"İsrail müdafiə nazirinin Azərbaycana növbəti səfərini iki ölkə arasında olan hərbi müttəfiqliyin bariz nümunəsi adlandırmaq olar. Qısa zaman kəsiyində İsrail dövlət rəsmilərinin Azərbaycana ard-arda etdikləri səfərlər qarşılıqlı əməkdaşlıq üçün atılan addımdır və regionumuzda baş verən proseslərdə İsrailin Azərbaycanın yanında olduğunu isbat edir".
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Azərbaycan-İsrail hərbi müttəfiqliyi özünün pik həddini yaşayır:
"İsrail Azərbaycana lazım olan bütün hərbi texnologiyaların təmin edilməsində bir nömrəli tərəfdaşdır. Azərbaycan İsraildən istədiyi silahı ala bilir. Burda heç bir maneə yoxdur. İki ölkə arasında qarşılıqlı inam şəraiti hökm sürür".
Azər Qasımov deyib ki, tərəflər hər zaman bir-birilərinin yanındadırlar:
"Hesab edirəm ki, İsrail müdafiə nazirinin Azərbaycana səfərinin vacib əsasları vardır. İsrailin Azərbaycanın yanında olduğunu göstərmək bəzi qonşu ölkələrin ambisiyalarını arxa plana keçirir, yeni silah sistemlərinin Azərbaycana verilməsini təmin edir. Odur ki, bu səfərin ciddi nəticələri olacağı mütləqdir".
Anar Əliyev