Ukrayna iyunun 4-dən əks hücum əməliyyatına başladığını bildirsə də, lakin ötən müddət ərzində Kiyev hərb cəbhəsində o qədər də ciddi nəticələrə nail olmayıb. Baxmayaraq ki, hər ötən gün Amerika və Avropanın Ukraynaya hərbi yardımları artır. Bəs, bunun qarşılığında Ukrayna ordusunun ciddi nəticələr əldə edə bilməməsi nə ilə bağlıdır?
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, Ukrayna silahlı qüvvələrinin uzun zamandır gözlənilən əks-hücum əməliyyatlarının başlanılması faktı ciddi təsdiq olunmasa da, bu hücumun uzun müddətdir davam etdiyi məlumdur:
"Rusiya geri çəkilib ciddi müdafiə istehkamları qurub, sahələri minalayıb. Ukrayna ordusu da bu istehkamları ciddi itkilər və kiçik məsafələr hesabına dəf etməyə çalışır. Müəyyən yerlərdə irəliləyişlər vardır, amma ciddi uğurlar nəzərə çarpmır".
Politoloq daha sonra bunları qeyd edib:
"Məsələ ondadır ki, Qərbin verdiyi silah-sursat deyildiyi kimi lazımı qədər olsa da, havada Ukraynanın zəif olduğu qeyd edilir. Bunun üçün də F-16 qırıcılarının verilməsi planlaşdırılır və hazırlıq gedir".
Azər Qasımov bildirib ki, Rusiya müdafiə cəbhəsinin tezliklə yarılmasını gözləmək sadəlövhlük olardı:
"Tək Zaporoje istiqamətində 180 min rus əsgərinin olduğu deyilir. Ukrayna ordusu xırda qruplarla hücum taktikasını seçib. Hər gün metr-metr irəliləyir. Böyük ehtimalla, Ukrayna ordusu rəhbərliyi itkilərin artmaması üçün bu yolu seçib".
Politoloq hesab edir ki, Qərb alyansı da ciddi silahları hissə-hissə verir:
"Görünən odur ki, müharibənin uzanmasında maraqlıdır. Bu, tükətici və yorucu müharibədə məqsəd Rusiyanı tamamı ilə gücdən salmaqdır.
Hesab edirəm ki, Ukrayna ordusunun son və qəti hücumu hələ irəlidədir. Elə bir məqam çatacaq ki, Rusiya ordusunun müdafiəsi bir anın içərisində dağılacaq. Rusiya elə bataqlığa düşüb ki, hər çabalayanda daha da batır. Odur ki, hər şeyi zaman həll edəcək".
Anar Əliyev