“Prezidentin müşavirədə etdiyi xəbərdarlıqlardan hər kəsin ciddi nəticə çıxarması lazımdır”
Bu sözləri Newscenter.az-a politoloq Yusif Bağırzadə Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə ilə əlaqədar danışarkən deyib. O bildirib ki, uzun illərdir Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlığının güclənməsini və müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, o cümlədən də insan kapitalının davamlı inkişafını təmin etməkdədir. Bunu iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkə başçısının söylədiyi faktlar bir daha təsdiq edir:
"Cənab Prezident çıxışında qeyd etdi ki, 2023-cü ilin altı ayı ərzində əsas hədəflərimiz olan qeyri-neft sektorunun inkişaf etdirilməsi və Zəngəzur iqtisadi rayonunun bərpa olunması istiqamətində kifayət qədər irəliləyiş əldə olunmuşdur. Qeyri-neft sənayemizdə 6,5 faiz, qeyri-neft sektorunda isə 3 faizdən çox artım müşahidə olunub. Ölkə başçısının qeyd etdiyi kimi bu gün əsas prioritet məsələrdən biri Qarabağın və Şərqi Zəngəzurun bərpası məsələləridir. Buna görə də büdcənin dürüstləşdirilməsi zamanı bütövlükdə 3 milyard manatdan çox vəsaitin 1,8 milyard manatı Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə yönəldilmişdir".
Politoloq qeyd edib ki, müsbət məqamlardan biri son altı ay ərzində büdcə balansının müsbət istiqamətdə inkişafı ilə bağlıdır:
"Ölkə başçısının da dediyi kimi azərbaycanda bir çox ölkələrdən fərqli olaraq xarici ticarət balansı müsbətdir - yəni, profisiti çox böyük səviyyədədir. Ölkələrin böyük əksəriyyəti daha çox idxal edir, nəinki ixrac edir. Bizdə isə bu, tam əksinədir və ilin birinci altı ayında bizim profisitimiz təqribən 10 milyard dollara yaxındır. Əgər bu templər qorunsa, təsəvvür edin, biz ilin sonuna qədər hansı rəqəmlərə çatacağıq.
Təbii ki, bunun birbaşa təsiri makroiqtisadi sabitliyin təmin edilməsinədir. Makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Manatın məzənnəsinin son 6 ildə dəyişməməsi həm də sosial təminat baxımından vacibdir. Çünki manatın məzənnəsində azalmalar yüksək qiymət artımlarına gətirib çıxara bilər. Eyni zamanda bu siyasət imkan verir ki, 2023-cü ilin sonuna doğru rəsmi inflyasiya səviyyəsinin birrəqəmli həddə qədər endirilməsi mümkün olsun. Ona görə də manatın məzənnəsinin stabil saxlanılması, infilyasiyaya qarşı mübarizə tədbirləri biznes üçün öz investisiyalarını proqnozlaşdırmaq aspektindən olduqca vacibdir".
Yusif Bağırzadə vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə sosial-iqtisadi məsələlərlə yanaşı, regiondakı ümumi vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri ətrafında da fikirlərini bildirdi:
"Ölkə başçısı əsas olaraq Azərbaycanın mövqeyinin nədən ibarət olduğunu səsləndirdi və dövlətimizin haqlı mövqeyini bir daha əsaslandırdı. Prezident çıxışında Ermənistana və bu ölkənin hakimiyyətini konkret mesajlar da ünvanlamış oldu və bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanımaq hələ sülhə hazır olmaq demək deyil. Ermənistan sülh istəyirsə bunun praktiki addımlarla sübut etməli, sənədlər üzərində bunu göstərməlidir. Həqiqətən də keçən müdət ərzində biz Ermənistanın destruktiv mövqedən geri çəkilmədiyini müşahidə edirik. Sadəcə olaraq Azərbaycanın yaratmış olduğu reallıqların təsiri altında ritorikalarında cüzi korrektələr ediblər".
Politoloq daha sonra qeyd edib:
"Müşavirədə təbii olaraq Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində görülən işlərlə bağlı da məlumat verildi. Hər birimiz şahidik ki, son iki il yarım ərzində Qarabağ və Şərqi Zəngəzur ən inkişaf etmiş bölgəyə çevrilməkdədir. Azərbaycan heç bir yerdən yardım almadan, öz maliyyə imkanları hesabına Böyük Qayıdış Proqramını uğurla icra edir. Abadlaşan kənd şəhərlər, öz dədə-baba yurduna qayıdan soydaşlarımız, bir sözlə, bölgə 30 illik işğalın fəsadlarından təmizlənməkdədir. Təsadüfi deyil ki, 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlqoymasında şəxsən Prezident İlham Əliyev iştirak edib. Baş planlar hazırlanıb təsdiqlənib, bir çox yerlərdə fəal inşaat işləri aparılır. Dövlət başçımızın da söylədiyi kimi, ilk növbədə, infrastruktur layihələri icra olunur. Çünki bu layihələr icra edilmədən biz vətəndaşları qaytara bilmərik. Cəmi 8 ay ərzində Laçın şəhərinin böyük hissəsinin tamamilə bərpa edilməsi, yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanması əsl nümunədir. Ölkə başçısı bir daha bəyan etdi ki, Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq. Ümumiyyətlə, Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Bu, bərpa prosesinin miqyasının böyüklüyünü göstərir. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin olunacaq. Eyni zamanda bərpa prosesi zamanı tarixi-mədəni irsin mühafizəsinə xüsusi diqqət yetirilməsi təqdirəlayiq haldır. Belə ki, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən işlər xüsusi əhəmiyyət kəsb edir. Bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun bərpası bu gün əsas prioritetdir. Amma bununla paralel olaraq, Prezident İlham Əliyev bütün ölkədə infrastruktur layihələrinin reallaşdırılmasını diqqətdə saxlayır. Bütün ərazilərin sosial-iqtisadi inkişafı təmin olunur. Bu ilin 6 ayının yekunları da göstərir ki, Azərbaycan qarşıya qoyduğu hədəflərə çatır.
Müşavirdə diqqət çəkən məqamlardan biri də cənab Prezidentin Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələrə münasibət bildirməsi oldu. Ölkə başçısı bir daha bəyan etdi ki, əhalinin sağlanlığının qorunması dövlət strategiyasıdır, dövlət öz vətəndaşlarının sağlamlığının və həyatlarının qorunmasını daim diqqət mərkəzində saxlanılır və vətəndaşların qeydinə qalır. Həmçinin ölkə başçısı bildirib ki, ölkəmizin böyük hissəsinin rəsmi olaraq “yaşıl enerji” zonası elan edilməsi fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. Prezident vətəndaşların qanuna tabe olmasının vacibliyi, polisə daş atmağın heç kimə şərəf gətirmədiyini və bu məsələdə qanunsuzluğa yol verənlərin cəzalandıralacağını deməklə yanaşı, həm də aidiyyəti qurumlara və Azərbaycana investisiya yatırıb qeyri-qanuni əməllərə imza atanlara xəbərdarlıq da etdi.
Təbiətimiz məhv olunması və insanların örüş, otlaq sahələrinin zəbt edilməsinin yolverilməz olduğunu deyən president Ekologiya Nazirliyinə iradlarını da çatdırdı. “Mən demişəm, gedin orada camaatla danışın, o torpağın, havanın nümunələrini götürün, beynəlxalq ekspertləri cəlb edin ki, - çünki nazirlik bir halda bu hadisənin səbəbkarı olub, ola bilər ki, işi malalasın, - onlar rəy versinlər, bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir, ya zərərli deyil? Bu günə qədər cavab yoxdur”.
Prezidentin bu xəbərdarlığından əslində hər kəsin ciddi nəticə çıxarması lazımdır. Həm polisə daş atan vətəndaşın, həm ayrı-ayrı dövlət qurumlarımızın, həm də Azərbaycanda iqtisadi fəaliyyətlə məşğul olan ayrı-ayrı xarici şirkətlərin. Bu, təkcə Söyüdlüdəki qızıl yataqlarının istismarına aid məsələ deyil. Digər məsələlərdə də şəffaf işləmək hər bir qurumun borcudur. Son müşavirə bir daha göstərdi ki, vətəndaşımızın təhlükəsizliyi və sağlamlığı etibarlı əllərdədir.”
Anar Əliyev