“İrəvan hələ Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin mövcud olduğu ötən 30 ildə həmişə destruktiv mövqe sərgiləyib. Bunun də nəticəsi olaraq danışıqlarda heç bir müsbət irəliləyiş əldə olunmayıb. Son illərdə isə faktiki olaraq dalana dirənib. Təbii ki, Ermənistanın pozucu və təxribatçı addımlarına keçmiş ATƏT Minsk Qrupunun həmsədr ölkələri də münbit şərait yaradırdı. Nəhayət Azərbaycan tərəfinin səbri tükənib öz problemini özü həll etdi”.
Bu fikirləri Newscenter.az-a AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, Azərbaycan təkcə uzun illər düyünə düşmüş problemini deyil, həm də pozulmuş beynəlxalq hüquq normalarını və BMT kimi nüfuzlu təşkilatın qəbul etdiyi 4 qətnaməni icraya məcbur etdi:
“44 günlük şanlı qələbədən sonra Azərbaycan regionda yeni reallıqlar yaratdı. Qalib ölkə kimi şərtləri biz diktə etsək də, Ermənistan Rusiya və Fransa kimi havadarlarının fəal dəstəyi ilə hələ ki, sülh prosesindən və münasibətlərin normallaşdırılmasından, həmçinin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsindən yayınır”.
Əli Oruclu deyib ki, rəsmi İrəvan müxtəlif bəhanələrlə və hər dəfə qəbul edilməz şərtlərlə prosesi pozaraq vaxt udmaqla, Rusiya-Ukrayna, Rusiya-Qərb qarşıdurmasının nəticələrini gözləyi:
“Hesab edirəm ki, münasibətlərin normallaşması və sülh sazişinin imzalanması üçün Türkiyənin konkret vaxt təyini barədə mövqeyi dəstəklənməlidir. Bunun üçün təkcə diplomatiya deyil, güc amilindən də istifadə etmək lazımdır. Ermənistan münasibətlərin normallaşdırılması üçün irəli sürdüyü Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinə beynəlxalq mexanizmlərin cəlbi, Laçın dəhlizinin nəzarətsiz qalması, yəni Azərbaycanın Nəzarət Buraxılış Məntəqəsini ləğv etməsini, qoşunlarını sərhəddən geri çəkilməsi şərtləri rəsmi Bakı tərəfindən haqlı olaraq rədd edilir. Əslində bu cür şərt münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqları sabotaj etməkdir”.
AMİP rəsmisi hesab edirəm ki Azərbaycan və Ermənistan liderlərinin Aİ şurasının təşəbbüsü və moderatorluğu ilə keçirdiyi müxtəlif formatlı 6 görüşünə baxmayaraq hələ də Ermənistanın ucbatından ciddi irəliləyiş əldə etmək mümkün olmayıb:
“Azərbaycanın sülh gündəliyi açıqdır. Prezident İ.Əliyev də dəfələrlə aydın şəkildə Azərbaycanın qəti mövqeyini ifadə edib. Azərbaycan bütünlükdə Cənubi Qafqazın sülh və təhlükəsizlik bölgəsinə çevrilməsində israrlıdır. Təəssüflər olsun ki, Ermənistan bir gerçəyi anlamaq istəmir ki, xarici güclərin maşasıdırlar və bundan da özləri əziyyət çəkirlər. Məncə Ermənistanla yaxın dövr üçün sülh barədə razılaşma əldə olunacağı inandırıcı deyil. Bunun üçün Azərbaycan məcburetmə və təsiretmə ricaqlarından istifadə etməli, hücum diplomatiyas həyata keçirilməlidir. Təcrübə göstərdi ki, vasitəçilərin və görüşlərin sayının çox olmasına baxmayaraq Azərbaycan öz məsələsini özü həll etməlidir”.
Anar Əliyev