Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə prezidentinin dilindən verilən bəyanat bir daha sübut edir ki, Türkiyə Azərbaycanın yanındadır -ÖZƏL

Türkiyə prezidentinin dilindən verilən bəyanat bir daha sübut edir ki, Türkiyə Azərbaycanın yanındadır


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın sülhməramlı kontingenti haqqında verilən sualı cavablandırarkən bildirib ki, "Rusiyanın sülhməramlı kontingenti 2025-ci ildə Qarabağı tərk edəcək və inanırıq ki, Moskva sazişə öz sadiqliyini nümayiş etdirəcək. Qardaşım İlham Əliyev də bölgədəki vəziyyəti diqqətlə izləyir"

Newscenter.az-ın xəbərinə görə, siyasi ekspert Çingiz Şahbazi deyib ki, NATO sammitindən sonra mətbuat konfransı zamanı Türkiyə prezidenti Ərdoğanın bu açıqlaması, Rusiyaya qarşı xüsusi xəbərdarlıq mesajı hesab edilə bilər:

"Sözsüz ki, Ərdoğan burada 10 noyabr razılaşmasından irəli gələn Rusiya sülhməramlılarının missiyasının bitməsi ilə bağlı 2025-il tarixini qeyd edir. Burada qeyri-adi heç bir şey olmasa da, bu bəyanatın belə açıq şəkildə NATO ölkəsi tərəfindən, NATO -nun Zirvə toplantısından dolayı keçirilən bir mətbuat konfransında səsləndirilməsi ciddi mesaj hesab olunur".

Ekspert deyib ki, əslində verilən mesaj Azərbaycanın mövqeyidir:

"Türkiyə prezidentinin dilindən verilən bu bəyanat bir daha sübut edir ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycanın mövqeyini, tələbini hər zaman olduğu kimi dəstəkləməkdə davam edir. Həmçinin, Ərdoğanın Qarabağla bağlı hər hansı bir bəyanatının arxasında Azərbaycanın istər masada, istərsə də savaş meydanında mövqelərinin gücləndirilməsi dayanır. Türkiyə liderinin açıqlamasının arxasında həmçinin son illərin rəsmi Ankara və Moskvanın birgə qurulmuş intensiv münasibətləri, sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələrin ərsəyə gəlməsi üçün böyük zəhmət və düşünülmüş siyasət aparılıb. Qərbin amansız siyasətinə qarşı birgə səylər və siyasi iradə ortaya qoyulub. Əslində isə Türkiyənin siyasi tablosuna diqqət yetirsək görərik ki, bu münasibətlərin tamamı humanitar və bölgədə sabitliyin qorunub saxlanılması ilə bağlı atılan addımlardır. Məhz Türkiyənin konstruktiv movqeyinin hər iki qütbdəkilərə böyük faydası oldu".

Çingiz Şahbazi deyir ki, bütün bunları nəzərə alaraq Prezident Ərdoğanın bu bəyanatı heç də Rusiyanı bölgədə geosiyasi məğlubiyyətə uğratmır:

"Əksinə iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində və bağlanmış üçtərəfli sazişə sadiq qalaraq bunun yerinə yetirilməsi baxımından çox əhəmiyyətlidir və bu ən çox indiki məqamda Rusiya üçün vacib məsələdir. Rəcəb Tayyib Ərdoğanın Rusiya sülhməramlı kontingenti ilə bağlı verdiyi açıqlamasının məhz NATO -nun sammitində dilə gətirməsi təsadüf hesab edilə bilməz və bu çox vacib olan məsələdir. Ona görə vacibdir ki, Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti və siyasəti, məhz ABŞ və Qərb siyasi dairələrinin bölgə ilə bağlı yürütdüyü siyasi xəttə uyğun şəkildə aparılır. Azərbaycan və Ermənistan arasında sülh danışıqları proseslərində Vaşinqton və Brüssel platformalarına tam olaraq uyğun gələn Türkiyə prezidentinin regional təhlükəsizlik məsələləri üzrə yürütdüyü siyasət, eynilik təşkil edir. Bu səbəbdən demək olar ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları proseslərinin nəticələri, Türkiyənin Rusiya ilə münasibətlərinə çox bağlıdır və Ərdoğanın bu istiqamətdə apardığı siyasət tam olaraq Azərbaycanın maraqlarına xidmət edir və inanırıq ki, bu siyasət öz bəhrəsini verəcəkdir".

Anar Əliyev
Xəbəri paylaş