Bir sıra hallarda işəgötürən işçi ilə əmək müqaviləsi imzalamağa maraqlı olmayaraq onları günəmuzd olaraq işə alır. Əsas etibarilə isə bu qayda hamilə qadınlara və ya 3 uşağı olan analara şamil edilir. Bəs, bu addım hüquqi baxımdan nə dərəcədə doğrudur?
Newscenter-az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirovanın sözlərinə görə, Əmək Məcəlləsinin 240-cı maddəsinə əsasən hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir:
"İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər".
Vəfa Qədirova deyir ki, hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir:
"3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların iş vaxtından artıq işlərə, istirahət, bayram və iş günü hesab olunmayan digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların razılığı ilə yol verilir".
İnqilab Süleymanov