Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan tərəfinin atdığı hər bir addımın arxasında güclü siyasi iradə və güc dayanır -ÖZƏL

Azərbaycan tərəfinin atdığı hər bir addımın arxasında güclü siyasi iradə və güc dayanır


“Azərbaycan bütün dünyaya müstəqil, güclü dövlət olduğunu, güclü orduya sahib olduğunu sübüt edə bilib”

Bu sözləri Newscenter.az-a politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin 23 iyun tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağının təqdim etmə mərasimində çıxışı ilə əlaqədar danışarkən deyib. O bildirib ki, bu günkü Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür:

"İyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə döyüş bayrağının təqdim olunması mərasimindəki çıxışı da bu gerçəkliyin anonsudur. Prezident öz çıxışında ordumuzun yaxın gələcəkdə daha yüksək səviyyəyə qalxacağını da vurğuladı və bu da onu deməyə əsas verir ki, biz tezliklə Azərbaycan Ordusunun simasında daha qüdrətli bir orduya şahid olacağıq. Başqa szölə desək ordumuzun tarixi yüksəlişi bundan sonra da davam edəcək.

Bu da təbiidir, çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün kompleks tədbirlər görülür. Prezidentin də qeyd etdiyi kimi Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox müqavilələr izalanıb. Həm yeni pilotsuz uçuş aparatlarının, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi istiqamətində addımlar atılır.

Bununla yanaşı Müdafiə Nazirliyinin strukturunun da təkmilləşdirilməsi prosesi gedir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir".

Politoloq onu da qeyd edib ki, düz 24 il öncə, 1999-cu ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən olan Xüsusi Təyinatlı Qüvvələri yaradılıb:

"Ümummilli lider Heydər Əliyev tərəfindən vahid komandanlıq altında birləşdirilən Azərbaycan Ordusunun bu bölmələri Türkiyə Silahlı Qüvvələri və onun Xüsusi Təyinatlı Qüvvələri ilə sıx əməkdaşlıq əsasında formalaşdırılıb.
Son 20 ildə isə Ali Baş Komandan İlham Əliyevin xüsusi təyinatlı qüvvələrə yüksək diqqəti nəticəsində onların təchizatı və hazırlığı daha da inkişaf etdirilib. Mübaliğəsiz demək olar ki, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti 2016-cı ilin Aprel döyüşlərində, eləcə də 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də böyük şücaət göstəriblər. Torpaqlarımızın düşmən tapdağından azad edilməsində XTQ-nin misilsiz xidmətləri olub. Onların qayalara dırmaşaraq Şuşa şəhərini işğaldan azad etməsi dünya hərb tarixinə düşüb.

Ali Baş Komandan İlham Əliyev iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissəsində şəxsi heyət qarşısında çıxışı zamanı bir çox mühüm məqamlara toxunaraq, önəmli mesajlar verdi. Dövlətimizin başçısı bildirib ki, ölkəmizdə növbəti komando hərbi hissəsinin açılması çox əlamətdar hadisədir və Vətən müharibəsindən sonra Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır: "Bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması mənim tərəfimdən qarşıya bir vəzifə kimi qoyulmuşdur və bu vəzifə uğurla icra edilir".

“Bizim ölkəmiz, sözün əsl mənasında, müstəqil ölkədir, çünki müstəqil siyasət aparmaq iqtidarındadır və bizə bu gücü verən, ilk növbədə, bizim hərbi potensialımızdır” deyən ölkə başçısı bununla düşmənlərlə yanaşı, həm də Azərbaycana bu və ya digər mənada təzyiq göstərmək istəyən bütün tərəflərə konkret mesaj vermis oldu".

Yusif Bağırzadə qeyd edib ki, bu gün regionda proseslərin yenə də məhz Azərbaycanın təklifləri əsasında cərəyan etdiyini diqqətə çatdıran Ali Baş Komandan müharibədən sonrakı ilk aylarda Ermənistanın havadarlarının köhnə tezisləri qəbul etdirməyə çalışdıqlarını da bildirdi:

"Təbii ki, bütün bunlar Azərbaycan rəhbərliyi tərəfindən qətiyyətlə rədd etdildi və bu gün hər kəs görür ki, vaxtilə Qarabağ erməniləri üçün hansısa xüsusi status tələb edən qüvvələr artıq tamamilə fərqli açıqlamalar verirlər. Elə vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərliyi özü də artıq açıqlamalarında “Qarabağ Azərbaycandır!” deyir. Başqa sözlə desək bütün bunlar president İlham Əliyevin son iki il yarım ərzində apardığı siyasətin nəticəsində mümkün olub.

Dövlət başçısı çıxışında həmçinin Ermənistan-Azərbaycan sərhəddində Laçın istiqamətində yaradılmış sərhəd-buraxılış məntəqəsi ilə bağlı da fikirlərini bildirdi və qeyd etdi ki, bu güclü siyasi iradəmizin göstəricisidir. Həqiqətən də Ermənistan havadarlarının, ayrı-ayrı beynəlxalq təşkilatların, Fransanın və digər qərb dairələrinin bütün təzyiqlərinə baxmayaraq həmin yolda sərhəd buraxılış məntəqəsinin qurulması güclü iradə tələb edirdi və Azərbaycan rəhbərliyi də bu iradəni artıqlaması ilə göstərdi.

Ümumiyyətlə Vətən müharibəsindən sonrakı iki il yarım müddət ərzində baş vermiş hadisələri təhlil edəndə görürük ki, Azərbaycan tərəfinin atdığı hər bir addımın arxasında güclü siyasi iradə və güc dayanır. Çünki Azərbaycan öz addımlarında məhz beynəlxalq hüquqa, onun norma prinsiplərinə dayanır və məhz bu hüquqdan da çıxış edərək istənilən təzyiqlərə müqavimət göstərərək siyasi iradə nümayiş etdirir".

Politoloq deyib ki, prezident öz çıxışında sülh sazişi məsələsinə də toxundu və Azərbaycan tərəfinin konkret şərtlərini bir daha xatırlatmış oldu:

"O bildirdi ki, sülh üçün mühüm şərtlər Zəngəzur dəhlizinin açılması və Ermənistan ordusunun silahlı birləşmələrinin Qarabağ bölgəsindən çıxarılmasından ibarətdir. Dövlət başçısı həmçinin sülh olmayacağı və Azərbaycanın şərtlərinin qəbul olunmayacağı, eləcə də təxribatların davam edəcəyi halda nələrin baş verəcəyini də bəyan edərək nəticənin Ermənistan üçün acınacaqlı olacağını bildirdi.

Ümumiyyətlə qeyd edim ki, cənab Prezidentin öz çıxışında toxunduğu məsələlər Azərbaycanın yaratdığı yeni reallıqlardan qaynaqlanır. Başqa sözlə desək Azərbaycan bütün dünyaya güclü dövlət olduğunu, güclü orduya sahib olduğunu sübüt edə bilib və həm Ermənistan, həm də ona havadarlıq edənlər də bilir ki, bu gün nə qədər revanşist açılamalarla çıxış etsələr də müharibə dövründə fərarilik edən erməni toplumu ilə Azərbaycanın yaratdığı reallığa qarşı gəlmək mümkün deyil. Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında bütün mümkün ssenarilərə uyğun davranmağa hazırdır və bütün şərtlərdə dövlətimizin maraqları ən yüksək səviyyədə təmin ediləcək”.

Anar Əliyev
Xəbəri paylaş