qoruyurdu. Heydər Əliyev yalnız ədəbiyyatın yox, həmçinin ədəbiyyatın əsas istinadgahı olan dilin də inkişafını daim diqqətdə saxlayırdı. Ulu Öndərin imzası ilə 2001-ci il iyunun 18-də verilən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman Azərbaycan dilinin əsas işlək dilə çevrilməsində mühüm rol oynadı.

“Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətlərindən biri də azərbaycançılıq ideologiyasının yaradımasıdır. Heydər Əliyev bütün fəaliyyəti boyu dünya azərbaycanlılarına dövlətimizin müstəqilliyi və azərbaycançılıq ideologiyası ətrafında birləşməyi təlqin edirdi. “Harada yaşayırsansa yaşa, Vətəndən, Ana torpaqdan şirin şey yoxdur”, - deyən Ulu Öndər xalqının, millətinin yolunda qurban getməyə hazır olduğunu bildirirdi. Azərbaycanlı olmağı ilə fəxr edən Ümummilli Liderin əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır”, - deyə Səbinə Xasayeva vurğulayıb.(azertac)
Xəbəri paylaş