Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mehriban dostluq və qardaşlıq münasibətləri

Mehriban dostluq və qardaşlıq münasibətləri


Azərbaycanın dünyanın bir çox dövlətləri ilə xüsusilə Türk dövlətləri ilə dostluq,qardaşlıq və sıx əməkdaşlıq əlaqələri vardır. Eyni zamanda Türk Dövlətləri Təşkilatının üzvləri olan Azərbaycan ilə Qazaxıstan münasibətlərinin yüksək səviyyədə olması bütün dünya dövlətləri üçün örnək nümunədir. Məlum olduğu kimi hər iki xalq- azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə və ənənələrə malikdirlər. Bununla yanaşı xalqlarımızın dili və dini də eynidir. Azərbaycan və Qazaxıstanın əlaqələri beynəlxalq təşkilatlar Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində də mövcuddur. Azərbaycan Prezidentinin eləcə də Qazaxıstan Prezidentinin ölkələrimizə qarşılıqlı və müntəzəm səfərlər etməsi, eyni mövqedən fikirlər səsləndirməsi həm dövlətlərimiz, həm də bütün türk dünyası adına təqdirəlayiq hadisədir. Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a eksklüziv müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhs edib.
Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün və məqsədyönlü xarici siyasət kursu dövlətimizin və xalqımızın milli maraqlarına xidmət edir. Bununla yanaşı qeyd etmək lazımdır ki, düzgün xarici siyasət Azərbaycanın həm türk dünyasında, həm də ümumilikdə beynəlxalq müstəvidə nüfuzunu artırıb. Möhtərəm Prezident son 3 il ərzində Qazaxıstana 7 dəfə səfər edib. Bu möhkəm dostluq və qardaşlığın bariz nümunəsidir.
Ölkə Prezidenti cənab İlham Əliyev “Kazinform”a müsahibəsində məzmunlu və geniş nitqi ilə tarixi həqiqətləri diqqətə çatdırıb. Xüsusilə qeyd olunub ki, biz ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası - təqribən 170 sənəd işləyib hazırlamışıq, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaratmışıq.
Məlum olduğu kimi Qazaxıstan dövləti tərəfindən Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi tikilmişdir. 2022-ci ildə Aktauda Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən Orta Dəhlizin inkişafı və istismarı üzrə “2022–2027-ci illər üçün Yol Xəritəsi” imzalanıb. Sənəd üç ölkənin nəqliyyat-logistika infrastrukturunun sinxron inkişafını, əməliyyatların optimallaşdırılmasını, əlavə yük axınının cəlb edilməsini, vahid tarif siyasətinin həyata keçirilməsini, logistika mərkəzləri şəbəkəsinin inkişafını nəzərdə tutur. 2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Bütün bunlar-həyata keçirilən mühüm tədbirlər, beynəlxalq müstəvidə eyni mövqedən çıxış etmək, qarşılıqlı səfərlər və nəhayət dövlət və xalq səviyyəsindəki yaxınlığımız bizim səmimi ələqələrimizin və birliyimizin daha da güclənməsinə xidmət edir.
Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri
Xəbəri paylaş