"Məlum olduğu kimi, bu, İsrail müdafiə naziri Yoav Qallantın Azərbaycana ilk səfəridir. Səfər çərçivəsində Y.Qallant Azərbaycan Prezidenti İlham Əliyev, müdafiə naziri Zakir Həsənov, Sərhəd Qoşunları Komandanı Elçin Quliyev və təhlükəsizlik xidmətlərinin digər yüksək vəzifəli şəxsləri ilə görüşləri nəzərdə tutulub. Səfərin məqsədi ölkələr arasında strateji əlaqələri gücləndirmək, siyasi əməkdaşlığı möhkəmləndirmək və iki ölkə arasında təhlükəsizlik və texnologiyalar sahəsində əlaqələri genişləndirməkdən ibarətdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə İsrailin müdafiə nazirinin Azərbaycana səfərinə münasibət bildirərkən səsləndirib. O bildirib ki, İsrail və Azərbaycan hərbi sahədə, eləcə də təhlükəsizlik və texnalogiyalar sahəsində kifayət qədər uğurlu əməkdaşlıq edirlər:
"Bu səfər və müzakirə olunacaq məsələlər isə təbii olaraq mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinə, eləcə də Silahlı qüvvələrimizin daha da modernləşməsi və regional təhlükəsizliyə öz müsbət töhfəsini verəcək".
Yusif Bağırzadə deyib ki,İsrail müdafiə nazirinin ölkəmizə səfərinin digər bir diqqətçəkən məqamı həm Ermənistan-Azərbaycan şərti dövlət sərhədində, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə təxribatların intensivləşdiyi zamanda baş tutmasıdır:
"Rəsmi Bakı bir müddət öncə daha bir uğurlu “Qisas” əməliyyatı ilə qarşı tərəfə həddini bildirdi. Ermənistan tərəfinin danışıqlarda qeyri-konstruktiv mövqe tutması və görüşlərdə əldə olunan razılşamalara sadiq qalmaması rəsmi Bakını növbəti əməliyyatları keçirməyə sövq edə bilər. Belə bir məqamda və eləcə də Brüssel görüşü ərərfəsində Yoav Qallantın Azərbaycana səfərini həm Təl-Əvivin Bakıya dəstəyi, həm də mövcud vəziyyətin dəyərləndirilməsi kimi qiymətləndirmək olar".
Anar Əliyev