Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəşadətli Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında sübut etdi

Rəşadətli Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında sübut etdi


İlk öncə bir neçə il bundan öncə , yəni 2016-cı ilin apreli Azərbaycan Ordusunun növbəti şanlı Qələbəsi ilə tarixləşdi. Azərbaycan Respublikasının Prezidenti bu döyüşlər haqqında qürurla dedi ki, Aprel döyüşləri dərsliklərə salınmalıdır. Bu qələbə ordumuzun həm döyüş, həm də yüksək mənəvi-psixoloji hazırlığa malik olduğunu da təsdiqlədi. Aprel qələbəsi onu da təsdiqlədi ki, Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Bu qələbə xalqımıza bir gerçəkliyi də yaşatdı: Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir - bu döyüşlər Ali Baş Komandanın döyüş əmri ilə başlanacaq döyüşlərdə Azərbaycan ordusunun qalib gələcəyinə, torpaqlarımızı işğaldan azad edəcəyinə əminliyin döyüşləri idi.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri iri miqyaslı təxribatlar törətmək niyyəti ilə ön xətt mövqelərə və yaşayış məntəqələrinə intensiv artilleriya atəşi ilə hücuma başladı. Aprel döyüşləri 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra ən şiddətli döyüşlər idi. Ordumuzun bölmələri hücumun qarşısını aldı, əks-hücumla düşməni geri çəkilməyə məcbur etdi. Bu döyüşlər hərb tariximizə Aprel döyüşləri kimi həkk olundu.Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən bu döyüşlərdə qüdrətli ordumuz düşmənə sarsıdıcı zərbə vurdu, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini, Cocuq Mərcanlını, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonu istiqamətində işğal altında olan 2000 hektardan çox ərazini işğaldan azad etdi. Bu, döyüşlərin hərbi nəticəsi idi. Onun mənəvi nəticələri isə ordunun şəxsi heyətinin döyüş əzminin, qələbə ruhunun göstəricisi oldu.Aprelin 4-də düşmən itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən, Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi.

Əraziyə yaxın yaşayış məntəqələrimiz intensiv atəşə tutuldu. Ordu hissələrimizin şücaətini görən düşmən döyüşə əlavə qüvvələr cəlb etmək istədi, buna nisbətən nail oldu, ancaq döyüşü davam etdirməyə nail ola bilmədi. Yüksək döyüş hazırlığına malik olan bölmələrimiz düşmənin strateji baxımdan əhəmiyyətli hərbi bazasının qərargahına və “erməni könüllülərini” daşıyan maşınlara tutarlı zərbələr endirdi.Şanlı hərbi qələbəmiz olan Aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərməklə yanaşı, Azərbaycan xalqının və dövlətinin heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəyini bir daha nümayiş etdirdi.Bir xalqın, bir dövlətin varlığını təsdiq edən amillərdən biri də ordudur. Bu ordunun əsasını xalqın yetişdirdiyi igid, qeyrətli, vətənpərvər övladlar təşkil edir. O övladlar ki Vətən, torpaq yolunda canlarından keçməyə hər an hazırdırlar. Xalqımız həmişə belə vətənpərvər övladları ilə fəxr edib və edəcəkdir. Ümummilli Liderimiz Heydər Əliyev demişdir: ‘‘Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır... Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir’’. Bu birliyi tarixboyu torpaqlarımızı yadellilərdən qoruyan qeyrətli igid oğul və qızlarımızın şücaətində görmüşdük. Lakin 44 günlük şanlı Vətən müharibəsində bu birlik “Dəmir yumruq” olub düşmənin başını əzdi, illərlə həsrətini çəkdiyimiz torpaqlarımız qüdrətli ordumuzun gücü, cəsarəti hesabına düşmən tapdağından azad edildi.

Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və ölkəmizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlığa malikdir. Aprel döyüşləri 2020-ci ilin noyabrında qazanılan Zəfərin başlanğıcı idi...Dövlət başçısının xüsusi diqqət və qayğısı ilə ölkəmiz müdafiə sənayesi sahəsində günü-gündən inkişaf edir. Mühüm əməkdaşlıqlar nəticəsində hərbi arsenala müasir texnika və silahlar alınır, ölkəmizdə istehsal olunan hərbi təyinatlı məhsullar ordumuzun potensialının möhkəmləndirilməsinə xidmət edir. Orduda əlaqələr “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq konsepsiyası” əsas götürülərək yaradılır. Hərbi əməkdaşlıq zamanı Azərbaycan Respublikasının milli maraqları əsas götürülür. Hər il hərbi əməkdaşlıq çərçivəsində bir sıra mühüm görüşlər keçirilir və bu məqsədlə xarici ölkələrə səfərlər olunur.

2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə, o cümlədən müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım, ölkələrimizin qüdrətini artıran hərbi sənaye sahəsində əməkdaşlıq məsələlərini də özündə əks etdirir. Ölkəmizin hərbi sahədə ən mühüm tərəfdaşı olan qardaş Türkiyə Respublikası ilə keçirilən “Qardaş yumruğu”, “Bir millət, iki dövlət, tək ordu”, “Anadolu Qartalı – 2023” və digər hərbi təlimlər qardaşlığın, əsl dostluğun mahiyyətini dünyaya bəyan etməklə həm də gələcək hərbi uğurlarımızdan xəbər verir. Eyni zamanda Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin təmini sahəsində hər iki ölkənin birgə səyləri dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Digər tərəfdən, NATO hərbi təşkilatı ilə imzalanmış müvafiq proqramlar çərçivəsində hərbi qulluqçularımız ölkədən kənarda keçirilən kurs, təlim-məşq toplanışlarında uğurla iştirak edirlər. Onu xüsusilə vurğulamalıyıq ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi döyüş təcrübəsi bu gün dünyanın hərbi güc mərkəzləri tərəfindən öyrənilir, tətbiq edilir.

Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyinin böyük təntənə ilə qeyd edildiyi bu günlərdə Onun xalqımıza miras qoyduğu güclü, əzəmətli, müzəffər Azərbaycan Ordusu havada, quruda, suda Vətənimizin keşiyində məğrur dayanıb. Şanlı Zəfər tarixini yazan ordumuzla fəxr edir, qürur duyuruq, bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik....!

Yap Quba Rayon Təşkilatının fəal üzvü Nigar Əli qızı Məmmədova
Xəbəri paylaş