Tarixin mühüm anında - kritik mərhələsindəyik. Qələbə qazanmışıq, Zəfər marşındayıq. Bu, təkcə 30 il müddətində əzəli və əbədi yurd-yerlərimizi hərbi-siyasi əsarətdə saxlayan işğalçı dövlət üzərində əldə edilmiş qalibiyyət deyil. Və asan deyil. Belə bir mürəkkəb regionda və çətin geosiyasi şəraitdə məkrli qüvvələrin, vəziyyətdən istifadə etməyə çalışanların planlarını pozmaq - niyyətlərini iflasa uğratmaq, sadəcə olaraq, fövqəladə nailiyyət, yaxud siyasi möcüzədir.
Doğrudur, coğrafiya taledir, amma insandan fərqli olaraq dövlətlər “dünyaya yazılı tale ilə gəlmirlər”. Ərazi mühüm amildir, amma həlledici deyil. Və tarix yazmaq, coğrafiya yaşatmaq üçündür. Böyük dövlətlərin təcrübəsi ilə yanaşı, Azərbaycan nümunəsi də var. Ölkəmizin coğrafi mövqeyi kimi, regionun reallıqları da bəllidir. Maraqların toqquşduğu, kəsişdiyi, uzlaşdığı bölgədə yerləşmişik - dörd tərəfdən “geosiyasi tamah” sahiblərinin maraq obyektindəyik, şimaldan, cənubdan və digər bir sıra coğrafi cəhətlərdən “geostrateji rüzgar”lar zaman-zaman sərt hava kütləsi kimi Azərbaycana yönəlir. Müxtəlif mexanizmlər işə salınır, fərqli vasitələrdən - alətlərdən istifadə olunur. Hələ uzağa, başqa qitəyə, okeanın o tayına və s. getməyək. Ortaq coğrafi taleyi paylaşdığımız bəzi qüvvələr “erməni kartı”nı işə salaraq hərbi-siyasi təxribatlar vasitəsilə Azərbaycanı hansısa güzəştə məcbur etməyə çalışır. Belə bir çətin şəraitdə ölkədə sabitliyi, həmrəyliyi təmin edə, üçrəngli bayrağımızı Şuşa zirvəsində dalğalandıra bilmişik, azad etdiyimiz Qarabağı abad məkana çeviririk. Bir sözlə, böyük hədəflərimizə doğru irəliləyirik. Tarix yazır, coğrafiyamızda yaşayırıq və yaşadırıq!
İndi hərbi müstəvidə qazanılmış Qələbəni diplomatik-siyasi arenada və quruculuq meydanında möhkəmləndirmək, iqtisadi gücümüzü, ictimai immunitetimizi artırmaq, siyasi üstünlüyümüzü və beynəlxalq mövqeyimizi gücləndirmək üçün davamlı işlər görməliyik və görürük. Bir sözlə, davam edirik - nə yol, nə də mübarizə bitib. Paralel olaraq Cənubi Qafqazda etimad quruculuğu – Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması diqqət mərkəzindədir, danışıqlar aparılır - təmaslar davam edir. Bütün bunlar, ABŞ Prezidenti Cozef Baydenin dövlətimizin başçısı İlham Əliyevə göndərdiyi məktubda ifadə edildiyi kimi, “tarixin mühüm anı”nda baş verir. Və taleyüklü məsələlər həll olunur. Ona görə də indi milli həmrəylik, siyasi birlik nümayiş etdirməyə, dövlətin maraqlarını qorumağa hər zamankından daha çox zərurət və əşəddü-ehtiyac var. Bu, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxsin ümdə vəzifəsi, vətəndaşlıq borcudur. Amma...
“Amma”sı budur ki, yenə də məhdud maraqların, siyasi ambisiyaların əsirinə çevrilərək öz ampluasında olanlar, “yol”una (Anadolu türklərinin dediyi kimi, yolsuzluğa) davam edənlər var. Az qala, Paşinyandan artıq ermənilik, Koçaryandan artıq revanşistlik, Arutunyandan artıq separatçılıq edərək özlərini ikrah, qınaq və nifrət obyektinə çevirənlər…
“Nümunə”lər kifayət qədərdir. Məsələn, siyasi şoumen Tofiq Yaqublu Zəngəzur dəhlizi ideyasını “Azərbaycan dövlətinin avantürası” adlandırır. Zəngəzur Azərbaycanın tarixi və milli məsələsidir. Eyni zamanda, dəhlizin açılması dövlətimizə, bizim üçün dost və tərəfdaş ölkələrə yeni siyasi üstünlüklər və iqtisadi imkanlar vəd edir. Prezident İlham Əliyev Azərbaycanın ən azı 100 il sonraya hədəflənmiş milli məqsədləri - strateji vəzifələri üçün tarixi yol inşa edir. Nəinki Azərbaycanın gələcəyi, bütöv bir regionun firavanlığı və təhlükəsizliyi məhz bu yolda - qalib Azərbaycanın dövlətçilik marşrutundadır. Zəngəzur dəhlizində, Şərqi Zəngəzurdan dünyaya açılan yolda! Bəs nə üçün hətta Paşinyanın belə “avantüra” adlandırmadığı Zəngəzur dəhlizi məsələsini Tofiq Yaqublu kimi “virtual dəhlizlər”də səhərdən axşama, gecədən səhərə qədər siyasi tüfeyli qiyafəsində var-gəl edən marionetlər hədəfə çevirirlər?!
İkinci fakt: bu günlərdə Qoşulmama Hərəkatının Bakı toplantısında Fransanın müstəmləkə siyasəti, Makronun ermənipərəst mövqeyi sərt tənqid edildiyi zaman ilk cavab verən nə Fransa prezidenti, nə də hansısa erməni oldu. Bir anda feysbukda zühur edərək “Azərbaycan Fransanın törətdiyi qırğınlardan narahat olur, bu yersiz ritorikaya nə ehtiyac var” deyən məhz Tofiq Yaqubludur. Bəs görəsən, Yaqublu niyə narahat olur, onu isterika vəziyyətinə salan nədir – Fransanın iyrənc siyasətinin ifşa olunması? Bəli, iyrənclikdir. O mənada ki, Makron Azərbaycan əleyhinə qatılaşanda (və qatı danışanda) Yaqublu bu qədər “qəti” olmamışdı – Fransa prezidentinin ölkəmiz haqqında ittihamları barədə bir kəlmə də söyləməmişdi. Niyə?!
Digər “örnək”: real siyasətdən əli üzülən əli Kərimli virtual meydanda canfəşanlıq edir: yenə və yenidən Azərbaycanın əleyhinə. İyunun 26-da Qarabağda erməni separatçılarının ordumuzun mövqelərini atəşə tutması ilə bağlı canlı yayımda desibel rekordunu yeniləyəcək səs tonu ilə danışan Kərimli Azərbaycan dövlətini ittiham edir. Ermənilərin, separatçıların, Ermənistanın hərbi-siyasi rəhbərliyinin xətrinə dəyəcək bir cümlə də söyləmir. Məgər o görmür ki, Ermənistan dünyanın gözü qarşısında hərbi avantüra nümayiş etdirir və revanşist cəhdlərə əl atır? Bilmir ki, məqsəd sülh sazişinin imzalanmasını gecikdirmək, Azərbaycan xalqının Böyük Qayıdışını ləngitmək və regionda etimad quruculuğunu pozmaqdır? O, bu reallıqları Paşinyandan da yaxşı bilir. Amma nə olsun, dilə gətirirmi?!
Həmçinin siyasi fəaliyyəti ilə deyil, məişət zəminində zorakılıq etməklə özünü gündəmə daşıyan, buna görə də AXCP-dən “könüllü yola salınan”, ruhu “real”, cismi virtual meydanda olan Fuad Qəhrəmanlı iddia edir ki, “Ermənistan kapitulyasiyaya məruz qalmayıb”. Sual olunur: bəs 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata imza ataraq müharibənin nəticələrini (Azərbaycanın Qələbəsini) qəbul edən, Ağdam, Laçın və Kəlbəcəri boşaltmaq öhdəliyi götürən və buna məcbur edilən hansı ölkə (və onun baş naziri) idi? Paşinyan Ermənistan parlamentində çıxışı zamanı “bəli, biz təslimçilik aktına imza atmışıq” dediyi halda, Fuad “bəy” nəyi istisna və inkar etməyə çalışır?!
Yaxud bir həsir, bir də məmmədnəsirdən ibarət, varlığı ilə yoxluğu bəlli olmayan “milli şura” adlı qondarma qurumun “siyasi ağsaqqalı” qiyafəsinə bürünmüş Cəmil Həsənli də okeanın o tayından ermənisayaq nəğmələr səsləndirməklə “mən də varam” deyir. Bir müddət əvvəl Brüsseldə keçirilmiş üçtərəfli görüşün ardınca sülh danışıqlarında irəliləyişin olmasına dair Avropa İttifaqı Şurası rəsmisi tərəfindən açıqlama verildikdən sonra Cəmil Həsənli dərhal “youtube” kanalına çıxaraq “milli şura” adından beynəlxalq birliyi insan hüquqları mövzusunda rəsmi Bakıya qarşı “daha tələbkar” olmağa çağırır. Üstəlik, bu çıxış Ermənistandakı revanşist qüvvələrin Azərbaycana qarşı ritorikanı gücləndirdiyi vaxta təsadüf edir. Revanşistlərin “mövqeyi” bəllidir. Bəs Cəmil Həsənli niyə sülh məsələsindən narahatdır, yaxud o kimdən revanş götürmək niyyətindədir, Azərbaycan xalqından və dövlətindən?! Eyni zamanda, Ermənistanın mina terrorunun beynəlxalq müstəvidə gündəmə gətirildiyi bir vaxtda Cəmil Həsənli dərhal “insan hüquqları”ndan danışaraq Azərbaycan əleyhinə rəy formalaşdırmağa çalışır. Ümumiyyətlə, onun mina xəritələrinin Azərbaycana verilməsi, erməni vandalizmi və digər məsələlərlə əlaqədar beynəlxalq birliyə bircə dəfə belə müraciət etməsinə şahid olubsunuzmu? Axı bu da insan hüquqları məsələsidir. Guya bilmir?!
Hətta Cəmil Həsənli daha da irəli gedərək Nikol Paşinyanın “islahatçı obrazı”nı vəsf edir. Üstəlik, Azərbaycanda aparılan reformaları inkar etməklə. Paralel olaraq günaşırı, “həftə səkkiz, mən doqquz” “Siyasi partiyalar haqqında” Qanunu “təftiş və tənqid etmək” üçün dəridən-qabıqdan çıxır və təbii ki, ənənəsinə sadiq qalaraq yalan tirajlamaqdan – dezinformasiya yaymaqdan çəkinmir. Və ifşa olunur. Milli Məclisin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev məqaləsində “milli şura” sədrinin yalanını onun “üzünə çırparaq” iç üzünü açır - əsl mahiyyətini göstərir: “Dünən maraqlı məlumat aldım. Cəmil Həsənli adında siyasət qırıntısı öz feysbuk statusunda belə bir iddia ilə çıxış edibmiş ki, demə, bəs mənim rəhbəri olduğum partiya özünü buraxıb. Ardınca isə adam(?!) utanmadan mənbə belə göstərib və fikrinin davamını gətirib: Elşən Musayev həm də Milli Məclisin Avropa Şurasındakı nümayəndə heyətinin üzvüdür. (Nə vaxt üzv olmuşam, özümün də xəbərim yoxdur.) Mənbəni araşdırdım. Yazıda nə mənim adım keçib, nə də rəhbəri olduğum partiyanın. Yəni, tamamilə uydurma, saxta və illüziya məhsulu olan bir informasiyadır”.
Bəli, saxta olan təkcə Cəmil Həsənlinin yaydığı “informasiya” deyil, həm də “əqidə”si, karyerası və simasıdır. Bir zamanlar iqtidarın alovlu təbliğatçısı olan, Milli Məclisin deputatı kimi büdcə müzakirələri, Nazirlər Kabinetinin hesabatları zamanı hökumətin ünvanına təriflər yağdıran, parlamentdə, eləcə də Təhsil Nazirliyinin kollegiya iclaslarında ölkəmizdə təhsilin inkişafı barədə hamıdan birinci və fasiləsiz danışan Cəmil Həsənli “vəzifə davası” iflasa uğradıqdan sonra özünü “barışmaz tənqidçi” elan edib.
Bu gün isə inkar edir. Və təkcə inkar etmir, həm də “imtina edir”. Daha doğrusu, yeni şoular təşkil edir. Məsələn, bir müddət öncə guya “etiraz əlaməti” olaraq “imtina mədəniyyəti” yaratmağa çalışdı. “Əməkdar müəllim” fəxri adından imtina etməsi barədə “anons” verdi… Əslində, burada təəccüblü heç nə yoxdur - imtina etmək onun adəti, xisləti – fitrətidir. Bir zamanlar AXCP-nin “siyasi ulduzu”na çevrilməyə çalışan C.Həsənlinin bir müddət sonra bu partiyadan uzaqlaşdırılması ilə “əqidədaş”larından imtina etməsi, onların ünvanına təhqiramiz ifadələr səsləndirməsi ictimai yaddaşdan silinməyib.
Vaxt gəldi, C.Həsənli hakimiyyətin qatı tənqidçisinə (əslində, vəzifə ala bilmədiyinə görə dövlətin düşməninə) çevrildi, prezident seçkilərində qondarma “milli şura”nın sonradan oyuna daxil edilən “dublyor namizədi” kimi hansı əxlaqa və mənəviyyata sahib olduğunu bir daha nümayiş etdirdi. Yenicə qədəm qoyduğu siyasət meydanında uğursuzluğa düçar olan Həsənli bir müddət sonra okeanın o tayına üz tutdu, elmi və siyasi arenada hansısa uğura imza ata bilmədiyindən daha bir imtina ilə gündəmə gəldi. Bu dəfə “milli şura”dakı bir sıra “məsləkdaşları”ndan imtina etdi, “sadiq dost”ların gözündə sabiqə çevrildi. Yeri gəlmişkən, C.Həsənli “imtina şousu” düzənlədiyi zaman sosial şəbəkələrdə yazılan rəylərdə belə bir sual öz əksini tapmışdı: “C.Həsənli niyə vaxtilə deputat mandatından imtina etməyib”. Bu sualı daha da qüvvətləndirmək olar: bəs nə üçün hazırda deputat təqaüdündən imtina etmir? Maraqlı sualdır, cavabı da maraqlı olar. Təbii ki, C.Həsənli cavab verməkdən imtina etməsə...
İmtinadan danışmağı sevən antimilli şuraçıya daha bir xatırlatma etmək yerinə düşər. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan dövlətinə, ölkəmizin ərazi bütövlüyünə dəstək xarakterli bəyanatı imzalamaqdan imtina edən də o və onunla eyni “əqidə”ni bölüşənlər idi. Bəli, məhz Vətən müharibəsi zamanı. O zaman niyə özünə və AXCP sədri Əli Kərimliyə sual ünvanlamadı ki, “Vətəndən imtina etmək olarmı?".
O Cəmil Həsənli ki, canlı yayımda aparıcının “Türkiyə cəmiyyəti seçkilərdə məğlub olan müxalifət partiyasının sədrinə “qalib gələ bilmədinsə, getməlisən” deyir. Məğlub müxalifətçini istefaya çağırmaq doğrudurmu?” sualına cavabında “adam her yerdən, o cümlədən bu dünyadan da vaxtında getməlidir. Türkiyə müxalifətindən nöqsan tutmaq, onlara nəyisə məsləhət görmək düzgün çıxmır. Azərbaycanda belə bir misal var, özünə umac ova bilmir, başqasına əriştə kəsir”.
Cəmil Həsənli, Azərbaycanda başqa bir deyim də var: “Gedəni saxlamazlar”. Bəli, indi vaxtıdır – Kərimli əli ilə əl-ələ verib virtual siyasət səhnəsini də tərk etmək zamanıdır. Gecikirsiniz!
Nurlan Qələndərli-YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri