Prezident İlham Əliyevin cari il iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə proqram xarakterli çıxışı görülmüş işlərlə yanaşı, həm də qarşıda dayanan vəzifələri də müəyyən etdi.
Ölkə başçısı bildirdi ki, cari ilin altı ayında əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi.
Ötən dövrdə qeyri-neft sektorumuzun və qeyri-neft sektorunun sənaye sahəsinin kifayət qədər artması, maliyyə vəziyyətimizin böyük dərəcədə yaxşılaşması cari ilin ilk altı ayının səmərəli keçdiyini deməyə əsas verir.
Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi ilin ortasında büdcəyə yenidən baxmağa əsas verdi və hazırda cari ilin dövlət büdcəsi 36 milyard manatdan çoxdur. Bu, təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr etməyə, ölkə qarşısında duran əsas investisiya layihələrini icra etməyə, ilk növbədə isə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verməyə və hərbi gücümüzü artırmağa şərait yaratdı.
Büdcənin dürüstləşməsi zamanı Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi və hərbi potensialımızın güclənməsi əsas istiqamətləri təşkil edir.
Bu gün bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. Görülən bütün işlər Azərbaycanın hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir. İnfrastruktur layihələri təkcə Qarabağda, Şərqi Zəngəzurda yox, bütün ölkə üzrə həyata keçirilir.
Ölkə başçısı bildirdi ki, Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb. Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq.
Ermənistanla sülh danışıqları barədə danışan Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın.
Ölkə başçısı müşavirədə nəqliyyat sektorunun əhəmiyyətinin artması, bununla bağlı görülmüş və görülməli olan işlər, Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramı, ölkəmizin bir sıra ərazilərinin “yaşıl enerji” zonası elan edilməsi, Gədəbəy rayonunda baş vermiş hadisə, “Abşeron” qaz-kondensat yatağından ilkin qazın çıxarılması və digər məsələlər barədə də danışdı, onlarla bağlı tapşırıq və tövsiyələrini verdi.
Müşavirənin nəticələri onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə cari ilin altı ayı ölkəmiz üçün uğurlu olub və ilin ikinci yarısı daha böyük uğurlar gözləyirik.
Jalə Əhmədova-Milli Məclisin deputatı