Bu gün Milli mətbuatımızın yaranmasının 148-ci ilini qeyd etməyimiz ölkəmiz üçün, tariximiz üçün olduqca əlamətdar hadisədir. Üç əsrə işıq saçan, körpü salan, köklü ənənələri olan milli mətbuatımızın keçib gəldiyi şərəfli yolla gerçəkdən də qürur duyuruq. “Əkinçi” ilə təməli qoyulan, "Ziya" (1879), "Kəşkül" (1880), "Kaspi" (XIX əsrin 80-90-cı illəri), "Molla Nəsrəddin" (1906), "Şərqi-rus" (1903), "Həyat" (1905), "Açıq söz" (1915), "Azərbaycan" (1918) və s. kimi milli qayəli qəzetlər və dərgilərlə böyük bir inkişaf yolu keçən mətbuatımızın tarixi olduqca zəngindir.
Azərbaycan mətbuatı son 3 əsrdə həqiqətən də çox keşməkeşli, lakin nümunəvi tarixi yol keçib. Bu yol birmənalı olaraq inkişafa, işıqlı gələcəyə hesablanmış bir yoldur. 148 illik uzun və dinamik bir inkişaf yolu keçmiş milli mətbuatımız bu gün özünün ən məsuliyyətli və dəyişkən bir mərhələsini yaşayır. İnformasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, sosial medianın ciddi rəqabət mühiti yaratdığı, süni intellektin aparıcı rol almağa başladığı hazırkı dövrdə Azərbaycan mətbuatının zamanın tələbləri ilə ayaqlaşması və Azərbaycan reallıqlarının istər yerli yerli auditoriyaya, istərsə də beynəlxalq ictimaiyyətə operativ və peşəkar formada çatdırılması ənənəvi mətbuatımız üçün getdikcə daha vacib məsələyə çevrilir.
Bəli, son 148 il ərzində milli mətbuatımızın özünəməxsus ənənələri formalaşıb. Lakin mətbuatımızın missiyası və hədəfləri zaman-zaman dəyişib. Bu da təbiidir. 100 il bundan əvvəlki Azərbaycan mətbuatının əsas görəvi maarifçilik və milli mücadilə idisə, çağdaş mediamızın başlıca missiyası isə qlobalizm və modernləşmə erasında milli-mənəvi dəyərlərin qorunması və təbliği, milli birlik və həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycana qarşı aparılan informasiya müharibəsinin neytrallaşdırılması, bizi əhatə edən bəzi ölkələrin dezinformasiyalarına və ideoloji hücumlarına qarşı effektiv mübarizənin təşkil edilməsi istiqamətində müntəzəm iş aparmaqdır. Bu da mühüm bir cəbhədir.
44 günlük müharibədə əldə etdiyimiz Zəfərdən sonra hərb meydanında nisbi sakitlik bərqərar olub, lakin mətbuatımız isə ciddi çağırışlarla, yeni mübarizə reallıqları ilə üzləşməkdədir. Bu mənada, indi milli mətbuatımızın qarşısında daha mühüm vəifələr durur. Biz inanırıq ki, “Əkinçi” ruhunu yaşadan müasir mətbuatımız Prezident İlham Əliyevin ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, Qarabağda separatçılıq hərəkətlərinə son qoyulması, ölkəmizin suverenliyinin möhkəmləndirilməsi istiqamətində apardığı işlərə də öz layiqli töhfəsini verəcək və Cənubi Qafqazda cərəyan edən proseslərə təsir gücünü artıracaq. Bu gün Azərbaycan mediasının uğurlu perspektivləri haqda nikbin düşünməyimiz üçün hər cürə əsaslarımız var. Cənab Prezidentin Şuşada keçirilən Qlobal Media Forumunda çıxışı zamanı səsləndirdiyi fikirlər mediamız üçün yeni üfüqlər açır.
Mən fürsətdən istifadə edib jurnalist dostlarımızı, bütün media mənsublarını peşə bayramları münasibətilə ürəkdən təbrik edirəm, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram. Mətbuat Gününüz mübarək olsun!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri