Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“BQXK-nin Qarabağda fəaliyyət göstərən nümayəndələri bu təşkilatın Bakı ofisinə tabedir”

“BQXK-nin Qarabağda fəaliyyət göstərən nümayəndələri bu təşkilatın Bakı ofisinə tabedir”



Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyası istiqamətində bütün lazımi addımları atır. Məlumdur ki, Sülhməramlıların və Beynəlxalq Qızıl Xaç Komitəsinin təchizatı Bərdə-Ağdam yolu ilə təmin edilir. Bunun üçün Ermənistandan xüsusi bir yola heç bir ehtiyac yoxdur. BQXK-nin Qarabağda fəaliyyət göstərən nümayəndələri isə bu təşkilatın İrəvan deyil, Bakı ofisinə tabedir.

Laçın sərhəd-buraxılış məntəqəsindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə tibbi evakuasiya təyinatlı keçidə şərait yaradılması, minik avtomobillərinin Xankəndidən Ermənistan istiqamətinə keçidi bir daha təsdiqləyir ki, Azərbaycan tərəfi burada heç bir humanitar məqsədli keçidə mane olmur.
Mülki ermənilərin də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi təmin edilib.

Ümumiyyətlə, Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bölgədə humanitar problemlərin meydana gəlməsinə dair iddiaların heç bir əsası yoxdur. Keçid məntəqəsindən həm erməni sakinlərin, həm Beynəlxalq Qızıl Xaç Komitəsinin, həm də Rusiya sülhməramlı kontingentinin şəffaf və nizamlanan şəkildə hər iki istiqamətdə keçidi təmin olunub. Erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçib. Azərbaycan sərhəd nəzarəti rejiminin şəffaf və təhlükəsiz təşkilini təmin etmək məqsədilə Ermənistanla əməkdaşlığa hazır olduğunu bildirib. Kütləvi informasiya vasitələrində yayılan bir sıra videomateriallar Azərbaycan tərəfdən bu yoldan istifadəyə heç bir maneənin olmadığını bir daha təsdiqləyir. Bu ilin iyun ayının 15-də Ermənistan tərəfinin törətdiyi təxribatın araşdırılması, habelə keçid məntəqəsindən istifadə edən yerli erməni sakinlərin və onlara xidmət edən hərbçilərin təhlükəsizliyini təmin etmək məqsədilə bu yerdən nəqliyyatın hərəkətinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilməsi zərurəti yaranmışdı.

Bu keçid məntəqəsinin quraşdırılmasına qarşı çıxanlar əslində Qarabağ bölgəsinin erməni sakinlərinin reinteqrasiyasına mane olmağa və bölgədə düşmənçiliyi saxlamağa çalışırlar.

Qarabağda yaşayan ermənilərin cəmiyyətimizə reinteqrasiyası üçün yaxşı zəmin yaranıb və qarşıdan gələn dövrdə bu istiqamətdə irəliləyiş olması qaçılmazdır. Bu mənada Ermənistanın Azərbaycanın daxili məsələsi olan Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin reinteqrasiyası istiqamətində görülən işlərə müdaxiləsi qəbuledilməzdir.

Könül Nurullayeva-Milli Məclisin deputatı
Xəbəri paylaş