Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Moskva açıq şəkildə Qarabağdakı separatçılara dəstək verir-DEPUTAT

Moskva açıq şəkildə Qarabağdakı separatçılara dəstək verir-DEPUTAT


“Masada iki format mövcuddur. Birincisi, ABŞ-ın rəhbərlik etdiyi, Avropa İttifaqının da iştirak etdiyi Brüssel formatı – bu, kollektiv Qərbin təklifi və vasitəçiliyi ilə aparılan danışıqlardır. İkincisi, Rusiyanın vasitəçiliyi ilə daha əvvəl başlanmış format. Bu iki variantdan, təbii ki, bizim üçün daha məqbul sayılan Brüssel formatıdır. İyulun 15-də cənab Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşün nəticələrinə uyğun olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bəyanatla çıxış etdi. Bəyanatda bir neçə müsbət məqamlar diqqət çəkir. Başlıca olaraq tərəflərin bir-birilərinin ərazi bütövlüyünü tanımaları ilə bağlı siyasi iradə nümayiş etdirmələri, sülh sazişinin imzalanması istiqamətində görüləcək işlərlə bağlı sərhədlərin delimitasiya və demarkasiyası, qeyri-qanuni erməni silahlılarının Qarabağdan çıxarılması, təsadüf nəticəsində azmış əsir hərbçilərin öz ölkələrinə qaytarılması, kommunikasiyaların açılması, eyni zamanda Qərbi Azərbaycan İcmasının Ermənistana qayıdışı məsələləri müzakirə olundu. Əfsus ki, yenə də sülh müqaviləsinin imzalanmasından söhbət getmir. Bunun üçün yeni görüşlərin keçirilməsi nəzərdə tutulur. Payızda dövlət başçılarının növbəti görüşü planlaşdırılır…”

Newscenter.az xəbər verir ki, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev deyib.

Deputat vurğulayıb ki, Brüsselin vasitəçiliyi ilə aparılan danışıqlar Rusiyanı qıcıqlandırır: “Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı açıq şəkildə bir daha göstərir ki, Moskva bölgədə sülh istəmir. Baxmayaraq ki, Moskva indiyə qədər müəyyən sülh danışıqlarından bəhs edirdi, ancaq çox təəssüf, Rusiya XİN-nin bəyanatı bu dövlətin Cənubi Qafqaz siyasətinin dəyişməz olduğunu göstərir. Açıq şəkildə bəyan edilir ki, hətta Ermənistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcəksə belə, Rusiyanın bölgədə maraqları fərqlidir və bu maraqlarından əl çəkmək fikrində deyil”.

N.Məhəməliyev bildirib ki, son günlər Qarabağda-Xankəndində təşkil olunmuş mitinqlər, kütləvi nümayişlər Rusiyanın təhriki ilə baş verir: “Moskva açıq şəkildə Qarabağdakı separatçılara dəstək verir, onları yenidən 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərinə qaytarmağı düşünür. Bu da çox təhlükəli haldır. Biz də buna uyğun öz siyasətimizi aparmalıyıq. Ümumilikdə, Brüssel görüşünün bəzi müsbət məqamlarla yadda qaldığını demək olar. Amma əfsus ki, geosiyasi beynəlxalq şərait hələ sülh müqaviləsinin imzalanması üçün yetişmir. Təbii ki, sülh prosesi uzanacaq, çünki Ermənistanın daxilində də kifayət qədər radikal mövqeli qüvvələr var. Ələlxüsus keçmiş “Qarabağ klanı”nı təmsil edən qüvvələr Paşinyana qarşı düşmən mövqedədirlər və bütün uğursuzluqlarında Paşinyanı günahlandırırlar. Yəni bu, tək Rusiya ilə bağlı məsələ deyil, eyni zamanda Ermənsitan cəmiyyətində erməni diasporuna bağlı kifayət qədər aqressiv təbəqə var. Onlar Azərbaycanla sülh müqaviləsinin imzalanmasını heç cür arzulamırlar”.(pravda.az)
Xəbəri paylaş