QHT-lərin Əməkdaşlıq Forumu: Vətəndaş cəmiyyətinin Qarabağa qayıdışının rəmzi
Tarix: Bu gün, 13:04
Azərbaycanda vətəndaş cəmiyyəti sektoru yeni mərhələyə qədəm qoyub. Son on illərə qədər passiv, yalnız xarici donorlardan asılı vəziyyətdə olan, Azərbaycan cəmiyyətindən daha çox donor təşkilat və dövlətlərin maraqlarına xidmət edən qeyri-hökumət təşkilatları artıq bu asılılıqdan qurtulub. Dövlətin vətəndaş cəmiyyətinə göstərdiyi diqqət və qayğı, onun inkişafına yönəlik addımları bu sahənin inkişafına öz müsbət təsirini göstərib.
İndi artıq Azərbaycanın qeyri-hökumət təşkilatları yerli deyil, beynəlxalq səviyyədə də fəaldır, aktivdir, eyni zamanda təşəbbüskardır. Ən yaxın tariximizdə şahidi olduğumuz COP29 təcrübəsi buna əyani sübutdur.
Qeyd etdiyimiz kimi bu müsbət tendensiyanın baş verməsində QHT sektoruna yönəlik addımlar, bu sahənin inkişafına xidmət edən amillər rol oynayır. Müntəzəm olaraq QHT-lərin təcrübə mübadiləsi, onların peşəkarlığı və aktivliyinin artırılması məqsədilə keçirilən görüşlər, mübadilə proqramları, forum və konfranslar bu sahədə mühüm rol oynayır. Bu mənada sayca üçüncü dəfə keçirilən QHT-lərin Əməkdaşlıq Forumu da olduqca əhəmiyyətlidir.
Yaxın tarixə nəzər salaraq deyə bilərik ki, Azərbaycan uzun illər ərzində ərazi bütövlüyünü bərpa etmək uğrunda apardığı mübarizəni 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri ilə başa çatdırdı. Artıq ölkənin bütün əraziləri üzərində tam suverenlik bərpa olunub. Bu mərhələdən sonra əsas vəzifə Qarabağ bölgəsinin sosial, iqtisadi və ictimai-siyasi həyatla inteqrasiyasıdır. Bu inteqrasiya prosesi təkcə dövlət qurumlarının deyil, həm də ictimai təşkilatların – xüsusilə qeyri-hökumət təşkilatlarının (QHT) fəal iştirakı ilə mümkündür.
Belə bir şəraitdə Xankəndidə QHT-lərin Əməkdaşlıq Forumunun keçirilməsi mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir. Bu forum həm Azərbaycan cəmiyyətində, həm də beynəlxalq müstəvidə bir sıra ciddi mesajlar daşıyır. Ən başlıcası isə, vətəndaş cəmiyyətinin Qarabağa qayıdışının rəmzi kimi çıxış edir.
Azərbaycanın bölgədə bərpa və reinteqrasiya işlərini aparıcı ictimai institutlar vasitəsilə həyata keçirməsi, xaricdə bəzi dairələrin irəli sürdüyü təbliğata cavab rolunu da oynayır.
Xankəndidə keçirilən QHT-lərin Əməkdaşlıq Forumu təkcə vətəndaş cəmiyyəti üçün bir görüş yeri deyil, həm də Azərbaycanın Qarabağda sülh, inkişaf və birgə yaşayış prinsiplərinə əsaslanan gələcək vizyonunun ifadəsidir. Bu cür tədbirlər bölgədə davamlı sabitliyə və sosial-iqtisadi inkişafın sürətlənməsinə xidmət edir.
Bildyimiz kimi, Qarabağda, o cümlədən Xankəndidə sülh və sabitliyin bərqərar olunması, dövlətimizin siyasi iradəsinin və xalqımızın birliyinin nəticəsidir. Bu forum bir daha göstərir ki, artıq Qarabağda münaqişə yox, inkişaf, bərpa və əməkdaşlıq var.
Xankəndidə QHT-lərin toplaşması isə bölgədə sülh quruculuğuna və reinteqrasiya prosesinə vətəndaş cəmiyyətinin prosesə verdiyi dəstəyi əyani şəkildə nümayiş etdirir.
Eyni zamanda, bu tədbir Azərbaycanın dünyaya ünvanladığı açıq bir mesajdır ki, biz münaqişəni geridə qoymuşuq, indi isə bölgədə birlik, rifah və inkişaf dövrü başlayıb. Vətəndaş cəmiyyətinin bu prosesdə fəal iştirakı, bölgədə sabit və sağlam ictimai münasibətlərin qurulmasına böyük töhfə verəcəkdir.
Unutmayaq ki, vətəndaş cəmiyyəti olmadan dayanıqlı inkişaf mümkün deyil. Qarabağda cəmiyyətin bütün təbəqələrinin səsinə qulaq asmaq, onların ehtiyac və təkliflərini dinləmək vacibdir. Bu baxımdan, QHT-lərin iştirakı ilə keçirilən forumlar, təkcə rəsmi siyasətin yox, həm də xalqın iradəsinin ifadəsidir.
Qarabağ bölgəsi uzun illər ərzində müharibə və gərginlik şəraitində olduğundan, burada sosial-psixoloji bərpa işləri mühüm rol oynayır. Məhz QHT-lərin bu sahədə fəaliyyəti – sosial layihələr, təhsil təşəbbüsləri, mədəni tədbirlər və insan hüquqları üzrə maarifləndirmə işləri – əhalinin cəmiyyətə adaptasiyasına kömək edə bilər.
Eyni zamanda, QHT-lər forum vasitəsilə yerli problemlərin daha dərindən araşdırılması və həlli üçün çevik və operativ vasitə rolunu oynaya bilər. Onlar dövlət strukturlarının çatmadığı yerlərdə boşluqları doldura, yerli icmalarla birbaşa ünsiyyət quraraq real ehtiyaclara uyğun fəaliyyət göstərə bilirlər.
Forumun “Əməkdaşlıq” adı da təsadüfi seçilməyib. Bu, QHT-lər arasında şəbəkələşməni gücləndirmək, resurs və təcrübə mübadiləsi aparmaq, eyni zamanda regionda reinteqrasiyanı sürətləndirmək üçün mühüm platformadır. Xankəndidə keçirilən forum, regionun artıq yalnız münaqişə məkanı deyil, həm də əməkdaşlıq və birgə inkişaf sahəsi olduğunu göstərir.
QHT-lərin Xankəndidə keçirilən Əməkdaşlıq Forumu Azərbaycan vətəndaş cəmiyyətinin tarixində mühüm bir dönüş nöqtəsidir. Bu forum təkcə bir tədbir deyil – o, Qarabağın yeni dövrünün başlanğıcının, əməkdaşlıq və birliyin rəmzidir.
Süleyman İsmayılbəyli